İran-Azərbaycan dostluq əlaqələrini istəməyən qüvvələr var

15:15 07.10.2011
Yazını böyüt
Yazını kiçilt
Azərbaycanda oktyabrın 3-dən başlayan İran Mədəniyyəti günləri uğurla davam edir və sabah Gəncədə işini sona çatdıracaq. Bu günlər ərzində Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə İran islami irşad və mədəniyyət naziri Seyyid Məhəmməd Hüseyninin rəsmi görüşü, tədbirlərdə ünsiyyəti və səmimi söhbətləri olub. Bütün məqamlarda iranlı nazir mədəniyyət günlərinin yüksək səviyyədə keçirilməsi üçün yaradılan şəraiti, Azərbaycan xalqının qonaqsevərliyini, iki xalq və dövlət arasında xoş münasibəti dəfələrlə qeyd edib. Bu günlərdə Nizami Gəncəvinin və ya digər tanınmış simaların milli mənsubiyyəti barədə heç bir ciddi söhbət aparılmayıb. İran “Fars“ agentliyi və “Tehran Tayms“ kimi informasiya vasitələri isə Azərbaycanda böyük uğurla keçirilən bu əhəmiyyətli mədəniyyət hadisəsini işıqlandırarkən ədəbiyyat və mədəniyyət tarixindən bütün dünyaya məlum olan gerçək faktları təhrif etməyə cəhd göstəriblər. Belə ki, “Tehran Tayms“ Nizami Gəncəvinin Azərbaycanın qədim şəhəri Gəncədə yaşayıb-yaratdığını, vəfat etdiyini, mavzoleyinin orada yerləşdiyini yazsa da, dahi azərbaycanlını İran şairi kimi təqdim edib. “Fars“ Xəbər Agentliyi də eyni kobud yanlışlığa yol verib. Bununla bağlı Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi İranın mətbuat orqanlarına yol tapmış yanlış məlumatlara qarşı qəti etirazını və dərin təəssüf hissini bildirib. Bütün tarixi, ədəbi mənbələrin, dünya ictimaiyyətinin, Nizamişünaslıq elminin təkzibolunmaz dəlillərinə əsasən, Nizami Gəncəvinin İran şairi deyil, məhz Azərbaycan şairi olduğunu, Azərbaycanın qədim şəhəri Gəncədə doğulub yaşadığını, orada əbədiyyətə qovuşduğunu bəyan edib. Xatırladılmalıdır ki, dövrün ədəbi qaydalarına uyğun olaraq, bir çox digər Azərbaycan şairləri kimi, Nizami Gəncəvinin də əsərlərini fars dilində yaratması onun milli mənsubiyyətini təyinetmə mövzusu ola bilməz. Müstəqil müşühidəçilər, ədəbiyyat araşdıcıları və digər alimlərin də yekdil fikri budur. Deməli, N.Gəncəvinin milli mənsubiyyəti yox, bu gün məhz İran-Azərbaycan arasında hərtərəfli əlaqələrin inkişafına qısqanclıqla yanaşan, araqatan qüvvələrin mövcudluğu narahatlıq doğurmalıdır. Azərbaycan Yazıçılar Birliyini katibi Saymon Aruz bildirib ki, “Fars“ agentliyinin və “Tehran Tayms“ın aşkar mövqeyi bir tərəfdən İran-Azərbaycan əlaqələrinin inkişafını istəməyən qüvvələrin mənafeyini ifadə edirsə, digər tərəfdən, mətbuat və digər orqanların işinə ciddi sağlam nəzarətin mövcud olduğu İranda yol verilmiş bu kobud səhv ən azından təəccüb doğurur.
Vüsal
Oxunma sayı 82