“Təəssüf ki, Fransanın rəsmi qurumlarının son açıqlamaları birtərəfli və qərəzli idi” - Ceyhun Bayramov

13:06 25.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Minsk Qrupunun artıq faydalı olmadığını deməzdim. Fikrimizcə, effektiv olmayan məsələ tarazlı kimi nəzərdə tutulan bir yanaşma adı altında Ermənistana və Azərbaycana eyni mesajlar verməkdir”.

XİN-in Mətbuat xidməti idarəsindən hafta.az-a verilən xəbərə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın “Le Point” jurnalına müsahibəsində deyib.

Onun sözlərinə görə, təcavüzkarla təcavüz qurbanı arasında, işğalçı dövlətlə əraziləri işğal edilmiş ölkə arasında, qaçqın və onu öz evindən qovan işğalçı arasında tarazlıq saxlamaq mümkün olmayan bir məsələdir: “Beynəlxalq vasitəçilərin münaqişəyə diplomatik həll yolu tapmaq səylərinə hörmətlə yanaşırıq. Ancaq təcrübə onu göstərir ki, Azərbaycan işğal olunmuş ərazilərindən silahlı qüvvələrini çıxarmaq üçün Ermənistana təzyiq olmadığı təqdirdə, bu ölkə beynəlxalq ictimaiyyətin tələblərini yerinə yetirməyə hazır olmayacaqdır”.

Nazir münaqişə zamanı Fransanın tutduğu mövqeyə də münasibət bildirib. O vurğulayıb ki, vasitəçi olmaq üçün fundamental şərt neytrallıqdır: “Təəssüf ki, Fransanın rəsmi qurumlarının son açıqlamaları birtərəfli və qərəzli idi. Fransada erməni diasporunun mövcudluğunun nəzərə alınacaq vacib bir amil olduğunu anlaya bilərik, amma bir dövlətin rəsmi mövqeyinin müəyyən edilməsi məsələsinə gəldikdə, bu mövqe beynəlxalq hüququn norma və prinsipləri, habelə dövlət məsuliyyətindən irəli gələn prinsiplərə əsaslanmalıdır. Xüsusən də, sözügedən dövlət vasitəçi mandatına sahib olduqda”.

Bayramov “Fransa sülh müqaviləsini təşviq etmək üçün nə edə bilər?” sualını isə belə cavablandırıb: “Beynəlxalq hüquqa ciddi riayət etməsindən başqa bir şey gözləmirik. Bunun üçün 1993-cü ildə Fransanın səs verdiyi BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrası, beynəlxalq səviyyədə tanınmış dövlət sərhədlərinin toxunulmazlığının təminatı və məcburi köçkünlərin fundamental hüquqlarının bərpası tələb olunur”.

Oxunma sayı 147