Ticarət obyektləri müştəri azlığından şikayət edir - Reportaj

13:53 29.04.2020 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Aprel ayının 27-dən bir çox ticarət obyektlərinin fəaliyyətinə icazə verilib. Artıq iki gündür ki, bir sıra mağazalar və ictimai-iaşə obyektləri karantin rejiminin tələblərinə uyğun fəaliyyət göstərir.

Mövcud vəziyyətlə bağlı bu dəfə yolumuzu “Neftçilər” mertostansiyasının yaxınlığındakı ərazidən saldıq. Fəaliyyət göstərən bir neçə geyim mağaza və firmalarında olduq.

Bir müddət müşahidə aparsaq da, hələlik mağazalara daxil olan müştərilərin sayının çox az olduğunu gördük.

Müxtəlif çeşidli qadın ayaqqabıları satılıran mağazaya daxil oluruq.  Burada gigiyenik təmizlik işlərinə ciddi fikir verilir. Satıcılar dedilər ki,  ticarət zəifdir, alıcılar gəlmir. Mallarda isə endririmlər var.

Qadın geyimləri satılan mağazada da bir-iki nəfər müştəri vardı. Mağazanın sahibi Şaiq Mirzəliyev  alverin çox zəif olduğunu bildirdi:

"Hələ ki, ziyana işləyirik.  Artıq qadın geyimlərinin sezonu keçib. Bu səbəbdən də öz qiymətindən aşağı satırıq. Təzə mal gəlməyib. Karantin rejimi olduğuna görə hər yer bağlıdır. Malları da öz qiymətindən aşağı veririk ki, qalmasın, satılsın. Heç olmasa icarə haqqını verə bilək. Dezinfeksiya işlərinə də ciddi qaydada əməl edirik. Dükanı açmamışdan öncə təmizlik  və dərmanlanma işləri aparmışıq. Satıcıların hamısı əlcək və maskalardan istifadə edirlər”.

Uşaq geyimləri satılan mağazanın satıcısı Günay xanım bildirdi ki,  alıcılıq qabiliyyəti çox aşağıdır:

”Baxmayaraq dünəndən mağazamız fəaliyyət göstərir, demək olar, bir-iki nəfər müştəri gəlib. Mallarda endirimlər etmişik. Təzə mal isə gəlmir. Ancaq dükanda olanı satırıq”.

Digər mağazalarda da eyni vəziyyət idi. Satıcılar karantin rejimi ilə əlaqədar olaraq müştərilərin gəlmədiyini və alverin getmədiyini söylədilər: ”Mağazanın da açılmasına ona görə icazə verilib ki, heç olmasa  dövlətin vergisini və icarə pullarını verə bilək”.

Oxunma sayı 877