Tərtərdə toydan gələn sərxoş özünü qumbara ilə partlatdı – Günün təzadları

17:43 30.08.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətləri Tərtərdə qumbara partlaması ilə bağlı məlumat yaydı. Hafta.az yazır ki, Musavat.com-a bu haqda daxil olan birgə məlumatda bildirilib ki, avqustun 29-da Tərtər rayon sakini 1994-cü il təvəllüdlü Elmir Hüseynlinin yaşadığı evin həyətində sərxoş vəziyyətdə naməlum mənbədən əldə etdiyi əl qumbarasını partlatması nəticəsində aldığı xəsarətlər səbəbindən vəfat edib. Fakta görə cinayət işi başlanıb. İntiharın səbəblərinin araşdırılması məqsədilə mərhumun ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınıb. İlkin istintaqla müəyyən edilmişdir ki, E.Hüseynli Tərtər rayonu ərazisində keçirilmiş toy məclisindən sərxoş vəziyyətdə evə qayıtdıqdan sonra istintaqa məlum olmayan mənbədən əldə etdiyi əl qumbarası ilə özünü partladacağını bildirib, səs-küyə həyətə gələn qonşusu 1967-ci il təvəllüdlü Fikrət Abbasov onu özünü öldürməkdən çəkindirmək üçün yaxınlaşarkən E.Hüseynli əl qumbarasını partlayıb, hadisə nəticəsində Elmir Hüseynli hadisə yerində vəfat edib, F.Abbasov isə ağır dərəcəli bədən xəsarətləri alaraq Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 

Bakıda ana bir neçə anda övladlarını ölümdən xilas etdi

Bakıda baş verən dəhşətli qəza kameralara düşdü. Hafta.az xəbər verir ki, Avtosfer.az-ın yaydığı məlumata görə, Heydər Əliyev prospektində, Bakı Nəqliyyat Agentliyinin yaxınlığında hərəkətdə olan "Audi" markalı avtomobilin sürücüsü qəfildən idarəetməni itirir və maşın işıq dirəyinə çırpılaraq onu aşırdır. Sürücünün qapısı açılmır. Bu zaman cəmi bir neçə saniyə ərzində avtomobilin pəncərəsindən çıxan sürücü xanım arxa qapıları açaraq iki azyaşlı uşağı maşından çıxarır. Ardınca yerə düşmüş telefonunu götürərək tez avtomobilin yanından uzaqlaşır.

 

Tovuzda çay zibil poliqonuna çevrildi

Tovuzda rayonun adını daşıyan çayın zibil poliqonuna çevrildiyi bilindi. Hafta.az yazır ki, Xezerxeber.az-ın məlumatına görə, çayın kənarı və axarı məişət tullantıları, heyvanın daxili orqanları, dərisi ilə doludur. Ətrafa yayılan üfunət qoxusu, sahibsiz itlər və bütün bunlarin fonunda çayda sudan istifadə edən insanların, su içən heyvanların hansı xəstəliklərə düçar olması halları acınacaqlı mənzərə ortaya çıxarır. Ətrafda yerləşən ictimai-iaşə obyektlərinin çirkab suları da birbaşa çaya axıdılır. Çayın bu vəziyyətdə olmasına baxmayaraq azyaşlı uşaqlar burada çimirlər. Heyvanlar və ev quşları da bu çaydan su içir. Əkin sahələri də buradan ayrılan qollar vasitəsi ilə suvarılır. Tullantıların bir qismi suyun axın istiqamətində getsə də, ətrafda qalanlar da olur. Ətrafda yaşayan sakinlər tullantıları təmizləməyə çalışsalar da, bu cəhdlər öz nəticəsini vermir. Çünki gecə və səhər saatlarında yenə də çay kənarında şəxsi avtomobillər dayanır və zibil atırlar. ETS-nin 2 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsindən isə bildirilib ki, mövcud vəziyyətə qarşı tədbirlər görülsə də, sakinlər yenidən həmin mənzərəni yaradırlar. Hər halda gürünən odur ki, çayın bu cür çirklənməsinin qarşısının alınması üçün görülən tədbirlər nəticəsiz qalır.

 

Bakıda kişinin sifətinə qaz buraxıb pulunu aldılar

Nizami rayonunda quldurluq hadisəsi baş verdi. Hafta.az-ın yazdığına görə, APA xəbər verir ki, hadisə Qara Qarayev prospektində qeydə alınıb. Belə ki, 1967-ci il təvəllüdlü Mayıl Səmədov prospektlə hərəkət edərkən naməlum şəxs ona yaxınlaşıb və əlindəki göz yaşardıcı qazı onun üzünə püskürüb. Daha sonra naməlum şəxs M. Səmədovun cibində olan 2800 ABŞ dollarını götürərək qaçıb. Faktla bağlı Nizami Rayon Polis İdarəsində CM-nin 181-ci maddəsi ilə cinayət işi başlanılıb.

 

Avtomobil yoluna 12 hərbi təyyarə endi

Rusiya Silahlı Qüvvələrinin Mərkəz hərbi dairəsində keçirilən maddi-texniki təchizat bölmələrinin təlimləri çərçivəsində  12 “Su-34” döyüş təyyarəsi və 2 “An-26” nəqliyyat təyyarəsi Tatarıstanda Avropa ilə Çini birləşdirən şose yoluna endi. Hafta.az-ın yazdığına görə, Virtualaz.org Rusiya KİV-lərinə istinadla xəbər verir ki, müvafiq videokadrları Rusiya Müdafiə Nazirliyinin “YouTube” kanalı yayıb. 

 

Mingəçevirdə 120 yaşlı qovaq qaçqın sığınacağının üstünə aşdı

Mingəçevirdə 120 ildən artıq yaşı olan qovaq ağacı gecə saatlarında kökündən qoparaq yaşayış ərazisinə aşdı. Hafta.az  yazır ki, APA-nın Mingəçevir bürosunun məlumatına görə hadisə  Mingəçevir Su Anbarı hövzəsində yerləşən köhnə turist bazasında baş verib. Məcburi köçkünlərin məskunlaşdığı bu bazanın giriş qapıları önündə qəfildən aşan qovaq ağacının 120 ildən artıq yaşı olduğu deyilir. Nəhəng ağac iri gövdə və budaqları ilə ətrafa yayılıb. Hətta ətrafındakı nisbətən gənc həmişəyaşıl ağacların da bir qisminin üstünə düşərək onlara da zərər verib. Hadisə gecə saatlarında baş verdiyindən turist bazası ərazisində məcburi köçkünlərdən zərərçəkən şəxs olmayıb.