Tanınmış həkimin həkim qızı xərçəngdən öldü – Günün təzadları

18:34 08.11.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın tanınmış psixiatrı, uzun illər Sumqayıt Psixiatriya Xəstəxanasının baş həkimi kimi çalışmış Mayıl Tağıyevə ağır itki üz verdi. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, psixiatrın həkim qızı, “Hippokrat” Tibb Mərkəzinin Laboratoriya Departamentinin rəhbəri Nigar Tağızadə cümə axşamı  vəfat edib. 38 yaşlı Nigar Tağızadə xərçəng xəstəliyindən əziyyət çəkirmiş. Mərhumun 3 övladı var. Xatırladaq ki, N. Tağızadə kəşfi ilə dünyanın diqqət mərkəzinə gələn 15 yaşlı azərbaycanlı Reyhan Camalovanın elmi rəhbəri, layihənin mentoru Leyla Tağızadənin bacısıdır. L. Tağızadə sözügedən Tibb Mərkəzinin direktorudur.

 

Ağcabədidə kişi ad günündə qayçı ilə öldürüldü

Ağcabədi rayonunda qətl hadisəsinin təfərrüatı məlum oldu. Hafta.az yazır ki,  “Report”un xəbərinə görə, hadisə noyabrın 7-də saat 17 radələrində rayonun Kamil Nəsibov küçəsində baş verib. Belə ki, Ağcabədi rayon sakini, 1988-ci il təvəllüdlü Cavid Quliyev tanışı, 1974-cü il təvəllüdlü Kərim Sultanovun doğum gününü qeyd etmək üçün onun evinə gedib. Evinin həyətində təşkil edilən ziyafət zamanı K.Sultanovla C.Quliyev arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Daha sonra K.Sultanov C.Quliyevi ağır formada söyüşlə təhqir edib. C.Quliyev isə ziyafət mərasimindən çıxaraq evlərinə gedib. C.Quliyev yaşadığı evin həyətindən qayçı götürüb, yenidən K.Sultanovun evinə doğru gedib. Bu zaman küçədə o, K.Sultanovla rastlaşıb, əlindəki qayçı ilə onun döş qəfəsinə bir dəfə zərbə endirib. K.Sultanov yaralı vəziyyətdə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb. Yaralı xəstəxanada ölüb. Faktla bağlı CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. C.Quliyev hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb. Xatırladaq ki, hər iki şəxs evli olub.

 

Daşkəsəndə ana və azyaşlı qızı yoxa çıxdı

Daşkəsən rayonunda ana və azyaşlı qızı itkin düşdü. Hafta.az yazır ki, “Report”un xəbərinə görə, hadisə noyabrın 5-dən 6-na keçən gecə rayonun Nizami küçəsi, ev 3 ünvanında baş verib.  Belə ki, 1978-ci il təvəllüdlü Subra Ellazalıyeva azyaşlı qızı Zeynəbi özü ilə birgə götürərək yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Daha sonra S.Ellazalıyevanın yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Şamaxıda yük maşını 45 metrlik uçurumdan düşdü və...

Şamaxı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verdi. Hafta.az-ın verdiyi xəbərə görə, bu haqda APA məlumat yayıb. Hadisə noyabrın 7-də  axşam saat 18:00 radələrində Şamaxı-Çöl Göylər avtomobil yolunda qeydə alınıb. Xaçmaz sakini, 1991-ci il təvəllüdlü Musayev Təhmasib İsrar oğlu idarə etdiyi "Mercedes" markalı yük avtomobili ilə sement daşıyarkən idarəetməni itirib, avtomobil 45 metr hündürlükdən dərəyə aşıb. Dağdan yuvarlanan avtomobildən zərbənin təsiri nəticəsində çıxan sürücü T. Musayev 20 metr kənarda ağır vəziyyətdə tapılıb. O, təcili tibbi yardım stansiyasının avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

 

Qazaxda raket tapıldı

Noyabrın 7-də DİN-in ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Qazax rayonu, Fərəhli kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil oldu. Hafta.az xəbər verir ki, ANAMA-dan APA-ya bildirilib ki, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və DİN Qazax rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri və Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin ərazidə əkin sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd tərkibində partlayıcı maddə olmayan 57 mm-lik idarə olunmayan S-5M raketi aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.