Sarkozinin Türkiyəni hədələməsi Azərbaycanda etirazla qarşılandı

15:15 08.10.2011
Yazını böyüt
Yazını kiçilt
Fransa prezidenti Nikola Sarkozi İrəvana səfəri zamanı erməni həmkarı Serj Sarkisyanın müşayiətilə qondarma erməni soyqırımı abidəsini ziyarət edib. O, olmayan soyqırıma həsr edilən muzeydə də olub. Fransa prezidenti xatirə kitabına “Fransa unutmur“ yazıb və xatirə kompleksinin bağına ağac əkib. Nikola Sarkozi Türkiyənin ünvanına təhdid dolu bəyanat səsləndirməkdən də çəkinməyib. Onun sözlərinə görə, əgər Türkiyə 2011-ci ilin sonunadək “erməni soyqırımı“nı tanımasa, Fransa müvafiq tədbirlər görəcək.
Onun sözlərinə görə, bu tədbirlərdən biri də “erməni soyqırımı“nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunması haqqında qanun layihəsinin qəbuludur. Elə bu bəyanat da Azərbaycan diaspor nümayəndələri, eləcə də rəsmilər tərəfindən ciddi etrazla qarşılanıb.
Tanınmış jurnalist Mirzə Xəzər məsələ ilə bağlı “Həftə içi“nə bunları söylədi: “Əslində bunu normal qəbul etmək lazımdır. Sarkozidən bundan fərqli bəyanat gözləmirdim. Ermənilərin Fransada sayı çoxdur və onlar çox fəaldırlar. Ermənistan-Türkiyə sərhəddinin açılmasını təkcə Fransa yox, ABŞ, Böyük Britaniya, Almaniya və digər Qərb ölkələri də istəyir və Ankaraya bu üzdən təzyiq göstərirlər. Bu səbəbdən Sarkozinin bəyanatında gözlənilməz heç bir şey yoxdur. Mənə elə gəlir ki, gec-tez təzyiqlərin nəticəsi olacaq. Ankara bu təzyiqlərə uzun zaman tab gətirə bilməyəcək və sərhədlər açılacaq.
Sərhəddin açılması isə Ermənistanı gücləndirəcək. Bu halda Azərbaycanın tətbiq etdiyi iqtisadi blokada mənasını itirəcək. Azərbaycanın mövqeyi zəifləşəcək. Qarabağ məsələsində Ermənistan daha barışmaz mövqe tutacaq. Bir sözlə, Türkiyə-Ermənistan sərhəddinin açılması Azərbaycanın xeyrinə deyil, əksinə zərərinədir. Amma ümid edək ki, Ankara təzyiqlərə tab gətirəcək və sərhədlər bağlı qalacaq. İsveçdə fəaliyyət göstərən Bütöv Azərbaycan Təşkilatının sədri Teymur Eminbəylinin fikrinə görə, hazırda Fransa Turkiyəyə qarşı hər hansı tədbir görmək iqtidarında deyil: “ Sarkozi “blef“ edir. Fransa Turkiyəyə qarşı hər hansı tədbir görmək iqtidarında deyil. Türkiyənin indi dünyanın aparıcı dövlətləri siyahısına daxil olması qədər güclənməsi İsraili, Fransanı eləcə də digər Avropa dövlətlərini ciddi qıcıqlandırır. Bu narahatlığın qarşısında Fransa təbii ki, susmalı deyil və özünün olan-qalan gücünü göstərmək niyyətindədir. Sarkozinin Azərbaycana səfəri də Azərbaycanı bu məsələlərdə neytrallaşdırmaq və Türkiyəni bütün dəstəklərdən məhrum etməkdir. Əslində AŞ PA deputatlarının Qarabağın müstəqilliyinə səsverməsi də buna hesablanıb. Amma Türkiyəyə təzyiqlə heç nəyə nail ola bilməyəcək. Sadəcə, güc nümayiş etdirmək niyyətindədir. Azərbaycan Qarabağ məsələsinə görə Türkiyə ilə birlikdə olmağa üstünlük verməlidir və belə də edəcək.
Bu gün Azərbaycanın özü də təklənmiş bir vəziyyətdədir. İndi yol türk birliyinə doğru istiqamət alır və bu Qərbi çox narahat edir. Azərbaycan və Türkiyə indi bir - birinə daha çox arxa durmalı və digər türk dövlətlərini də bu işə ciddi şəkildə cəlb etməlidirlər.
Bu gün Türkiyə iqtidarını müsəlman ölkələri birliyi daha çox maraqlandırsa da, xilas türk dövlətlərinin birliyindədir. Yol bu istiqamətə yönəlməlidir“. DAK Qadınlar Şurasının sədri Dünyaxanım Əliyeva da əslində məsələnin kökündə Türkiyəyə təzyiqlərin durduğunu önə çəkdi: “Əslində sərhədlərin açılmasını, Ermənistanla Türkiyənin münasibətlərinin normallaşmasını istəyən qərb dövlətləri, xüsusən Fransa çalışır ki, əlindəki bütün rıçaqlardan istifadə etsin. Bunlardan da ən əsası qondarma soyqırımı məsələsidir ki, Fransa bu yolla Türkiyəyə təzyiq etməyə çalışır. İnanmıram ki, bu təzyiqlər nəticəsində Türkiyə Ermənistanla sərhədləri açsın“.
Hollandiyada fəaliyyət göstərən “Azərbaycanın Dostları“ cəmiyyətinin sədri Elman Mustafazadə Fransa prezidentinin bəyanatında yeni heç nə olmadığını bildirdi: “Sarkozinin İrəvanda bu tipli bəyanat verəcəyindən təəccüblənmək lazım deyil. Əslində bu gözlənilən idi. Bu gün Türkiyənin dünyada söz sahibinə çevrilməsi və bu dövlətin yüksələn xətt üzrə inkişaf etməsi bir sıra dövlətləri, xüsusən Fransanı ciddi narahat edir. Digər tərəfdən, Türkiyənin ərəb dünyasında böyük nüfuz qazanması qərbi gələcək planlar baxımından qıcıqlandırır. Ərdoğanın Liviyaya səfəri ilə Sarkozinin səfərini müqayisə etsək, bunun bir daha şahidi olarıq. Ərdoğanı minlərlə liviyalı qarşıladığı halda Sarkozi və Böyük Britaniyanın baş naziri Devid Kemeronu qarşılamaq üçün əhalini güclə ora yığmışdılar. Bir sözlə, Türkiyə artıq çox güclü ölkədir və bu təzyiqlər bir nəticə verməyəcək.
Məsələyə Türkiyənin rəsmi münasibəti də özünü çox gözlətməyib. Türkiyənin Avropa İttifaqı üzrə dövlət naziri Egemen Bağış Fransa prezidenti Nikola Sarkozinin İrəvanda qondarma erməni soyıqırmı ilə bağlı verdiyi bəyanata sərt cavab verib. “ANS-press“ CNN Türk-ə istinadən xəbər verir ki, nazir bildirib: “Sarkozi tarixçi roluna girməkdənsə, ölkəsinin daxil olduğu iqtisadi böhrandan necə çıxaracağı ilə məşğul olsun“.
Türkiyəli nazir sonra əlavə edib: “Dünən Fransanın daxili işlər naziri ilə görüş zamanı ona da söylədim. Biz siyasətçilərin işi keçmişi və keçmişdə baş verən hadisələri müəyyənləşdirmək deyil. Siyasətçilərin işi gələcəyi müəyyənləşdirməkdir. Cənab Sarkozi tarixçi roluna girməkdənsə, üzv olduğu Aİ-nin gələcəyinə aid layihələr yaratsa, Avropa üçün də, Fransa üçün də və dünya barışı üçün də daha anlamlı olar. Buna sadəcə, yaxınlaşan seçkinin istismarı demək olar, başqa bir şərh verməyin mənası yoxdur“.
Əli Zülfüqaroğlu