Türkiyə Suriya ilə müharibəyə hazırdır

15:15 08.10.2011
Yazını böyüt
Yazını kiçilt
Ankara regionla bağlı bütün qərarları kənar məsləhət olmadan qəbul edir. Ona görə də zərurət olarsa, Türkiyə Suriya ilə müharibəyə hazırdır. Bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bəyan edib. Xəbəri cümə günü “Timeturk“ qəzeti yazıb. Nazirin sözlərinə görə, bəzi ölkələr Türkiyənin Qərbin razılığı ilə hərəkət etdiyini bəyan edirlər, lakin bu, belə deyil, çünki Ankara müstəqil siyasət aparır. Türkiyənin Silahlı Qüvvələri 5-15 oktyabrda Suriya ilə sərhəddə yerləşən Xatay adlanan ərazidə təlim keçirəcək.
Bu barədə SQ-nin baş qərargahı məlumat verib. Təlimlərə 730 hərbi qulluqçu və quru qoşunlarından 40 ədəd texnika cəlb ediləcək. Təlimlərin gedişində, oktyabrın 9-da ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğan suriyalı qaçqınların Xataydakı düşərgəsinə baş çəkəcək. Orada Ərdoğanın Suriyadakı hadisələrlə bağlı kəskin bəyanatla çıxış edəcəyi gözlənilir. Suriya hakimiyyəti ölkədə çaxnaşmalar başlandıqdan sonra suriyalıların kütləvi qaçışı ilə əlaqədar dəfələrlə öz təhlükəsizlik qüvvələrini Türkiyə ilə sərhəd regionlara cəmləşdirib. Suriyanın tanklar da daxil olmaqla, qoşun hissələri sərhəd xəttinə 500 metrədək yaxınlaşıb. Türkiyədə deyilən ehtimallara görə, Suriya qoşunları sərhədyanı ərazilərdə Türkiyəyə keçməyə cəhd edən hərbi fərarilərin axtarışı üzrə əməliyyatlar keçirib. Bundan əvvəl Türkiyənin Xarici İşlər Nazirliyi Suriyanın bilavasitə onun sərhədləri yaxınlığında əməliyyatlar keçirməsi ilə bağlı narahatlığını ifadə edib və Suriya tərəfinə belə əməliyyatların təhlükəli olması ilə bağlı xəbərdarlıq edib. Bu arada vətəndəki təqiblərdən Türkiyəyə qaçan Suriya vətəndaşlarının sayı 7 min 605 nəfərə çatıb. Onlar Türkiyənin Qırmızı Aypara Cəmiyyətinin idarəçiliyi altında olan 5 düşərgədə yerləşdiriliblər.
Dünən Suriyanın müxtəlif şəhərlərində baş vermiş hökumət əleyhinə kütləvi nümayişlər nəticəsində 12 nəfər öldürülüb. Bu barədə “Əl-Cəzirə“ telekanalı xəbər verir. Üsyançılar bəyan ediblər ki, cümə günü yüzlərlə suriyalının iştirakı ilə kütləvi etiraz aksiyaları təşkil etməyə hazırlaşırlar. Cümə nümayişi “Milli Şura cüməsi“ şüarı altında keçiriləcək və bir az əvvəl yaradılan Milli Keçid Şurasına dəstəyi simvolizə edəcək. Çərşənbə axşamı Rusiya və Çin BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə edərək Suriyaya qarşı sanksiyaları nəzərdə tutan qətnaməni bloklayıblar. Səsvermə zamanı qətnamənin qəbul olunmasının lehinə doqquz ölkə səs verib, dörd ölkə isə bitərəf qalıb.

Oxunma sayı 88