“TANAP Türkiyə-Azərbaycan birgə siyasi iradəsinin məhsuludur” – Fuad Cəfərli

13:53 02.12.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

“TANAP layihəsi nəinki Şahdəniz yatağından, eyni zamanda Azərbaycan ərazisindəki digər qaz yataqlarından da hasil ediləcək təbii qazın nəqli potensialına görə əhəmiyyətli iqtisadi dəyərə sahibdir. Boru kəmərinin uzunluğu 1,804 kilometr təşkil edir. İlkin nəql qabiliyyəti illik 16.2 milyard m3 olacaq. Növbəti dövrlərdə illik 30.7 milyard m3-ə kimi artırıla bilər. “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində onun mühüm seqmenti olan TANAP – Trans-Anadolu qaz boru kəməri layihəsinin başa çatdırılması, noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin istifadəyə verilməsi təkcə Azərbaycan və Türkiyə üçün deyil, ümumilikdə Avrasiya qitəsi üçün mühüm tarixi hadisəyə çevrildi”.

Bunu hafta.az-a açıqlamasında politoloq, beynəlxalq münasibətlər üzrə ekspert Fuad Cəfərli deyib. Politoloq bildirib ki, Türkiyə-Azərbaycan birgə siyasi iradəsinin məhsulu olan layihənin Türkiyə-Azərbaycan strateji müttəfiqliyini iqtisadi müstəvidə daha da dərinləşdirməsi hər iki qardaş ölkənin iqtisadi inkişafına əhəmiyyətli dərəcədə təkan verəcək: “TANAP qaz layihəsi alternativlik yaratdığından Avropa ölkələrinin enerji təhlükəsizliyinə ciddi töhfə verəcək. TANAP-ın işə düşməsi Avropa ölkələrinin Azərbaycan qazını alması üçün əlverişli imkan yaradacaq. Bu gün dünyada aktual olan məsələlərdən biri enerji təhlükəsizliyidir. Bu baxımdan TANAP layihəsinin gerçəkləşdirilməsi tarixi hadisədir. Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan bir layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var. Onu da deyim ki, TANAP ilə ilk qaz ötürülməsi 2018-ci il iyunun 12-də Türkiyənin Eskişəhər vilayətində baş tutdu. Həmin il iyun ayının sonuna Türkiyəyə qazın kommersiya tədarükləri başladı. 2018-ci il iyunun 30-dan 2019-cu il oktyabrın sonuna TANAP ilə qaz tədarükü 3,08 milyard kubmetr təşkil etdi. Eyni zamanda, Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) reallaşması Azərbaycan, Türkiyə və Avropanın enerji və strateji maraqlarına cavab verir”.

Ekspertin sözlərinə görə, şübhəsiz ki, bu, Avropanın Azərbaycana marağını artırır. Azərbaycan Avropa Birliyi üçün yalnız enerji mənbələri tədarükçüsü kimi deyil, həm də Avropanın enerji təhlükəsizliyinin qarantı kimi çıxış edən bir ölkədir: “Bu, əsasən, regionda və dünyada həyata keçirilən balanslı xarici siyasət sayəsində Azərbaycanın özünü etibarlı strateji, ticarət və iqtisadi tərəfdaş və genişmiqyaslı layihələrin həyata keçirilməsi üçün ciddi müttəfiq kimi tanıtdırmasıdır. "Bu gün bölgənin enerji xəritəsinin dəyişdiyini görürük və bu dəyişiklikdə əsas rol oynayan Azərbaycandır. Bir daha xatırladım ki, Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Anadolu qaz kəmərinin işə salınması layihə iştirakçılarının regionda və dünyada nüfuzunu artıracaq əlamətdar hadisədir”.

Siyasət rubrikasından digər xəbərlər