Süni tənəffüs aparatları 5 koronavirus xəstəsinin ölümünə səbəb oldu – Günün təzadları

18:13 13.05.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Mayın 12-də Sankt-Peterburq və mayın 9-da Moskva xəstəxanalarında yanğına səbəb olan “Aventa-M” süni nəfəs aparatlarının eyni müəssisədə – Ural Cihaz İstehsalı Zavodunda hazırlandığı bəlli oldu. Hafta.az yazır ki, mayın 12-də Sankt-Peterburqdakı “Müqəddəs Georgi” xəstəxanasının reanimasiya şöbəsində yanğın zamanı koronavirus infeksiyasından müalicə olunan 5 nəfər həlak olub. İlkin araşdırmalar nəticəsində yanğına “Aventa-M” süni nəfəs aparatlarında qısa qapanmanın səbəb olduğu aşkarlanıb. Mayın 9-da isə Moskva xəstəxanasında həmin səbəbdən bir koronavirus xəstəsi ölüb. Hər iki faciəyə səbəb olan aparatların Ural zavodunda istehsal edildiyi məlum olub.

Qeyd edək ki, Rusiya koronavirus pandemiyası ilə əlaqədar “Aventa-M” aparatlarını yardım məqsədilə ABŞ-a da göndərmişdi. Süni nəfəs aparatları aprelin əvvəllərində Nyu-York və Nyu-Cersi ştatlarına gətirilib. O zaman bu iki ştatda koronavirusla bağlı epidemioloji vəziyyətin necə inkişaf edəcəyi məlum deyildi. Sonradan infeksiyanın yayılmasında geriləmə müşahidə edildiyi üçün Rusiya cihazlarından istifadəyə ehtiyac qalmayıb. Hazırda ABŞ hakimiyyəti Rusiyanın bu ölkəyə göndərdiyi “Aventa-M” aparatlarının geri qaytarılması məsələsini müzakirə edir.

 

Azərbaycanda yüksək vəzifədə olmuş şəxs koronavirusdan öldü

Azərbaycan Güləş Federasiyasının sabiq vitse-prezidenti Maqomed Aliomarov 67 yaşında vəfat etdi. Hafta.az-ın yazdığına görə, bunu Rusiya İdman Güləşi Federasiyasının prezidenti Mixail Mamiaşvili açıqlayıb. O bildirib ki, qadınlardan ibarət Rusiya millisinin çalışdırıcısı koronavirusun səbəb olduğu xəstəlikdən ölüb:

“Bəli, koronavirus. İnanmaq istəmirəm. O qədər planlar, o qədər vəzifələr, o qədər enerji var idi. O, ətrafında bütün qızları toplamışdı”.

Qeyd edək ki, mütəxəssis 2011-15-ci illərdə qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi olub. 2015-18-ci illərdə isə AGF-in vitse-prezidenti vəzifəsini icra edib. 2019-cu ildən Rusiya yığmasını çalışdırırdı.

 

 

Məşhur bloger ad günündə avto-qəzada həlak oldu

Populyar amerikalı bloqer Corey La Barrie 25 yaşını qeyd etdiyi gün dünyasını dəyişdi.

Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, Corey mayın 10-da Los-Ancelesdə qəzaya düşüb. TV ulduzu Daniel Silvanın idarə etdiyi "Mclaren" avtomobil əvvəlcə yol nişanına, daha sonra ağaca çırpılıb. Qəza nəticəsində sürücü yaralanıb, La Barrie dünyasını dəyişib.

Məlum olub ki, sürücü sərxoş halda avtomobili idarə edib. O, qəsdən adamöldürmədə şübhəli bilinərək həbs olunub.

 

Yasamalda  kişi 20 manata görə bıçaqlandı

Bakıda pula görə bıçaqlanma hadisəsi baş verdi. Hafta.az xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb. 3 nəfər naməlum şəxs Bakı şəhər sakini O.Həsənovla mübahisə edərək onun çiyin nahiyəsinə bıçaqla xəsarət yetirib və 20 manat pulunu alaraq hadisə yerindən uzaqlaşıblar. O.Həsənov xəstəxanaya yerləşdirilib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinənlər - paytaxt sakinləri T.Yusubov və Z.Abbasov saxlanıblar. Yasamal RPİ tərəfindən araşdırma aparılır.

 

İmişlidə şirkət rəhbərinin ofisindən tüfəng oğurlandı

İmişlidə şirkətdə oğurluq hadisəsi baş verdi. Hafta.az yazır ki, “Report”un xəbərinə görə, “İmişli Quşçuluq” MMC-nin rəhbəri Əlif Heydərova məxsus “MLS 2121” markalı ov tüfəngi oğurlanıb. Oğurluq hadisəsi onun ofisində qeydə alınıb. Daha sonra şirkət rəhbəri bu barədə hüquq-mühafizə orqanlarına müraciət edib. Faktla bağlı araşdırma aparılır.

 

Oxunma sayı 431