“Torpaq – uğrunda ölən varsa, Vətəndir”

18:18 19.04.2016
Yazını böyüt
Yazını kiçilt

Zivər Abbasova: “Emin Bağırov və Fəxrəddin Qurbanov bir evin övladı kimi doğulsalar da, öz ölümləri ilə bütöv bir elin övladına çevrildilər”. Aprel ayının 2- 4-də düşmənlə təmas xəttində gedən qanlı döyüşlərdə Binəqədi rayonunun Binəqədi qəsəbəsi iki şəhid verdi – Emin Bağırov və Fəxrəddin Qurbanlı. Binəqədi Mərkəzi Mədəniyyət Evində hər iki şəhidin anım günü qeyd edildi. 

“Həftə içi”nin verdiyi xəbərə görə, tədbir başlanmazdan əvvəl, Azərbaycanın Dövlət Himni səsləndi. Hər iki şəhid haqqında hazırlanmış videogörüntülər təqdim olundu.
Sonra Mərkəzi Mədəniyyət Evinin direktoru Zivər Abbasova bugünkü tədbirin hələ səsi-sədası qulaqlardan getməyən, ağrısı ürəyimizi sızladan, həm də qürur verən tarixi bir günün yenidən xatırlanması, həmin günlərdə şəhid olmuş qəhrəman övladlarımız Emin Bağırov və Fəxrəddin Qurbanlının əziz xatirəsinə həsr olunduğunu söylədi: “Respublikanın digər bölgələrində olduğu kimi, Binəqədi də öz şəhidini torpağa əmanət etdi. Deyirlər ki, od düşdüyü yeri yandırır. Biz həmişə söyləyirik ki, qadınla-kişi eyni hüquqludur, amma son günlər göstərdi ki, sən demə, bu, heç də belə deyilmiş. Bu dörd gündə hiss etdim ki, qadınla-kişi arasında böyük fərq vardır. Bizim bir ana, bir bacı, bir qadın kimi ürəyimiz yandı, ancaq güllə qarşısına ölümü gözə alaraq, ər oğullarımız getdilər. Bütün Vətən oğullarını bağrıma basaraq, “Nə yaxşı ki, varsınız!” deyirəm. Torpağa ona görə müqəddəs deyilir ki, ona igid oğulların qanı hopmuşdur. Baxmayaraq, Azərbaycanın ərazisi xəritədə çox kiçikdir. Amma biz böyük xalqıq. Bu müharibə bir daha onu göstərdi ki, məzhəbindən, dinindən, dilindən, irqindən və cinsindən asılı olmayaraq, hamının qəlbi Vətənlə döyündü”.

Binəqədi Rayon İcra Hakimiyyəti ictimai-siyasi, hümanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəvanə Əliyeva bildirdi ki, son döyüşlərdə Binəqədi rayonu 4 şəhid verib – Emin Bağırov, Fəxrəddin Qurbanlı, Cabbarxan Hacı Ağayev, Mahir Mirzəyev. Onun sözlərinə görə, Emin Bağırov Lələtəpə yüksəkliyinə Azərbaycanın üçrəngli bayrağını sancarkən şəhid olmuşdur: “Hər bir xalqın tarixində elə hadisələr baş verir ki, zaman keçdikcə, bu günlər unudulmaz bir tarixə çevrilir. Hər kəs ucalığa, bir zirvəyə can atır. Həmin o uca zirvə isə Şəhidlik zirvəsidir. Bu zirvə hər adama nəsib olmur. Yeri gəlmişkən, qeyd edim ki, bu son döyüşlər xalqın qəhrəmanlığını bir daha sübüt etdi. Şəhidlərimizin dəfnində böyük qələbəlik yaşandı. Məktəblilər, yaşından asılı olmayaraq, şəhidlərin dəfnində böyük vətənpərvərlik ruhu ilə iştirak etdilər. Şəhid valideynləri qarşısında baş əyirik. Qəhrəmanlıq göstərən şəhidləri heç kəs unutmayacaq. Onların ailəsinə dövlətimiz tərəfindən də qayğı göstərilir və göstəriləcək də. Biz hamımız inanırıq ki, torpaqlarımız tezliklə işğaldan azad ediləcək”.
Şəhid Emin Bağırovun qardaşı Yaqub Bağırov qardaşı ilə fəxr etdiyini söylədi: “Orada döyüşən hər bir əsgər qəhrəmanlıq göstərib. Biz də Ali Baş Komandanın əmrini gözləyirik, mən və qardaşım da Vətən uğrunda şəhid olmağa hazırıq”.
Şəhid Fəxrəddin Qurbanlının əmisi Adil Qurbanov tədbiri təşkil edənlərə öz təşəkkürünü bildirdi və şəhidlərimizlə qürur duyduğunu dedi. “Çünki şəhidlərimiz canlarından keçərək, qəhrəmanlıq göstərdilər və işğal altında olan torpaqlarımızın bir hissəsini azad etdilər”.
Tədbirdə Binəqədi Mərkəzi Mədəniyyət Evi nəzdində fəaliyyət göstərən kollektivlərin hazırladıqları vətənpərvərlik şeirləri və mahnıları səsləndi.

Oxunma sayı