Süveyş böhranı və Misir xalqının böyük qələbəsi

16:40 26.07.2019 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Bu gün dünya tarixində ən vacib hadisələrdən biri baş verib – Süveyş kanalı Misir hökuməti tərəfindən milliləşdirilib. O kanal ki, Misir xalqının milli sərvəti olsa da, dövrünün supergücləri olan ölkələrin arzularını gözlərində qoyub və nəticədə sahiblik hüquqlarını əldə etmək üçün hətta top-tüfənglərinin Nilin deltasına töküblər. Bəhanələri də bu olub ki, kanalı onlar tikib, onların da nəzarətində qalmalıdır…

Əslində Aralıq dənizini Qırmızı dənizə birləşdirmək fikri heç avropalılardan gəlməyib, tarixi mənbələrə əsasən hətta qədim fironların zamanında da olub. Mənbələrə görə firon II Ramzes belə bir kanal tikdirib, amma sonrakı minillər ərzində baxımsızlıqdan qumla dolaraq sıradan çıxıb. Bu kanal Roma imperiyası və İslam xilafəti dövründə də fərqli tarixlərdə təmir edilərək istifadə olunub. Sonuncu təmir işləri xəlifə Ömərin əmrinə əsasən Misir valisi Amr bin As tərəfindən aparılıb və VIII əsrədək gəmilərin keçidi olub.

XVI əsrdə Osmanlı imperiyasının Sədrəzmi Sokullu Məhmət Paşa və dəniz işləri üzrə köməkçisi Kılıç Əli Paşa da Aralıq dənizini Qırmızı dənizə bağlayan bir kanal tikmək istəyiblər, amma müəyyən səbəblərdən tikə bilməyiblər. Son belə bir layihə barədə Napoleon Bonapart Misiri işğal edəndən sonra düşünməyə başlayıb, amma Qırmızı dəniz Aralıq dənizindən 10 metr hündür olduğu üçün bu fikirdən vaz keçib. Nəhayət, Süveyş kanalının inşasına Osmanlı imperiyasının Misirdəki valisi Said Paşa zamanında - 25 aprel 1859-cu ildə Fransa şirkətlərindən biri tərəfindən başlanılıb və vali İsmayıl Paşa zamanında (1869-cu ildə) tamamlanıb. Qəribədir ki, Süveyş kanalının açılmasına qarşı çıxan İngiltərə 1882-ci ildə Misiri işğal edərək kanala nəzarəti ələ keçirib. I Dünya müharibəsi zamanı Osmanlı imperiyası kanala nəzarəti İngiltərədən geri almaq istəsə də, uğur qazana bilməyib...

Sinay yarımadasının qərbində yerləşən kanalın uzunluğu 193,3 kilometr, səthdə eni 313 metr (11 metr dərinlikdə eni 205-225 metr), dərinliyi 24 metrdir. Misir hökuməti bir il iş aparandan sonra - 2015-ci il avqustun 6-da kanala paralel uzanan 72 kilometr uzunluğunda, 24 metr enində ikinci xətti istifadəyə açıb. Kanaldan hər gün təxminən 48 gəmi keçir və bu sayın 2023-cü ilədək ikiqat artırılması nəzərdə tutulur.

Onu da xatırladaq ki, dünya dəniz ticarətinin 10 faizdən çoxu məhz Süveyş kanalı vasitəsilə həyata keçirilir. Qərbi Avropadan Hindistan yarımadasına olan dəniz yolu məhz bu kanal açılandan sonra 17400 kilometrdən 9880 kilometrədək qısalıb...

Göründüyü kimi, bu qədər önəmli olan kanalı nəzarətə almaq Misirin büdcəsinə böyük gəlirlər verəcək və ölkənin dünyada siyasi-hərbi təsirini artıracaqdı. Amma bunu necə etməli, axı birdən-birə kanala göz dikən Qərbi və müttəfiqlərini qəzəbləndirmək olmazdı. Səbəb isə öz-özündən, təbii şəkildə yaranmaqdaydı. Misir hökuməti başdan-başa səhra qumlarına qərq olan ölkədə kənd təsərrüfatı sahələrini genişləndirmək, elektrik enerjsi istehsalını artırmaq və sair kimi layihələri icra etmək istəyirdi. Bir yandan da Nil çayında zaman-zaman baş verən daşqınların qarşısını almaq kimi bir zərurət yaranmışdı. Odur ki, Nilin Əsvan şəhəri yaxınlığından keçən hissəsində su anbarının tikilməsi istiqamətində fəaliyyətlərə başlanıldı. Bəs maliyyə xərcləri necə qarşılanacaqdı? ABŞ və onun nəzarətindəki Dünya Bankı müəyyən miqdarda vəsait ayıracaqlarına söz verdilər, ancaq əməli addım atmadılar. Çünki Misirin inkişafı onların marağına cavab vermirdi. Həm də, Misir SSRİ ilə yaxın əlaqələr qurduğu, Çinin kommunist hakimiyyətini tanıdığı üçün ABŞ geri çəkildi və o dövrdə dövlət katibi olan Con Foster Dulles Misirə kredit ayırmayacaqlarını bəyan edib. Bunu görən Misirin o zamankı prezidenti Camal Əbdülnasir ölkəsinə isti münasibət bəsləyən SSRİ ilə danışıqlara başladı və müsbət nəticə alındı. Birbaşa Nikita Xruşşovun göstərişinə əsasən SSRİ Əsvan su anbarının tikintisini maliyyələşdirmək məsuliyyətinin üzərinə götürdü. Beləliklə, 1960-cı ildə, ingilislər tərəfindən 1902-ci ildə qranitdən tikilmiş bənddən 6 kilometr güneydə, yeni bəndin tikintisinə start verildi. Hansı ki, tikintisi 1970-ci ildə tamamlanan bənd nəticəsində 160 milyon kubmetr su tutan, yüz minlərlə (300 min hektar) hektrar sahənin suvarılmasına imkan verən nəhəng anbarın ərsəyə gəlməsi ilə yanaşı saatda 10 milyon kvatt elektrik enerjisinin istehsalına imkan yarandı, 700 min hektar ərazi sel suları altında qalmaq təhlükəsindən qurtuldu. Təbii ki, Misir üçün strateji əhəmiyyətli bu layihəyə Qərbin dəstək verməməsi Camal Əbdülnasiri qəzəbləndirməyə bilməzdi. Bu münasibət Süveyş kanalını milliləşdirmək üçün Qahirəyə yaxşı fürsət verdi. Axı kanaldan gələn gəlir dövlət büdcəsinə axsaydı bu gün Misir xaricdən vəxait istəməzdi. Bəli, nəhayət rəsmi Qahirə kanalın milliləşdirilməsi ilə bağlı qərarı verdi.

Kanalın əvvəlki sahiblər bunun əvəzini çıxmaq barədə düşünürdülər. İngiltərə və İsrail rəhbərləri Fransaya uçaraq Sevrdə gizli toplantı keçirdilər və orada Misirə qarşı müharibəyə başlamaq barədə qərara gəldilər. Qərar layihəsinə görə, İsrail Misirə hücum edəcək, İngiltərə və Fransa isə guya döyüşləri dayandırmaq məqsədilə bölgəyə ordu yeridəcək, nəticədə kanalı və Sinay yarımadasını işğal edəcəkdilər. Müharibə başa çatdıqdan sonra isə Fransa və İngiltərə “gələcəkdə yenidən münaqişə baş qaldırmasın” deyə burda qalacaqdılar.

Müharibə düşünülən şəkildə başladı, İngiltərə və Fransa hava hücumlarının ardıyla Misir torpaqlarına havadan və dənizdən desant çıxardıları və kanal keçən bütün bölgə işğal edildi. ABŞ-la SSRİ İngiltərə və Fransadan dərhal Misirdən çəkilmələrini tələb etdilər. Hətta SSRİ bəyan elədi ki, əks halda Londona və Parisə nüvə zərbəsi endirəcək. Bundan dərhal sonra Fransa və İngiltərə atəşkəs elan edib, iki ay ərzində ordularını Misir torpaqlarından çıxardılar. Beləliklə, Əsvan bəndinin yaratdığı səbəblərdən qidalanan Süveyş kanalının milliləşdirilməsi və nəticədə baş verən qısamüddətli müharibə Misirin qədim və zəngin tarixinə sonu qələbə ilə bitən yeni səhifələr yazdı...

Siyasət rubrikasından digər xəbərlər