Təhsil xərcləri azaldılmalıdırmı - Müzakirə

17:10 07.08.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Milli Məclisin növbədən kənar iclasında təhsil haqqlarının azaldılması məsələsini millət vəkili Erkin Qədirli qaldırdıqdan sonra bir neçə deputatdan da dəstək gəldi.

Bəs təhsiı haqları hazırki durumda azaldılmalıdırmı?

Sualımızla bağlı təhsil eksperti Elçin Əfəndi hafta.az-a dedi ki, mövcud vəziyyəti nəzərə aldıqda ödənişli əsaslarla təhsil alan tələbələr üçün təhsil haqqında bir qədər endirim olmalıdır:

"Buna səbəb 5-6 aydır ki, işsiz olan valideynlər, dərslərin distant formada olması və eləcə də mövcud pandemiya vəziyyətinin yaratdığı digər fəsadlardı. Düşünürəm ki, təhsil haqlarında müəyyən qədər endirim və ya təhsil haqlarının 4 hissədə ödənilməsi yaxşı olardı. Elə ali təhsil müəssisələri var ki, orada illik təhsil haqları 4-5 min, 6 min və hətta 6500 manatdır. Bunu da valideynin indiki halda ödəməsi real görünmür. Bu il dövlət sifarişi üzrə təxminən 24-25 min plan yeri olmalıdır. Ötən ilə nisbətən hardasa 2-3 min əlavə dövlət sifarişi yer ayrılacağı nəzərdə tutulur. Bu isə ümumilikdə qəbul olanların 45-50%-i deməkdir. Digərləri isə ödənişli əsaslarla təhsil alanlardır. Ödəmə imkanı olmayan məcburdur ki, təhsilini dayandırsın. Bu isə yolverilməzdir və ölkə başçısının "təhsilin əlçatanlığı təmin olunmalıdır" fikirlərinə qarşı çıxmaq deməkdir".

Təhsil eksperti Kamran Əsədov isə hesab edir ki, 2017-2018-ci tədris ilində dövlət ali təhsil müəssisələrinin əyani şöbələrində təhsil alan tələbələrin, sadəcə, 36,3 faizi təqaüd alırdı. 2000-ci ildə bu göstərici 45 faiz olub. 2015-2016-cı tədris ilində isə təqaüd alanlar 37,3 faiz təşkil edib.

2000-2001-ci tədris ilində ali təhsil müəssisələrində təhsil alan tələbələrin sayı 119,7 min, 2015-2016-cı tədris ilində 161,2, 2016-2017-ci tədris ilində isə 163,8 min nəfər təşkil edib. 2018-2019-cu tədris ili üzrə ali məktəblər üçün 45 159 yer ayrılmışdı və onun 13 mini dövlət sifarişli ixtisaslar, 22 mini ödənişli ixtisaslar idi.

Hazırda 47 min plan yerinin 21 mini dövlət sifarişlidirsə, 2020-ci ildə dövlət sifarişli yerlərin sayı 25 min olacaq.

Rəqəmlərdən də göründüyü kimi istər ödənişli əsaslarla, östərsə də pulsuz oxuyanlar eyni ixtisasa qəbul olub eyni qrupda təhsil alsalar da, hətta qəbul imtahanlarından sonra fərqli ballarla uğur əldə etsələr də onlara aid olan tədris proqramında heç bir fərq yoxdur. Misal üçün qəbul imtahanında 600 bal toplayan da 200 bal toplayan da eyni ixtisasa, qrupa qəbul olub təhsil ala bilər, amma onlar üçün tədrisdə heç bir fərq qoyulmur.

Amma bu əmək bazarının tələbinə cavab verəcək kadr hazırlığı üçün ciddi fəsaddır. Belə ki, az balla qəbul olmuş şəxsin bilik və bacarıqları yüksək balla qəbul olanla müqayisədə aşağı olduğu üçün onun proqramı mənimsəməsi çətin olur. Ona görə də hesab edirəm ki, tələbələr qəbul olduqdan sonra bal intervalına görə qruplaşdırıla bilər və onların hər birinə fərqli tədris proqramı tətbiq edilə bilər. Misal üçün 600 və daha çox bal toplayan, 500-600 arası bal toplayan, 400-500 arası bal toplayan, 300-400 arası bal toplayanlar bir qrupda olsunlar və onlara uyğun tədris proqramı hazırlansın.

Bir məqamı da qeyd edim ki, ölkə prezidentinin müvafiq sərəncam və qanuna uyğun olaraq təhsil aldığı müddətdə məcburi köçkün statusu olan tələbələr, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları olan tələbələr, şəhid ailəsi statusunu almış ailənin üzvləri olan tələbələr, hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslər, hər iki valideyn himayəsindən məhrum olmuş uşaqlar, bir valideyni vəfat etmiş və o biri valideyni I və II qrup əlil olan 18 yaşınadək təhsil haqqından azad edilirlər.

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsil müəssisələrinin infrastrukturuna dair norma, standart və qaydaların təkmilləşdirilməsi, beynəlxalq təcrübə əsasında təhsil müəssisələrinin akkreditasiyası sisteminin, təhsil sistemində dövlət sifarişinin formalaşdırılmasına yenidən baxılması, ölkənin siyasi, iqtisadi və sosial inkişafının real tələbatına əsaslanaraq prioritet sayılan sahələr üzrə kadr hazırlığının təmin edilməsi qarşıya məqsəd qoyulub.

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul və yerləşdirmə mexanizminin təkmilləşdirilməsi, dövlət və özəl ali təhsil müəssisələrinə ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsi və dövlət sifarişinin yalnız ixtisaslar üzrə müəyyənləşdirilməsi nəzərdə tutulur. Bu o deməkdir ki, növbəti illərdə ödənişsiz plan yerlərinin sayı daha da artacaq və 2020-ci ildən etibarən ali təhsil müəssisələrinin plan yerlərinin azı 50 faizi pulsuz olacaq"

Oxunma sayı 2566
Sosial rubrikasından digər xəbərlər