Təhsilin ayrı-ayrı pillələri üzrə ənənəvi tədris başlaya bilər - Təklif

12:22 19.01.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bu gün hər hansı bir proqnoza və gözləntiyə əsasən deyil, real vəziyyətə uyğun hərəkət etməliyik

Məlum olduğu kimi, koronavirus pandemiyası bütün sahələrlə yanaşı, təhsil sektorunun da fəaliyyətini iflic halına salıb. Düzdür, pandemiya dövründə dərs mövzuları distant formada, eləcə də teledərslər şəklində şagirdlərə izah edilir.

Müşahidələr onu göstərir ki, distant təhsildə əldə olunan nəticələr ənənəvi təhsillə müqayisədə çox-çox aşağıdır. Təhsil Nazirliyi  ümumtəhsil müəssisələrinin şagirdləri üçün təşkil olunan distant dərslərlə bağlı mövcud problemləri açıqlayıb. Nazirlikdən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, dərslərin onlayn qaydada tədrisində şagirdlərin iştirak faizi şəhərlərlə müqayisədə kənd rayonlarında nisbətən aşağıdır: "Səbəb olaraq bəzi ailələrin internetə çıxış imkanlarının məhdudluğunu və dərslərə qoşulmaq üçün müvafiq cihazın olmamasını qeyd edə bilərik. Onlayn dərslərə qoşula bilməyən şagirdlər üçün televiziya kanallarında tədris proqramına uyğun olaraq teledərslərin yayımlanması təmin olunur".

Yeri gəlmişkən, Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən pandemiya dövründə tədris və təlim-tərbiyə prosesinin təşkili vəziyyətini müşahidə etmək məqsədilə "Virtual məktəbdə bir gün" layihəsinə start verilib. İdarədən hafta.az-a verilən məlumata görə, layihə çərçivəsində BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində təşkil edilən distant dərslər BŞTİ rəhbərliyi və İdarənin əməkdaşları tərəfindən dinləniləcək. Sonra layihə üzrə "Virtual məktəb" platformasında tədris və təlim-tərbiyə prosesinin təşkilinin daha da təkmilləşdirilməsi, distant təhsilə cəlbolunma səviyyəsinin təhlili istiqamətində müəllim və məktəb rəhbərlərinin iştirakı ilə müzakirələr aparılacaq. Layihə çərçivəsində paytaxtın 12 inzibati rayonu üzrə məktəb direktorlarının iştirakı ilə distant tədris prosesini izləmək üçün dərs müşahidələrinin davamlı təşkili nəzərdə tutulur.

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən, xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin edilir. Müəyyən edilib ki, bu Qərarın qüvvədə olduğu müddətdə sanitar-epidemioloji vəziyyətlə bağlı Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin və ya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyləri əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi ayrı-ayrı inzibati ərazi vahidlərində fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılmasının bərpası və ya dayandırılması barədə qərar qəbul edə bilər. Artıq bu həftədən etibarən Azərbaycanda mövcud epidemioloji vəziyyətlə bağlı tətbiq olunan sərt karantin rejimi müəyyən qədər yumşaldılacaq. Belə ki, yanvarın 25-dən bəzi fəaliyyət sahələrində işlər bərpa olunacaq. Bu istiqamətdə təhsil sektorunda da müəyyən açılmaların olacağı gözlənilir. Bununla bağlı, həftə ərzində təhsil naziri Emin Əmrullayevin iştirakı ilə brifinq təşkil ediləcək. Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov özünün "Facebook" hesabında paylaşdığı məlumatda bildirib. Məlumatda deyilir ki, brifinqdə qarşıdakı dövr ərzində tədrisin təşkili qaydaları, yeni hədəflər, gözləntilər barədə məlumat veriləcək, sual doğuran məsələlərə aydınlıq gətiriləcək.

Mövzu ilə bağlı fikirlərini hafta.az-la bölüşən Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini, təhsil eksperti Nadir İsrafilov söyləyib ki, təhsil üçün ağır keçən bir ilə yaxın müddətdə, təhsilimizin ayaq üstə saxlanılması üçün istər Təhsil Nazirliyi, istərsə də aidiyyəti qurumlar tərəfindən bütün mövcud imkanlardan istifadə olunub:

“Hər şeydən əvvəl onu qeyd edim ki, distant təhsilin təşkili və gedisatı barədə hər hansı bir fikir söyləyərkən, onu təhsilin ənənəvı forması ilə müqayisə etmək və gözlətilərimizi keyfiyyət baxımında mübahisələndirmək heç də düzgün olmazdı. Hər şeydən əvvəl ona görə ki, buna nə dərəcədə hazır olub-olmamağımızdan asılı olmayaraq, distant (məsafədən) təhsil - tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkil olunduğu təhsilalma forması kimi təhsil qanunvericiliyimizdə öz əksini tapıb. Baxmayaraq ki, təhsil müəssisələrinin nə vaxt açılacağı və tədris prosesinin hansı formada davam etdiriləcəyi artıq bu gün deyil, uzun müddətdir ki, təkcə təhsil ictimaiyyətini deyil, bütün cəmiyyət üzvlərini düşündürür. Təhsilin distant forması əsasən müəyyən səbəblər üzündən təhsilini artırmaq imkanı olmayan və yeni ixtisas almaq arzusunu həyata keçirə bilməyən potensial şəxslərə real təhsil imkanları yaratmaq funksiyasını yerinə yetirsə də, bu təhsil forması ənənəvi təhsil formalarına nisbətən öyrənənlərin müstəqilliyini, fəallığını, şüurluğunu, yaradıcılığını optimal şəkildə inkişaf etdirmək, öyrədən və öyrənən arasında əlaqəni telekommunikasiya və kompüter şəbəkələri vasitəsi ilə operativ, müntəzəm dialoq, əks əlaqə əsasında, uzaq məsafədən həyata keçirmək imkanlarına malikdir. Başqa sözlə, təhsil nazirinin də bir müddət əvvəl vurğuladığı kimi   “Distant təhsil sadəcə olaraq yaranmış vəziyyətdə ən uyğun həll, çıxış yoludur” və “Təhsil nailiyyətlərini, faydalılığını qiymətləndirmək sonrakı işdir.” Baxmayaraq ki, ənənəvi tədrisin olmaması, şagirdlərə müəllimlərə, bütövlükdə təhsil ictimaiyyətinə psixoloji cəhətdən müəyyən  təsirlər göstərib, təhsil sferasında kifayət qədər  problemlər yaradıb, bununla belə təhsil prosesinin davamlılığını təmin etmək məqsədilə istər Nazirlik, istərsə də aidiyyəti qurumlar tərəfindən mümkün olan bütün lazımi tədbirlər həyata keçirilib, təhsil üçün ağır keçən bir ilə yaxın müddətdə, təhsilimizin ayaq üstə saxlanılması üçün bütün mövcud imkanlardan istifadə olunub və olunmaqdadır”.

Ekspert onu da vurğulayıb ki, hamının rahat hesab etdiyi canlı öyrənmə mühitini bu gün bizdən asılı olmayan səbəblərdən təşkil edə bilmirik: “Azərbaycanda sərt karantin rejimi ilə bağlı müyyən yumşalmalar fonunda təhsillə əlaqədar hansı qərarların qəbul ediləcəyi hər kəsi maraqlandırır. Bu barədə yəqin ki, təhsil naziri Emin Əmrullayevin iştirakı ilə təşkil olunacağı planlaşdırılan brifinqdə ətraflı məlumat veriləcək, qarşıdakı dövr ərzində tədrisin təşkili qaydaları, yeni hədəflər, gözləntilər və s. barədə sual doğuran məsələlərə aydınlıq gətiriləcək, pandemiya ilə bağlı mövcud vəziyyət və zəruri ehtiyaclar nəzərə alınmaqla həlli vacib məsələlər diqqət mərkəzində olacaq. Əlbəttə, gündəlikdə duran vacib məsələlərdən biri də birinci yarım ilin yekunları, yeni şəraitə və yeni qaydalara uyğunlaşmaq baxımından həlli zəruri olan vəzifələrə yönəlik məsələdir. Hesab edirəm ki, şəraitə və situasiyaya uyğun lokal xarakterli diferensial yanaşma hələ bir müddət davam edəcək. Nazirin də qeyd etdiyi kimi hamının rahat hesab etdiyi canlı öyrənmə mühiti bu gün bizdən asılı olmayan səbəblərdən təşkil etmək mümkün deyil. Ona görə də cəmiyyətdə bəzən elə düşünülür ki, canlı təhsildən distant təhsilə keçilir. Əslində böhran vəziyyətində öyrənmək üçün mümkün olan edilir. Yəqin ki, nazir brifinqdə I yarım ilin başa çatması ilə əlaqədar məktəb daxili qiymətləndirilməyə də aydınlıq gətiriləcək. Məlum olduğu kimi artıq, ali məktəblərdə  payız semestrinin imtahan sessiyasının ilk həftəsi başlayıb və distant formada davam edir. İmtahan sessiyasının təşkili və keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin müvafiq əmri də var. Qiymətləndirmə mexanizminin onlayn müstəvisində həll edilməsi zərurəti ilə əlaqədar, ümumtəhsil məktəblərində təlim prosesində əks-əlaqənin təmin edilməsi, təhsilin keyfiyyətinin idarə olunması, inkişaf dinamikasının izlənilməsi və proqnozlaşdırılması üçün real vəziyyətin öyrənilməsi məqsədilə şagird nailiyyətlərinin mill qiymətləndirilməsi də keçirilib”.

Nadir İsrafilov həmçinin qeyd edib ki, respublikamızda koronavirus əleyhinə vaksinasiyaya başlanmasına qərar verildiyini nəzərə alaraq təhsil müəssisələrinin də təhsilin ayrı-ayrı pilləri üzrə, mərhələlər əsasında ənənəvi formada fəaliyyətə başlaması istisna olunmur: “ II yarımildə tədrisə hansı formada başlanacağından asılı olmayaraq, özündə klassik və yeni texnologiyaları birləşdirən alternativ təhsil - “Hibrid” adlandırdığımız təhsil – vəziyyətdən asılı olaraq təhsil mühitinin yaradılması üçün yeni, qabaqcıl texnologiyaların köhnə, sınanılmış metodlar ilə birləşməsindən ibarət bir təhsil forması kimi istifadə olunmaqda davam edəcək. Yəni, bu gün hər hansı bir proqnoza və gözləntiyə əsasən deyil, real vəziyyətə uyğun hərəkət etməliyik”.

Oxunma sayı 560