Tovuzda məhkəmənin keçmiş sədri qətlə yetirildi - Günün təzadları

18:29 13.09.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Tovuz rayonunda güllələnən sabiq məhkəmə sədri xəstəxanada öldü. Hafta.az yazır ki, "Report"un Qərb Mərkəzinin məlumatına görə, rayon sakini, 1963-cü il təvəllüdlü Ələkbərov Firudin Muxtar oğlunu həmyerlisi, 1959-cu il təvəllüdlü Şəmiyev Əli Məhərrəm oğlu güllələyib. F.Ələkbərli 3 güllə yarası alıb və xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törədən Ə.Şəmiyev polis tərəfindən saxlanılıb. "Report"un əldə etdiyi məlumata görə, güllələnən F.Ələkbərli Tovuz Rayon Xalq Məhkəməsinin (indiki Tovuz Rayon Məhkəməsinin) sabiq sədridir. O, 1995-ci ildə fəaliyyətində qanunun kobudcasına pozulmasına görə vəzifədən azad edilib və xalq hakimi səlahiyyətindən vaxtından əvvəl məhrum olunub.

 

Müsəlman qız doğum günündə 7 yaşlı oğlanı xilas etdi

Dağıstanın paytaxtı Mahaçqala sakini olan məktəbli qız Umukusum Tacibova öz doğum günü məclisində şücaət göstərdi. Hafta.az Rusiya mediasına istinadla xəbər verir ki, ibrətamiz olay  Umuküsümün yay tətilində nənəsinin yanında dincəldiyi kənddə baş verib. Süni gölün sahilində qızın 14 yaşı münasibətilə süfrə açan qohum və dostlar şənlənərkən köməyə çağıran uşaq səsi eşidilib. Həmin anlarda bir az  kənardan  maraqlı epizodları lentə alan Umukusum yaxınlıqda sürüşərək gölə düşmüş balaca oğlanı görən kimi dərhal suya atılıb və onu sahilə çıxarmağa nail olub.  Müsəlman qızın bu hərəkətində fövqəltəbii bir şey görməyərək “hər kəs mənim yerimdə olsaydı, belə edərdi” deməsinə rəğmən onun bu şücaəti Dağıstan Respublikasının fövqəladə hallar qurumunun hər il keçirdiyi “Cəsurluq bürcü” festivalında qeyd olunacaq. Bu haqda qurumun “İnstaqram” səhifəsində məlumat verilib.

 

2 yaşlı uşaq gənc ananın doğum günündə ölümünə səbəb oldu

Belarusda 21 yaşını qeyd edən gənc ana Yulia Şarkom öz doğum günündə bədbəxt hadisə ilə üzləşdi. Hafta.az-ın Musavat.com-a istinadla verdiyi xəbərdə deyilir ki,  ana övladını maşının içərisindən götürməyə çalışarkən uşaq düyməni basaraq avtomobilin pəncərəsini bağlayıb. Başı pəncərənin arasında qalan gənc qadın boğulub.  Qadının həyat yoldaşı Artur Şarkom onu avtomobilin pəncərəsində huşsuz vəziyyətdə aşkar edib. Şüşəni qıraraq həyat yoldaşını xilas etməyə çalışan gənc oğlan onun boğulduğunu görüb. Hadisə yerinə təcili tibbi yardım çağırılsa da, qadının həyatını xilas etmək mümkün olmayıb. Gənc qadın müalicə aldığı xəstəxanada 8 gün sonra boğulma zamanı beynində əmələ gələn zədələrdən vəfat edib.

 

İstanbul restoranında robot-ofisiantlar xidmətə başladı

İstanbulun Ataköy rayonunda yerləşən restoranda müştərilərə robotlar xidmət göstərməyə başladı. Hafta.az xəbər verir ki, bu haqqda Oxu.az məlumat yayıb. Robotları türkiyəli mühəndislər proqramlaşdırıb. "Robotlardan istifadə etmək məsləhətini bizə bir professor olan müştərimiz verib. Biz isə bu ideyanı həyata keçirdik. Robotlar bizim rəsmi brendimizdir və buna müəllif hüquqularımız var", - deyə direktor Mücahid Kuşman bildirib. Onun sözlərinə görə, robotlar restoranda müştərilərin sayının artmasını təmin edib.

 

“Vicdan haqqı”nın aktyoru 22 kilo arıqladı

“Vicdan haqqı” serialı ilə məşhurlaşan aktyor İbrahim Çingiz tanınmaz hala düşdü. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, 22 kiloqram arıqlayan aktyor imicini də dəyişib.  O, yeni görüntüsü barədə sosial şəbəkədə paylaşım edib: “Belə transformasiya ancaq Hollivud ulduzlarından görə bilərsiniz. Özümü tərifləmirəm, amma fevraldan bu yana 22 kilo arıqladım. Heç bir dərmandan istifadə etmədən. Bu, böyük güc və iradə tələb edir. 100 kilodan 78 kiloya düşmüşəm”. Bir çox izləyici isə onun yeni imicini bəyənmədiyini bildirib. Qeyd edək ki, İbrahim Çingiz əməkdar artist Çingiz Əhmədovun oğludu.