Tanınmış müğənniləri toyunuza dəvət edərsinizmi?- Jurnalistlər cavablandırır

14:02 12.09.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Tez-tez rast gəldiyimiz müzakirə mövzularından biri tanınmış müğənnilərin yüksək məbləğdə toylara getmələridir. Bir sıra insanlar 10 min manat və ya da yüksək məbləğdə hansısa müğənni öz toylarına gətirmələrini boş və şöhrətpərəstlik kimi ifadə edirlər.

Yaxın günlərdə Əməkdar artist Röya Ayxan mətbuata açıqalamasında yarı ciddi, yarı zarafatla demişdi ki, gözəl qız baha olmalıdır: "Rayon toyuna gedəndə hamı oturur, əl çalır. Başqa müğənnilərdə isə ortalığa düşüb oynayırlar. Buna görə də yaxşısı budur ki, ora konsertə gedim. Rayon toylarına çox az gedirəm. Getdiyim bölgə, əsasən, Şəmkirdir. Orada məni çox istəyirlər. Bir də deyirlər ki, qiymət bahadır. Qadan alım, qəşəng qız baha olar da..."

Yəni müğənnilərin tez-tez mətbuata açıqlamarından məlum olur ki, onların təklif etdikləri məbləğ heç də baha deyil və təlabat var.

Tanınmış jurnalist Rahid Sayadoğlunun “Pəncərə” verlişində danışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Anar Nəcəfli demişdi ki, müğənniyə heç 800 dollar da vermərəm: “O pulu ailəmə, uşaqlarıma xərclərəm”.

Hafta.az olaraq bu dəfə televiziya jurnalistlərindən maraqlanmaq istədik, bəs onlar yüksək məbləğdə “tanınmış müğənnilər”i öz toylarında oxudarlarmı və ya onların imzasına görə müğənnilər onlar üçün pulsuz oxuyarmı?

ARB-də yayımlanan “Pəncərə”verlişinin aparıcısı Rahid Sayadoğlu: “Tanınmış müğənnilərə pul verib, xeyir işdə oxudulmasına pis baxmıram. Kimsə bundan zövq alırsa, şənlənirsə və imkanı çatırsa  niyə də yox? Amma özüm etmərəm, etməmişəm də. Öz toyumda sadəcə şəxsi münasibətlərimizdən dolayı bir neçə tanınmış sənətçi gəlmişdi, onlar da ödənişsiz gəlmişdilər, sağ olsunlar”.

Lent.az-ın şou-biznes müxbiri, aparıcısı Yalçın Uğur: “Bütün xeyir işlərimizə yalnız dəyər verdiyim məşhurları dəvət edirik. Çox sağ olsunlar ki, sevərək də təmənnasız iştirak ediblər. Qaldı ki, onların 10 min və ya da başqa məbləğə toya getmələrinə, məncə bu onların haqqıdır. Çünki Türkiyədən müğənniləri 100 mindən çox qonorara Azərbaycana ad gününə gətirən insanlar var. Türkiyəli müğənnilərə bu qədər pullar xərcləndiyi halda, niyə də bizim müğənnilərə 10 min verməsinlər? Əsl musiqi üçün 10 min də azdır”.

Xəzər tv-nin “Futbol saatı”verlişinin aparıcısı Ceyhun Rzayev: “Mənim üçün müğənninin tanınmışlığı kriteriya deyil. Əsas onun oxumağı, sənətidir. Maddi durumum imkan verərsə, əlbəttə, bəyəndiyim müğənniyə 10 min verərəm. Sualın ikinci hissəsinin cavabını bilmirəm”.