Təbiətə qənim kəsilənlər

18:55 16.03.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Son illər respublika ərazisində meşə sahələrinin artırılması, yaşıllıqların genişləndirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Lakin buna baxmayaraq bəzi işbazlar yaşıllıqların məhv etməklə təbiətə ziyan vurmaqdan çəkinmirlər. Məsələn bir neçə gün öncə Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun əməkdaşları tərəfindən ölkə ərazisində meşə sahələrində, qoruqlarda ağacların qanunsuz olaraq kəsilməsi, yaşıllıq sahələrinin məhv edilməsi ilə məşğul olan mütəşəkkil dəstənin üzvlərinə qarşı kompleks tədbirlər hazırlanaraq həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, hər iki dövlət qurumuna vətəndaşlardan Oğuz və Qəbələ rayonları ərazilərində yerləşən meşə sahələrində qiymətli ağac növlərinin meşələrin mühafizəsinə məsul idarənin əməkdaşları tərəfindən qanunsuz kəsilməsi barədə çoxsaylı müraciətlər daxil olub. Qeyd olunan xüsusatların hərtərəfli və obyektiv araşdırılması məqsədilə adıçəkilən rayonların meşə zonaları və meşə təsərrüfatının mühafizəsinə məsul olan şəxslər DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əməliyyat nəzarətinə götürülüb. Əməliyyat tədbirləri nəticəsində müəyyən olunub ki, Oğuz və Qəbələ rayonları ərazisində yerləşən meşələrdə ağacların kəsilərək emal müəssisələrinə satışı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru İlqar Qəribov və onun rəhbərlik etdiyi mütəşəkkil dəstə tərəfindən həyata keçirilir. Həmin şəxslərin cinayət əməllərini ifşa etmək məqsədilə əməliyyat-nəzarət tədbirləri görülüb, onların cinayət əməlləri qeydə alınaraq dəstə rəhbəri və üzvlərinin qanunsuz fəaliyyətləri hərtərəfli öyrənilib. Vəzifəsi meşə sahələrinin qorunması və inkişaf etdirilməsi olan mərkəzin direktoru İlqar Qəribovun və qeyrilərinin cinayət əməlləri təkzibedilməz sübutlarla təsdiq edilib.

Araşdırmalarla məlum olub ki, dəstə üzvləri öz qulluq mövqelərindən sui-istifadə edərək uzun müddət Qəbələ və Oğuz rayonlarında meşə sahələrində ağacların qanunsuz kəsilərək satışı ilə məşğul olublar. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru İlqar Qəribov, mərkəzin baş mühasibi Sirac Kərimov, baş meşəbəyi İlqar Cəlalov, həmçinin idarənin məsul əməkdaşları Eyvaz Əliyev və Bakıxan Seyidəliyevin saxlanması təmin olunub.

Direktor İlqar Qəribovun üzərinə və xidməti iş otağına baxış zamanı onun qanunsuz ağac kəsimindən əldə etdiyi külli miqdarda pul vəsaiti və digər maddi sübutlar aşkar olunaraq götürülüb. Dəstə üzvlərinin qanunsuz olaraq ağac emalı sexlərinə satdıqları çoxlu sayda ağacın və onların oduncaqlarının yeri də müəyyən edilib.

Ekspertlərin verdiyi rəyə əsasən dəstə üzvləri tərəfindən ağacların yaş halda kəsildiyi, hətta məhv edilən ağaclardan bəzilərinin yaşının 200-250 il olduğu da müəyyənləşib. Qeyd olunan faktlarla bağlı dəstə üzvləri barədə cinayət işi başlanılıb, hazırda cinayət işi üzrə bütün halların tam, hərtərəfli araşdırılması, eləcə də dəstənin digər üzvlərinin saxlanılması istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məsələ ilə bağlı ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib ki, son illər ölkədə aparılan genişmiqyaslı ekoloji işlərə vurulan zərbədir: “Biz meşələrin bərpası və inkişafı işlərini davam etdirəcəyik və ağac kəsənlərlə, təbiətin düşmənləri ilə mubarizəmizi daha sərt edəcəyik”.

Yeri gəlmişkən, Yasamal rayonu, Tbilisi prospektində “İst food” kafesinin tikintisi zamanı bir neçə ağacın kafenin binasının içərisində qalması və quruması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan məlumat yerində araşdırılıb. Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Sadiq Dərafərin bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı kafenin daxilində 18 ağacın qaldığı məlum olub. Araşdırma zamanı ağacların qurumadığı, Dövlət Ekspertiza İdarəsinin rəyi əsasında budandığı və onlara mütəmadi aqrotexniki qulluq göstərildiyi müəyyən edilib.

S.Dərafərinbildirib ki, ərazinin əvvəlki illərdəki kosmik görüntüləri müqayisə olunub və “İst” firmasına məxsus kafenin tikintisi zamanı ağac kəsintisi faktının olmadığı aşkar edilib. Hazırda ağaclar bioloji inkişafdadır, bundan sonra da ağaclara qulluq olunması, zədələnməsi hallarına yol verilməməsi üçün “İst” firmasının rəhbərliyinə icrası məcburi olan “məcburi göstəriş” verilib.

Qeyd edək ki, Azərbaycanda ekoloji vəziyyət, ətraf mühitin mühafizəsi, təbii ehtiyatlar, onların qorunması dövlət üçün prioritet sahələrdəndir. Ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə, alternativ enerji mənbələrindən yararlanmaq, qlobal ekoloji problemlər üzrə milli səviyyədə tələbatların qiymətləndirilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi isə Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətləridir.

Məlumdur ki, biomüxəlifliyin qorunması bütün canlı varlıqlar üçün bioloji həyatın mühafizəsində mühüm rol oynayir. Azərbaycanda yürüdülən ekoloji siyasətin əsas məqsədi də indiki və gələcək nəsillərin ehtiyaclarının təmin edilməsi naminə mövcud ekoloji sistemlərin, iqtisadi potensialın qorunması və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi ilə davamlı inkişafın təmin edilməsindən ibarətdir. İnkişafın ekoloji baxımdan davamlı olmasını təmin etmək üçünsə iqtisadi fəaliyyət zamanı meydana çıxan ciddi ekoloji problemləri aradan qaldırmaq, onların ətraf mühitə mənfi təsirinin minimuma endirilməsi tələb olunur.

Azərbaycanda ekoloji siyasətin əsas istiqamətləri üzrə qarşıya qoyulmuş məqsədə çatmaq üçün vəzifələrə gəlincə, buraya ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması üçün iqtisadi və insan potensialının idarə edilməsinin müasir üsullarından istifadə edilməsi, indiki və gələcək nəsillərin rifahının yaxşılaşdırılmasını təmin edən, stimullaşdıran iqtisadi modellərin, texnologiyaların yaradılması və istifadəsi,eyni və müxtəlif nəsillərin nümayəndələri arasında təminatın ədalətlilik prinsipləri əsasında həyata keçirilməsi,insanın həyat fəaliyyətini təmin edə biləcək ekosistemlərin və biomüxtəlifliyin təbii mühitinin olduğu kimi qorunub saxlanılması daxildir. Ekoloji siyasətin prinsiplərinə gəlincə, qısa müddətli və uzunmüddətli iqtisadi, ekoloji və sosial nəticələr və ehtimal edilən fəsadlar nəzərə alınmaqla qərarların qəbul edilmə prosesinin həyata keçirilməsi və bu prosesdə alternativ variantların nəzərə alınması, ətraf mühitin mühafizəsi sahəsində qərarlar hazırlanarkən ictimai və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin cəlb edilməsinin genişləndirilməsi, ətraf mühitin hər hansı komponentinin bərpa olunmayan dərəcədə pozulmasına səbəb ola biləcək fəaliyyətin qarşısının alınması, ətraf mühitin mühafizəsinin təmin edilməsi üçün aztullantılı, güclü və çoxşaxəli iqtisadi inkişafın təmin edilməsi, beynəlxalq təşkilatlar və inkişaf etmiş ölkələrlə ətraf mühitin mühafizəsi sahəsində əlaqələrin genişləndirilməsi, əhali arasında ekoloji təbliğatın və maarifləndirmənin gücləndirilməsidir.

Xatırladaq ki, 2020-ci ilin əvvəlinə flora və faunanın qorunub saxlanması və təkrar istehsalı üçün ölkədə ümumi sahəsi 120,7 min hektar olan 10 dövlət təbiət qoruğu, sahəsi 421,4 min hektar olan 10 milli park və sahəsi 350,8 min hektar olan 24 dövlət təbiət yasaqlığı mövcud olub. Dövlət Statistika Komitəsinin məlumatına görə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,3 faizini təşkil edir.

Bundan başqa, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinq xidmətləri tərəfindən 2019-cu ildə 1486 müəssisədə müvafiq müayinələr aparılmış və nəticədə su hövzələrinin çirkləndirilməsi üzrə tədqiq olunmuş müəssisələrin 35,8 faizində, atmosfer havasının çirkləndirilməsi üzrə tədqiq olunmuş müəssisələrin 45,8 faizində, torpaq ehtiyatlarının çirkləndirilməsi üzrə isə müayinəyə cəlb olunmuş müəssisələrin 37,9 faizində atılan tullantıların icazə verilən həddən artıq olması qeydə alınıb.Təbiəti mühafizə qanunvericiliyinin pozulmasına görə ötən il inzibati məsuliyyətə cəlb olunmuş 868 nəfər vəzifəli şəxs və vətəndaşlardan 955 min manat məbləğində cərimə tutulub.

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

 

 

Sosial rubrikasından digər xəbərlər