“Atamın zavodunu başqaları işlədir, evimizi satıblar“

15:15 21.10.2011
Yazını böyüt
Yazını kiçilt
Fransada doğulub İmişliyə ərə gələn və o vaxtdan burada yaşayan fransız xanım İvonna Botto Jan 10 günlük səfərini başa vurub Azərbaycana qayıtdı. Hazırda İmişli rayonunda olan 83 yaşlı xanım ötən gün öz təəssüratlarını “Həftə-içi“nin əməkdaşı ilə bölüşüb. Müsahibimi 64 illik ayrılıqdan sonra Fransada ona göstərilən diqqət və qayğıdan, doğmalarının isti münasibətindən məmnunluqla danışır: “Sanki rahatlandım. Burada məni yola salanlarla hava limanında görüşüb sağollaşarkən elə bilirdim təyyarəyə minə bilməyəcəm. Amma çətin olmadı“.

İvonna xanım İmişlidən, orada yaşayan qonşularından, doğmalarından ötrü çox darıxdığını söylədi: “Qayıdanda çox həyacanlı idim. Orada olduğum müddətdə İmişlidən ötrü çox darıxdım. Axı bura mənim vətənimdir. Mən ömrümün çox hissəsini burada - Azərbaycanda yaşamışam“.

Fransada ilk hədiyyə:yaylıq, ətir...

Həyat hekayəsinin solğun səhifələrindən söz salan İvonna xanım Fransaya səfər müddətində ürəyi istəyən yerləri gəzib- görüb: “Haraya getmək istəyirdimsə, getdim. Məni Fransada Azərbaycanın Fransada olan səfirliyinin iki nümayəndəsi qarşıladı. Orada ilk xörəyimi də onlarla bir yerdə yedim. Mənə hədiyyə olaraq, xalça, ətir və yaylıq bağışladılar. Təbii ki, bunlar mənim üçün çox dəyərli hədiyyələr idi. Mənə hədiyyə edilən yaylığın çox böyük əhəmiyyəti vardı. İstəyirəm biləsiniz ki, özümü hər zaman Azərbaycanlı hesab etmişəm. Mən sizlərdənəm...“
Xanım kövrək xatirələrlə söhbətinə davam edərək bildirir ki, 64 il əvvəl Azərbaycana hansı yollarla gəlmişdisə, o yollarla da evlərinə dönüb. Sadəcə, bir fərqlə: “O vaxt həyat yoldaşım, indisə oğlum vardı yanımda. Həmin küçələr, dalanlar mənə tanış idi. Gedib yaşadığın yeri görmək, insanlarla qarşılaşmaq necə də kövrək hiss imiş....“
Həmsöhbətimiz tanışlarından, dostlarından heç birinin sağ olmadığını da ürək ağrısı ilə söyləyir. Dediyinə görə, tanıdığı insanların çoxu indi dünyasını dəyişib: “Onları görə bilmədim. Amma şadam ki, Parisdə ola bildim, çünki Parisin gözəl şəhər olduğunu eşitmişdim. Lakin mənim üçün Bakı daha gözəldir“.
Hələ uşaqlıq və gənclik yaşlarında yaşadıqları kənddə atasının Parisdəki evində hər şeyin dəyişdiyini bildirən xanım atasının o dövrdə işlədiyi zavodda başqa şəxslərin işlədildiyini deyir: “Mənə ən ağır gələn isə uşaq vaxtı orada qoyub gəldiyim kimsəni görməməyim oldu. Anam, atam, çox istədiyim qardaşımı görə bilmədim...“

“Yaşadığım ev satılıb“

Küçələri addımladıqca orada yaşadığı günlərin dumanlı xatirələrə çevrildiyini söyləyən xanım Azərbaycana gəldiyi illərdən də söz açdı: “Həyat qəribədir. İnanmazdım ki, bir gün o yollarla geri qayıdaram. Hər şey qoyub getdiyimdən fərqli idi. Orada olduğum müddətdə evimizin satıldığını bildirdilər. Amma həmin evə də getdim, orada köhnə qonşularımızla görüşdüm. O dövrdən tanıdığım 2 qadın indi də yaşayır. Sağ olsunlar, evimizə girməyə icazə verdilər. Uşaq vaxtı yatdığım otağa, qardaşımın otağına baxdım. Hər şey dəyişmişdi, təkcə həyətdəki ağaclardan başqa...“
İvonna nənə həyətdəki ağacların birinin kəsildiyini gördükdə çox kövrəlib. Orada qohumları ilə görüşən fransız xanım əmisi qızı Marsiellanı da görən kimi tanıyıb: “Halbuki onu heç vaxt görməmişdim. Əmim qızı, qardaşım qızı, əmim oğlanları mənə çox doğma idilər, onlar mənə qarşı yaxşı münasibət bəslədilər“.
Həmsöhbətimiz Fransaya səfəri zamanı vaxtilə oxuduğu məktəbə də baş çəkib. Ancaq gördüyü mənzərə onu xeyli qəhərləndirib. Dediyinə görə, təhsil aldığı məktəbi söküb yerində yeni 2 mərtəbəli məktəb tikiblər.
Fransız xanım səfərinin son iki gününü Parisdəki otellərin birində qalmalı olub. Elə buradan da özünə doğma, əziz və əbədi vətən saydığı Azərbaycana dönüb.
“İndi balalarımın yanındayam. Bir balaca nasazlamışam. Görünür, mənə Fransada soyuq dəyib, oranın havasını götürməmişəm“, - deyə İvonna nənə gülərək əlavə edir.
İvonna Botto 2012-ci ilin may ayını səbrsizliklə gözləyir. 65 yaşlı əmisi qızı Marsiella ona vəd verib ki, may ayında Azərbaycana gələcək: “Onu İmişlidə qarşılayacağam“.
Pərvin İsmayılova
Oxunma sayı 335