Türk tarixinə serialla hücum: nifrət aşılayan “Məmlüklərin atəşi”

12:34 25.11.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu günlərdə belə bir xəbərə rast gəldim ki, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində yayımlanan “Məmlüklərin atəşi” adlı serial birmənalı şəkildə türk tarixini ləkələməklə məşğuldur, Osmanlı dövlətinin guya ərəblərə qeyri-insani münasibət bəslədiyini, onlara zülm etdiyini göstərməklə ərəblərdə türk millətinə qarşı nifrət və qəzəb alovlandırır. Hətta Niderlandda fəaliyyət göstərən Türk və Ərəb Dünyası dərnəyinin sədri Məhmət Tütünçü bütün bu haqsızlığa dözməyərək serialın ssenari yazarına telefon açıb, amma o, danışmaqdan yayınıb. Yəni “indi işim var, özüm sizə zəng vuracağam” deyib və sonradan bir daha dərnək sədrini aramayıb. Mən də Məhmət Tütünçü ilə əlaqə saxlayaraq nə baş verdiyini öyrənməyə çalışdım. Görək cənab Tütünçü bizə nələr deyəcək:

- Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən maliyyələşdirilən “Məmlüklərin atəşi” adlı serial 16 bölümdən ibarətdir. Bu yaxınlarda MBC telekanalında yayımlanmağa başlanılıb. Serialın sujet xətti Osmanlı dövləti ilə Məmlüklərin mübarizəsindən bəhs edir. Ssenaridə Osmanlı dövləti və onun ordusu olduqca qəddar, qana susamış kimi təbliğ olunur. Məmlüklər isə “peyğəmbərin nəvələri olan ərəblər zülmə məruz qalan məzlum insanlar” olaraq göstərilir. Ssenari müəllifi hətta bir az da irəli gedərək əsərində Osmanlı sultanı Səlimin, Məmlük sultanını olmazın əzab-əziyyəti veriləndən sonra asdırdığını göstərən səhnələrlə tarixi təhrif edir.

- Belə demək mümkündürsə, türklər zalım, qaniçən, ərəblər isə sülhsevər, məzlum millət kimi təbliğ olunur. Məncə bunu indiki dövrdə yeni nəsilləri qarşı-qarşıya qoymaq üçün edirlər...  

- Düzdür, serial boyu türklərin qəddar obrazı yaradılmaqla, ərəblər məsumlaşdırılır. Hesab edirəm çox gülünc ssenaridir. Çünki hər kəsin də bildiyi kimi, Məmlüklər Misirdə qurulan türk dövlətidir. Hətta ilk zamanlarda Misiri Devlət ət-Türkiyə, yəni Türk dövləti adlandırmışdılar. Tarix də sübut edir ki, Məmlük dövlətinin bütün sultanları milliyətcə ya türk olub, ya da çərkəz. Üstəlik, bu saraylarında həmişə əsasən türk mədəniyyəti hakim olub. Məmlük sultanları hər zaman özlərini türklərin, ərəblərin və farsların sultanı adlandırıblar. Osmanlılar nə qədər türkdürsə, məmlüklər də bir o qədər, hətta onlardan da artıq türkdür.

- Serialda Məmlük sultanı Gavri ərəb olaraq təqdim edilir. Bu nə dərəcədə doğrudur?

Son Məmlük sultanı olan Kansu Gavrinin türkcə yazdığı şeirlər günümüzədək qalır. Hətta hesab edilir ki, o, dövrünün Osmanlı sultanı olan Sultan Səlimdən daha gözəl türkcə yazıb. Yəni bu Məmlük - Osmanlı qarşılaşdırılması tarixi gerçəkliklərə tamamən ziddir. Hesab edirəm ki, tarixi dəyişdirə bilməyəcəyimizə görə, kimlər ki, narahatdır, özlərinə başqa coğrafiya seçsə yaxşı olar. Çünki heç kim türkləri Yaxın Şərqdən çıxara bilməz. Bunu etmək mümkün olsaydı, tarixin özü qalmazdı. Serialda ərəb olduğu iddia olunan Məmlük sultanı Kansu Gavrinin Osmanlı sultanı Yavuz Səlimə türkcə yazdığı şeirdən bir bəndə baxaq:

Bana rahm eyle nigarum Tanrı içün

Vaslına Ümid varam Tanrı içün

Söyle mecnun eyledi askin beni

bilmezem gece ve gündüz Tanri içün...

Yəni filmin quruluşu başdan-başa yanlışdır, saxtadır. O dövrdə hakimiyyətə gəlmək üçün mübarizə iki sülalə arasında gedib və burada qəti şəkildə türk-ərəb milli məsələsi olmayıb. Osmanlı dövləti ərəbə necə zülm edə bilər ki, nəzarətindəki ölkələrdən topladığı vergiləri Məkkə və Mədinənin inkişafına xərcləyib, dolayısıyla ərəb xalqlarının inkişafına çalışıb. Hətta Sultan Səlim ərəbləri nəcib millət adlandırıb və hakimiyyəti dövründə heç vaxt onlara qüsurlu davranmayıb.

- Serial hansı ölkədə çəkilir, ssenaristi və rejissoru kimlərdir? Ümumiyyətlə, bu serial Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən başqa hansı ölkələrdə yayımlanıb indiyədək?

- Serialın yayımlandığı MBC telekanalı Səudiyyə Ərəbistanı tərəfindən maliyyələşdirilir. Səhv etmirəmsə 16 bölümdür. Filmi ərsəyə gətirmək üçün çox böyük büdcə ayrılıb. Filmin sujet xətti qeyd etdiyimiz kimi, Osmanlı – Məmlük mübarizəsindən və Yavuz Sultan Səlimin 1517-ci ildə Qahirəni ələ keçirərək ərəb torpaqlarınfa hakimiyyətini bərqərar etməsindən ibarətdir. Serialın əsas siyasi hədəfi ərəblərin nəzərində türklərin mənfi obrazını yaratmaqdır. Seriala böyük büdcə ayrıldığı üçün, xüsusilə döyüş səhnələri texniki baxımdan yüksək səviyyədə çəkilib və filmdə ərəb dünyasının ən məşhur aktyorları rol alır. Ərəb dünyasında çox izlənilən telekanal olan MBC-də indiyədək 4 bölümü yayımlanan serialın direktpru Peter Vebber, ssenari müəllifi Məhəmməd Sulayman Abdulmalikdir. Filmdə baş rolları Xaled əl-Nabavi, Mahmud Nasr, Abdel Moneym Amayri, Raşeed Assaf, Mona Vasef, Akef Najem, Kinda Hanna və sairdir.

- Bildiyim qədər Türkiyənin istər siyasi hakimiyyətindən, istərsə də sənət cameəsindən indiyədək sözügedən seriala hər hansı etiraz bildirilməyib. Sıradan bir seriala rəsmi Ankaranın etiraz etməsi nə dərəcədə doğrudur? Sizcə bu etirazı hökumətin əvəzinə Türkiyədə mövcud olan saysız-hesabsız mədəniyyət vəqfləri etsə daha düzgün olmazdımı?  

- “Məmlüklərin atəşi”nı birmənalı olaraq ərəblərlə türk milləti arasında nifrət toxumları səpən televiziya məhsulu adlandırardım. Serialda da göründüyü kimi, Osmanlıların timsalında türklər guya ərəblərə zülm etmiş kimi göstərilir. Bu səbəbdən də serial həm tarixi həqiqətlərə ziddir, həm də bu günümüzdə milli müstəvidə nifrəti alovlandıran, açıq-aşkar psixoloji əməliyyat sayıla bilər.

- Gəlin səmimi danışaq: istər serial olsun, istərsə də kino, teatr –bunlar zövq məsələsidir. Amma təəssüf ki, hazırda Türkiyə telekanallarında o qədər bayağı, mənasız və müasir tələblərə cavab verməyən seriallar yayımlanır ki... Məsələn, şəxsi fikrimcə TRT-1-də yayımlanan “Əlimi buraxma” adlı seriala xərclənən pul çölə atılır. Əla aktyor heyyəti var, amma ssenarisi tamamilə xülyalar üzrə yazılıb. Bir qadın bütün insanları barmağına dolayıb, məhkəmə-hüquq sistemi – hər kəs onun dediyini təsdiqləyir və sair. O filmə baxan hər kəs o dəqiqə Türkiyə haqqında mənfi şeylər düşünür – bu ölkədə qayda-qanun yoxdur deyir. Məncə ölkənin adına və qazandığı uğurlara kölgə salan belə istinadsız, “havadan yaranmış” seriallardansa, ölkənin maraqlarını qoruyan, “Barış pınarı”, “Zeytun budağı”, “Fərat qalxanı” və sair kimi mövzulardan bəhs edən filmlər çəkilsə dünyada Türkiyəni hədəfə alan düşmənlərə daha tutarlı cavab olardı...

- Haqlısınız. Bu gün türk telekanallarında yayımlanan serialların çoxu həm tarixi reallıqlara uyğun gəlmir, həm də qeyri-əxlaqi səhnələrə yer verir. Əlbətdə ki, bunları təşviq etməyimiz mümkün deyil. Amma qeyd edim ki, bu serialların heç birində başqa millətləri pisləyəcək, aşağılayacaq hər hansı sujetlərə yer verilmir. Yəni hər nə zərəri varsa da, öz millətimizə çatır. Bizim telekanallarda ümumilikdə xəyali seçilən düşmənlə mübarizədən bəhs edən ssenarilər yazılır. 

- “Məmlüklərin atəşi”nin ssenari müəllifini aramısınız, amma onunla danışa bilməmisiniz, “özüm sizə zəng vuracağam” deyib, amma vurmayıb. Hesab edirəm ki, bu məsələdə diaspor təşkilatları da böyük işlər görə bilər. Tək siz deyil, Niderlanddakı, ümumiyyətlə, Avropanın hər yerində fəaliyyət göstərən türk və hətta Azərbaycan diasporlar təşkilatları sözügedən ssenaristlə görüşüb etirazlarını bildirə, onu ərəblərdən qazandığı pul qarşılığında tarixi təhrif etməməyə dəvət edə bilər. Bu müstəvidə nələrsə etmək fikriniz varmı?

- Əlbətdə. Bu müstəvidə davamlı olaraq görüşüb müzakirələr aparırıq. Xüsusilə də bu serialda mövcud olan tarixi faktların təhrif edildiyini dəlillərlə isbatlayaraq ssenarinin gülünc və qəbuledilməz olduğunu başa salacağıq.