“Türkiyə qal, torpaqlarımızı azad et” deməməliyik - Etibar Məmmədov

10:29 10.09.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Öncə Türkiyə ilə hərbi müttəfiqlik haqda  saziş imzalanmalıdır...    

İyul ayında Tovuz cəbhəsindəki son gərgin döyüşlərdən sonra cəmiyyətdə Türkiyənin Qarabağın azad edilməsi məsələsində Azərbaycana birbaşa və fəal şəkildə dəstək verməsi, onun ərazimizdə hərbi bazalar yaratması məsələsi yenidən aktuallaşıb.

Bununla bağlı “Həftə içi” qəzetinə müsahibə verən Azərbaycan Milli İstiqlal Partiyasının lideri  Etibar Məmmədov maraqlı fikirlər səsləndirib.

-Etibar bəy, siz 1990-cı illərin əvvəllərindən müstəqilliyimizin ilk aylarından bəri milli azadlıq hərəkatının fəalı və Respublika Müdafiə Şurasının üzvü kimi  Türkiyənin Qarabağ savaşında Azərbaycana yardım məsələlərini təşkil edənlərdən biri olmusunuz... 30 ilə yaxın vaxt keçib Qarabağ işğal edilib və onun azadlığına nail ola bilmirik. Və Tovuz cəhbəsindəki gərgin döyüşlərdən sonra Türkiyənin hərbi bazalarının ölkəmizdə yerləşdirilməsi məsələsi yenidən gündəmə gəlib. Buna necə baxırsınız?..

-Türkiyə bazalarının Azərbaycanda qurulması məsələsi elə də bəsit, sadə məsələ deyil. Yəni  birdən-birə baza məsələsini ön plana çəkmək əsas problemdən diqqəti yayındırır. Çünki bazaların müxtəlif statusları olur.  Hazırda  Türkiyə ilə bizim aramızda əsas məsələ hərbi müttəfiqlikdir. Öncə hərbi müttəfiqlik haqda, qarşılıqlı hərbi yardım haqqında  saziş imzalanmalıdır. Və Türkiyə Azərbaycanın real, faktiki hərbi müttəfiqinə çevrilməlidir. Bundan sonra isə baza ikinci dərəcəli məsələdir. Yəni Türkiyənin ölkəmizdə hərbi bazaları ola da bilər, olmaya da bilər. Əsas Azərbaycanın hərbi müttəfiqi olmalıdır ki,  onun ölkəmizə hər hansı digər tərəfin hücumu zamanı rəsmi şəkildə bizi müdafiə etmək hüququ olsun. Və Türkiyənin misalında belə hüquq qazanan ölkə Azərbaycanın müdafiəsini, yaxud ərazi bütövlüyünü təmin etmək üçün burada hərbi  bazalar da yerləşdirə bilər. Bu, təlim bazaları da ola bilər, dəstək bazaları da ola bilər. Yəni müxtəlif statusda... Ancaq birinci dərəcəli məsələ, təkrar edirəm, Azərbaycanla Türkiyə arasında hərbi müttəfiqlik haqda sazişin imzalanmasıdır...  O da hələlik ləngiyir...

-Sizcə, həmin sazişin imzalanması qarşısındakı maneə nədir? Rusiya amilidir, yoxsa?..

-Maneə... Bilirsiz,  Azərbaycan Qoşulmama hərəkatının üzvüdür. Ona görə də hərbi ittifaqlardan kənar qalmaq siyasəti aparır indiyədək... Halbuki Rusiya da Azərbaycanı özünün iştirak etdiyi hərbi ittifaqlara cəlb etmək istəyir... Eyni zamanda Qərb – Avropa və ABŞ da ölkəmizin NATO ilə fəal əməkdaşlığına çalışır. Azərbaycan isə neytral mövqedə qalaraq Qoşulmama hərəkatının üzvü olmaqla özünü müdafiə etməyə cəhd göstərir... Ancaq bu, fikrimcə, kifayət deyil,  torpağı işğal altında qalan Azərbaycanın əvvəl-axır müttəfiqi olmalıdır... Və həmin müttəfiq də Türkiyə ola bilər. Yəni hər hansı bir hərbi ittifaq, blok yaranmadan Türkiyə ilə Azərbaycan arasındakı ikitərəfli müqavilə ilə belə hərbi müttəfiqlik yaradılması mümkündür...

- Müşahidələrə görə, xalqın əksəriyyəti Türkiyə ordusunun Azərbaycanda qalaraq Qarabağın azad edilməsində ölkəmizə birbaşa dəstək verməsini istəyir. Hətta bununla bağlı aksiyalar da keçirilir...

-Bilirsiz,  hesab edirəm ki, məsələni “Türkiyə qal, torpaqlarımızı azad et” şəklində qoymaq düzgün və məqsədəuyğun deyil. Çünki bizim dostumuz, qardaşımız olsa da, biz Türkiyə vətəndaşlarına və ya Türkiyə dövlətinə deyə bilmərik ki,  gəlin, bizim əvəzimizdən müharibə edin, gəlin bizim əvəzimizdən Qarabağı azad edin. Birinci növbədə Azərbaycan özünün bütün hərbi və iqtisadi potensialıyla bu müharibəyə hazır olmalıdır... Və Azərbaycan vətəndaşları  da, bizim əsgərlərimiz də həmin savaşda ön sıralarda dayanmalıdır.  Və qardaş kimi də, dost kimi də, təbii ki, Türkiyənin dövlət olaraq hərbi,  iqtisadi gücünə arxalanmalıyıq... Yəni arxamız olaraq Türkiyə bu prosesdə iştirak etməlidir. Ancaq bütövlükdə Türkiyə bizim əvəzimizə gəlib Qarabağ məsələsini həll etməməlidir... Yəni kiminsə gəlib bizim əvəzimizdən torpaqlarımızı azad edəcəyi təfəkküründən uzaq olmalıyıq... Bu, bizim məsələmizdir. Biz bu məsələni mütləq həll etməyə çalışmalıyıq və  qardaşımız,  dostumuz, müttəfiqimiz olan Türkiyə də həmişə bizə əlindən gələn köməyi edəcəyini bildirib. Və bu günə qədər də əlindən gələn bütün yardımları edib. Mən, qeyd etdiyiniz kimi, 1990-cı illərin əvvəlində, Qarabağ savaşının ilk günlərindən qardaş Türkiyənin yardımlarının lap başlanğıcında iştirak etmişəm... Və Türkiyə  bu günədək onlardan istədiyimiz hər şeyi edib və bundan sonra da  etməyə  hazır olduğunu bildirir. Və biz də öz üzərimizə düşən vəzifəni birinci  özümüz üçün aydınlaşdırmalı, hədəflərimizi müəyyənləşdirməliyik.  Sonra da torpaqlarımızın azad edilməsi prosesində birgə necə iştirak edəcəyimizi hərbi müttəfiqlik sazişi əsasında ortalığa qoymalıyıq...

- Etibar bəy, tutaq ki, Türkiyə hərbi ittifaq barədə saziş bağlamadıq və Quşulmama hərəkatından da çıxmadıq. O halda işğal altındakı torpaqlarımızın taleyi necə olacaq? Yenədəmi 30 ilə yaxındır ATƏT-in Minsk Qrupunun həmsədri olan Rusiya ilə danışıqlara ümid bəsləməliyik?..

-Xeyr, Rusiya ilə danışıqlar aparmağın heç bir mənası və faydası yoxdur. Çünki bu prosesi yaradan da, onu gərginləşdirən də məhz  Rusiyadır. Və Azərbaycan torpaqlarının işğalında da Rusiya bilavasitə iştirak edib. Ona görə də kimsə Rusiyadan nəsə gözləyirsə, bunun heç bir mənası yoxdur. Rusiya 300 ildir ki, Azərbaycana verdiyi sözlərin heç birini yerinə yetirməyib... Həmişə də müsəlman, türk dünyasına arxadan zərbə vurub... Və bundan sonra da belə davam edəcək. Ona görə də Ermənistanla dost olan Rusiya ilə dostluğa can atmaq - ölkəmizi düşməni ilə dost etməyə çalışmaq deməkdir...

 

Oxunma sayı 8090