“Təhlükəsizlik Şurasına üzv seçilməsi Azərbaycan üçün iftixardır“

15:15 29.10.2011
Yazını böyüt
Yazını kiçilt

Bülənt Əlirza: “Bütün ölkələr Azərbaycanla daha yaxşı münasibətlər qurmağa çalışacaqlar“

Azərbaycan BMT Təhlükəsizlik Şurasına seçki prosesində əsas rəqibi olan Sloveniyanı 40 səs geridə qoyaraq şuraya 2 illik qeyri-daimi üzv seçilib. Beləliklə, Azərbaycan 2012-ci ilin yanvarından Şərqi Avropanı Təhlükəsizlik Şurasında təmsil edəcək.

Amma bir məsələ də var ki, başda Ermənistan olmaqla, bir sıra antiAzərbaycan mövqeli ölkələr respublikamızın bu uğurunu qısqanclıqla qarşılayır və hətta bu kürsünün Bakıya heç bir üstünlük verməyəcəyi qənaətini bölüşürlər. Bəs əslində vəziyyət necədir? Vaşinqtonda yerləşən Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin eksperti Bülənt Əlirza məsələylə bağlı “Amerikanın səsi“nə müsahibəsində Təhlükəsizlik Şurasında 2 illik müvəqqəti üzvlüyün Azərbaycana verəcəyi üstünlüklərdən söz açıb. B.Əlirza bildirib ki, hər şeydən öncə müstəqilliyin 20-ci ilində Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi iftixarvericidir. Bu, qeyd-şərtsiz Azərbaycanın beynəlxalq səviyyədə nüfuzunu qaldıracaq: “Qeyd edim ki, Türkiyə həmin yerə sahib olmaq üçün 50 il gözləyib və cəmi 2 il əvvəl ora seçilmişdi. Türkiyə o vaxt bunu diplomatiyasının çox ciddi uğuru kimi təqdim etmişdi. Azərbaycan indi dünya əhəmiyyətli qərarların qəbulunda müəyyən qədər iştirak edəcək. Bu da ölkə üçün həm fəxrdir, həm də məsuliyyət. Bu statusun Azərbaycan üçün həm müsbət, həm də mənfi nəticələri ola bilər“, - deyən müsahib həmin quruma seçim vaxtı ölkələrin hansı göstəricilərinə üstünlük verildiyinə də aydınlıq gətirib. Deyib ki, adətən qonşularıyla ciddi problemləri olan ölkələr Təhlükəsizlik Şurasının qapısına buraxılmır. Eyni zamanda, seçilmək üçün ciddi lobbi yardımlarına da ehtiyac var.
B. Əlirza xatırladıb ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi, 10 qeyri-daimi üzvü var. Daimi üzvlər güc sahibləri və veto hüququ olan dövlətlərdir - ABŞ, Rusiya, İngiltərə, Fransa və Çin. Qeyri-daimi üzvlərə gəlincə, bunlar müxtəlif bölgələrdən və qitələrdən 2 il müddətinə seçilirlər. Amma onların da Təhlükəsizlik Şurasının işinə müəyyən təsirləri var: “Qeyri-daimi üzvlər Təhlükəsizlik Şurasındakı müzakirələr zamanı istədikləri vaxt söz alıb çıxış edə bilərlər. Qeyri-daimi üzv olmayanlar isə çıxış etmək üçün sədrə müraciət edib müəyyən prosedur keçməlidirlər. İndi Azərbaycan istədiyi mövzuya istədiyi vaxt münasibət bildirəcək. Bundan başqa, qeyri-daimi üzvlər də daxil olmaqla 15 üzv ölkənin hər biri rotasiya qaydasında 1 ay müddətinə şuraya sədrlik edir. Sədr toplantının gündəliyini müəyyən edir, kimin çıxış edəcəyi barədə qərar verir. Bu baxımdan, Azərbaycanın nüfuzu daha da artacaq və digər ölkələr Azərbaycanla yaxşı münasibətlər qurmağa çalışacaqlar. Qeyri-daimi üzvlərlə yaxşı münasibətlər qurmaq üçün adətən ölkələr ciddi lobbiçilik edirlər“.
Maraqlıdır, bəs, səsvermə prosesində Azərbaycanın hansı səlahiyyətləri var? Müsahib bildirib ki, bir müvəqqəti üzv olaraq Azərbaycan da səsvermədə iştirak edəcək və bu da o deməkdir ki, səs çoxluğuna təsir göstərəcək: “Prosedura görə, qeyri-daimi üzv bitərəf də qala bilər. Amma əlbəttə, daimi üzvlərdən fərqli olaraq qeyri-daimi üzvlərin veto hüququ yoxdur və bu o deməkdir ki, bütün ölkələr səs verərsə, Azərbaycanın səs verməməsi sənədin qəbuluna təsir göstərməyəcək. Yəni, Azərbaycanın səlahiyyətləri müəyyən sərhədlər daxilində olacaq“.
B.Əlirza maraqlı bir məqama da nəzər salıb. Deyib ki, Azərbaycan səsvermədə iştirak edərkən bir sıra məsələlərə münasibətdə bəzi dövlətlərlə əlaqəsində çətinlik yaşana bilər. Buna misal göstərən müsahib deyib ki, məsələn, Fələstin məsələsində tərəflərdən hansını dəstəkləsə, digərini özündən incik sala bilər: “Çünki Azərbaycanın həm İsraillə, həm də Fələstinlə yaxşı əlaqələri mövcuddur. Yaxın günlərdə BMT-də Fələstinin dövlət kimi tanınması məsələsi gündəmə gətiriləcək. Bu zaman Azərbaycan seçim qarşısında qalaraq, mövqeyini bildirməlidir. Ümumiyyətlə, Azərbaycan əvvəllər bitərəf qaldığı məsələlərdə indi mövqe bildirməli olacaq, bu da onun üçün bəzən mənfi, bəzən də müsbət nəticələnə bilər. Nəticədə Azərbaycan diplomatiyası həm çətin günlər yaşayacaq, həm də daha da aktivləşəcək. Məsələn, keçən il İran məsələsi gündəmə gəlmişdi və ABŞ Türkiyənin İrana yeni embarqo qoyulması ilə bağlı təklifi dəstəkləməsini istəmişdi, amma Türkiyə buna razı olmamışdı. Bu da ABŞ - Türkiyə münasibətlərinə mənfi təsir etmişdi. Buna bənzər bir vəziyyət də qarşıdakı 2 il ərzində Azərbaycan üçün yarana bilər“.
“Bu üzvlük Dağlıq Qarabağ münaqişəsinin həllinə hansısa formada təsir edə bilərmi“ sualının cavabında isə B.Əlirza bildirib ki, ciddi təsirin olacağına inanmır. Çünki bu münaqişənin həlli prosesində daha çox Rusiya və ABŞ rol ala bilər. Müsahib əlavə edib ki, buna baxmayaraq, Azərbaycanın sədrlik müddətində müzakirələrin gündəminə təsir etmək imkanı olacaq“.
B.Əlirza Ermənistanın keçmiş xarici işlər naziri və bu ölkənin BMT-dəki keçmiş nümayəndəsi Aleksandr Arzumanyanın səsləndirdiyi “Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi erməni diplomatiyası üçün möhkəm başağrısı olacaq“ fikirlərinə də münasibət açıqlayıb. Deyib ki, münaqişə tərəfi olaraq Azərbaycanın bu yeni statusu Ermənistanı narahat etməsi təbiidir. Amma Ermənistan lobbisinin Vaşinqtona təsir imkanlarını nəzərə alaraq Azərbaycanın BMT-dəki mövqeyindən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ciddi müsbət dəyişikliyə nail olacağını gözləmir. Hətta Azərbaycan buna çalışsa da, mütləq Ağ Evin təzyiqləri ilə rastlaşacaq. Ona görə də Azərbaycan diplomatiyası əvvəlkindən daha peşəkar olmalıdır.
Vüsal Tağıbəyli
Oxunma sayı 117