Şuşada "andiçmə" mərasimi Paşinyanın həyasızlığının pik nöqtəsidir - Millət vəkili sərt danışdı

13:31 21.05.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

“Dağlıq Qarabağdakı separatçı qurumun “rəhbərinin” Xankəndində yox, Şuşada “andiçmə”sinin keçirilməsinə və Ermənistanın baş naziri Nikol Paşinyanın burada iştirakına cavab verməyin yeganə bir yolu var. Bu gün Şuşa oraya yığışan ermənilərin qanına bələnməlidir. Mən belə hesab edirəm. Bu gün Azərbaycan Ordusu özünün imkanlarından istifadə edib Paşinyanqarışıq oraya yığışan bütün erməniləri məhv etməlidir”.

Bunu hafta.az-a açıqlamasında millət vəkili Elman Məmmədov deyib. Millət vəkili bildirib ki, bu, artıq Ermənistanın baş nazirinin və onun havadarlarının, eləcə də separatçıların timsalında həyasızızlığın, saymazlığın pik nöqtəsidir: “Nikol Paşinyan bir şərh verib. Həmin şərhində deyir ki, xalq müharibə yolu ilə itirdiyi torpaqları dilənməklə geri qaytarmamalıdır. Savaşaraq torpaqlarını geri almalıdır –deyir. Bildirir ki, onlar Azərbaycan torpaqlarını müharibə yolu ilə alıblar. Söyləyir ki, ala bilirlərsə, gəlib torpaqlarını alsınlar. Bu o deməkdir ki, düşmən bizə meydan oxuyur. Düşmən bizim zəif olduğumuz dövrdə məlum qüvvələrin, dövlətlərin köməyi ilə işğal edib. Ancaq bu gün biz zəif deyilik. Hazırda güclü Azərbaycan dövləti var. Güclü orduya sahibik. Ordumuz bu gün çox yüksək səviyyəli döyüş qabiliyyətinə malikdir. Buna görə də düşmənin nazı ilə oynamaq, onların hər yaramaz hərəkətlərinə bəyanatla, nota ilə, etirazla cavab vermək vaxtı çoxdan keçib. Bu gün Azərbaycan Ordusu düşməni məhv edib ərazilərimizi geri qaytarmalıdır. Ərazi bütövlüyümüz təmin olunmalıdır”.

Millət vəkili bildirib ki, bu illər ərzində beynəlxalq qurumların Azərbaycana verdiyi məsləhətlərin məzmunu dəyişməyib: “1993-94-cü illərdən bu günə qədər həmin beynəlxalq qurumlar - başda Birləşmiş Millətlər Təşkilatı, ATƏT və başqaları olmaqla  - həmsədr dövlətlər bu 27-28 il ərzində ancaq bizə bir məsləhət verirlər. Deyirlər ki, müharibə etmək lazım deyil. Bunun müharibə yolu ilə həlli yoxdur. Münaqişənin sülh və danışıqlar yolu ilə həll olunmasını istəyirlər. Hesab edirəm ki, bizə bu məsləhəti verən beynəlxalq qurumlar və dövlətlər ermənilərin yanında olan və Ermənistanı müdafiə edənlərdir. Bunlar vaxtaşırı boğazdanyuxarı bəyanatlar verirlər. Azərbaycanla əməkdaşlıq etdiklərini deyirlər. Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşırıq – fikrini səsləndirirlər. Mən də deyirəm ki, yalançıya Allah nəhlət eləsin. Əgər siz Azərbaycanın ərazisinə hörmətlə yanaşırsınızsa, 30 ildən artıqdır ki, sizin vaxtilə etdiyiniz köməklə Azərbaycanın ərazi bütövlüyü pozulub. Bu gündə torpaqlarımızın işğal altında qalmasının, ərazi bütövlüyümüzün pozulmasının müdafiəçilərisiniz. Kim ki, bizə o məsləhəti verirsə, mən onu da ermənipərəst düşmən hesab edirəm. Ermənilərin yaramazlığının, fitnəkarlığının, işğala son qoymalarının bircə yolu var, hərbi gücümüzü tətbiq edib, ərazilərimizi düşməndən azad eləməliyik. Ərazi bütövlüyümüz təmin olunmalıdır. Vəssalam, başqa yol yoxdur. Əgər biz bunu eləməsək, baş verənlərə son qoya bilməyəcəyik. 1991-ci ildən bu yana – Dağlıq Qarabağda qondarma qurum yarandığı gündən Ermənistanın rəhbərləri oraya istədikləri kimi gedib-gəlirlər. Biz bunun qarşısını almalıyıq. Son qoymalıyıq. Bunun da yeganə yolu Azərbaycan Ordusunun zəfər yürüşüdür. Bu günlərdə ordumuzun çox yüksək səviyyədə təlimləri keçirilir. Çox istərdim ki, həmin təlimlərin torpaqlarımızın azad edilməsi üçün hərbi əməliyyatlara çevrildiyini eşidək. Mənim kimi düşünənlərin hamısı bunu gözləyir”.

Oxunma sayı 526
Siyasət rubrikasından digər xəbərlər