Tanınmış cərrahın gənc qızı qəflətən öldü – Günün təzadları

18:16 02.07.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Bakıda Ülkər İskəndərova adlı gənc iş xanımı ürəktutmadan vəfat etdi.

Hafta.az  xəbər verir ki, bu haqda Baku.ws məlumat yayıb. Mərhumun yaxınları sosial şəbəkə paylaşımlarında 29 yaşlı Ülkərin bir neçə gün əvvəl qəfildən həyatla vidalaşdığını yazıblar.

İlkin məlumata görə, gənc qadın yatıb və ayılmayıb.

Qeyd edək ki, Ü.İskəndərova nişan, toy və xınayaxdı məclisləri üçün xonçaların hazırlanması işinin təşkili ilə məşğul idi.xÜlkər həkim ailəsində böyüyüb. Atası, anası və qardaşı həkimdir. Atası Rəfiəli Novruzov Azərbaycanın tanınmış cərrahlarındandır. Ailəli idi, özündən sonra iki azyaşlı qızı qaldı...

 

Ziya Məmmədovun qardaşı oğlu sürücülük hüququndan məhrum edildi

Sabiq deputat Elton Məmmədovun oğlu Aynar Məmmədov sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə inzibati məsuliyyətə cəlb edildi.

Hafta.az  xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, Dövlət Yol Polisininin protokoluna əsasən, onun sürücülük hüququndan məhrum edilməsi ilə bağlı işə Səbail Rayon Məhkəməsində baxılır.

Qeyd edək ki, Aynar Məmmədova İnzibati Xətalar Məcəlləsinin 333.1-ci (Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə) maddəsi ilə protokol yazılıb.

Bu inzibati xətaya yol verən şəxslər 400 manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.

Qeyd edək ki, Aynar Məmmədov sabiq deputat Elton Məmmədovun oğlu, sabiq Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğludur.

 

İsrail və ABŞ səfiri eyni vaxtda Vatikana çağırıldı

Vatikanın Dövlət katibi, kardinal Pietro Parolin İsrailin Yəhuda və Samariya ərazilərinin bir hissəsini ilhaq etmək planını müzakirə etmək üçün İsrail və ABŞ  səfirlərini müzakirəyə çağırıb. 

Hafta.az xəbər verir ki,  bu haqda  İsrail saytları  məlumat yayıb.

Müqəddəs Taxt-Tacın Dövlət katibi Kardinal Pietro Parolin İsrailin belə bir planının nəticələrindən narahatlığını ifadə edib.  

“Birtərəfli addımlar Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə həlli perspektivlərini təhlükə altına qoyur və eyni zamanda Yaxın Şərq regionunda stabilliyi poza bilər” –deyə Vatikan rəsmisi bildirib.

 

Səhiyyə naziri karantini pozduğuna görə istefa verdi

Yeni Zelandiyanın Səhiyyə naziri Devid Klark bir müddət əvvəl tətbiq olunan karantin qaydalarını pozduğuna görə vəzifəsindən istefa verdi.

Hafta.az  Musavat.com-a  istinadla xəbər verir ki, Klark aprel ayının əvvəlində koronavirusun yayılması ilə əlaqədar tətbiq olunan karantin qaydalarını iki dəfə pozduğunu etiraf etmişdi. O, bundan sonra istefa verməyə hazır olduğunu bildirsə də, Baş Nazir Casinda Ardern Klarkın koronavirus pandemiyası səbəbindən ölkədə yaranmış gərgin vəziyyətə görə vəzifədə qalacağını açıqlamışdı.

“Mən çox səhv etdim və istefamı istədim”,- deyə Klark qeyd edib. O bildirib ki, Baş Nazir bu dəfə onun istəyini qəbul edib.

 

Afrikada 350 fil naməlum səbəbdən öldü

Afrikanın Botsvana dövlətində 350 fil naməlum səbəbdən tələf oldu. Hafta.az-ın yazdığına görə, “Report”  bu haqda “Sky News”a istinadla xəbər verir. Məlumatı mediaya Böyük Britaniyanın “National Park Rescue” Xeyriyyə Təşkilatının Təbiəti Mühafizə Xidmətinin direktoru Nayl Makkenn açıqlayıb.

Onun sözlərinə görə, fillərin ölümü ilə bağlı ilk hadisə mayın 11-də qeydə alınıb: “İyunun ortalarında isə aşkarlanan fil cəsədlərinin sayı təxminən 170 olub. Bununla da son bir neçə həftədə onların sayı iki dəfə artaraq 350-yə çatıb”.

Yerli sakinlər zəifləyib, əldən düşən bir neçə fil gördüklərini deyiblər. Bu isə ölən fillərin sayının artacağını ehtimal etməyə əsas verir.

Havadan çəkilən fotolara əsasən, onların 70 faizi su hövzələrində ölüb. fillərin kütləvi ölüm səbəbi hələlik bilinmir.

Qeyd edək ki, Afrikadakı fillərinin 1/3-də biri Botsvana ərazisində yaşayır.

 

Oxunma sayı 977