Türkiyə sülhməramlılarının Azərbaycana gəlişi niyə ləngiyir? - Səbəbləri ekspertlər açıqlayır

12:03 26.11.2020 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Türkiyə sülhməramlılarının Qarabağa gəlişi ləngiyir. Ekspertlər Türkiyə-Rusiya arasında aparılan danışıqlarda əsas ortanın tapılmadığını iddia edirlər və  Türkiyə sülhməramlarının Qarabağa gəlişinin tez bir zamanda həllini tapa bilmədiyini Rusiyanın Qarabağda sərgilədiyi mövqe müstəvisində ehtiyatlı davranış kimi təhlil edirlər.

Vəziyyəti “Həftə içi”nə şərh edən politoloqlar Elxan Şahinoğlu və Natiq Cəfərov maraqlı məqamlara diqqət çəkiblər.

Politoloq E.Şahinoğlu bildirir ki, Türkiyə sülhməramlılarının  ləngiməsinin səbəbi torpaqlarımızın işğaldan tam azad olunmasının gözlənilməsi  ilə bağlıdır. Politoloq hesab edir ki, Laçın dekabrın 1-də azad olunandan sonra bu məsələ öz həllini tapacaq.

“Mənə elə gəlir ki, məsələ zatən bitib. Türk hərbçilərinin dislokasiya yerləri də müəyyənləşib. Ona görə də bu məsələ yaxın günlərdə  həll olunacaq. Laçın işğaldan azad olunandan sonra Türkiyə Ordusu Qarabağ və ətraf rayonlarda yerləşəcək”. 

Politoloq bildirir ki, Rusiya Dağlıq Qarabağa sülhməramlılarını göndərməsi ilə bağlı planını  müharibənin ilk günündən hazırlamışdı.

“Moskva bu planını oktyabrın ilk günlərindən gündəmə gətirməyə çalışıb. Bunun üçün həm Ermənistanın, həm də Azərbaycanın razılığı lazım idi, bunu rusiyalı rəsmilər də bir neçə dəfə səsləndirmişlər.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin oktyabrın 10-da Moskvada keçirilən ilk görüşündə bu mövzu geniş müzakirə olundu. Müzakirənin, təxminən, 11 saat davam etməsinin səbəblərindən biri də məhz bu mövzuyla bağlı idi. Oktyabrın 10-u üçün Azərbaycan Ordusu hələ ilk qələbələrini qazanmışdı, rusiyalı sülhməramlıların bölgəyə gəlişinə yaşıl işıq yandırmaq Azərbaycan baxımından işin yarımçıq qalmasına səbəb ola bilərdi. Buna görə də rəsmi Bakı sülhməramlıların Dağlıq Qarabağda yerləşdirilməsinin hələ erkən olduğunu bildirirdi.

Prezident İlham Əliyev oktyabrın 29-da Rusiyanın “İnterfaks” agentliyinin əməkdaşının sülhməramlılarla bağlı sualına belə cavab vermişdi: “Biz bu bəndə çatmamışıq. Regiona sülhməramlıların göndərilməsi nizamlamanın sonuncu mərhələsində, işğalın nəticələri aradan qaldırılanda, işğal edilmiş ərazilər qaytarılanda, qaçqınlar Dağlıq Qarabağa qayıdanda planlaşdırılırdı. Bəli, erməni və azərbaycanlı əhalinin birgə yaşamasını təmin etmək üçün birinci mərhələdə ayırıcı qüvvələr lazım olacaq. Sülhməramlılar harada yerləşəcək, onların mandatı necə olacaq, şəxsi heyəti, sayı, silahları, funksiyaları nə olacaq, onların təhlükəsizliyini kim təmin edəcək? Buna görə də bütün bu məsələlərin çox diqqətlə öyrənilməsi tələb olunur və yalnız bundan sonra deyə bilərik ki, bəli, biz buna razıyıq və ya razı deyilik. Ona görə bu sual hələ tezdir”.

İlham Əliyevin bu müsahibəsindən 10 gün keçdikdən və Azərbaycan Ordusunun strateji şəhər olan Şuşanı işğaldan azad etməsindən sonra, rəsmi Bakı rusiyalı sülhməramlıların bölgədə yerləşməsinə razılaşdı. Bundan əvvəl isə Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə cümhurbaşqanı Rəcəb Təyyub Ərdoğan arasında telefon danışığı olmuşdu. Böyük ehtimalla Türkiyə cümhurbaşqanı da tərəflər arasında bəyanatın mətni ilə əvvəlcədən tanış idi. Təsadüfi deyil ki, Ankara Bakı ilə paralel şəkildə imzalanan bəyanatı müsbət qiymətləndirdi.

Buna baxmayaraq, Rəcəb Tayyib Ərdoğan Vladimir Putinlə telefon danışığında Rusiya kimi türkiyəli hərbçilərin də bölgədə sülhməramlılar qismində iştirakının vacib olduğunu Kreml sahibinin diqqətinə çatdırdı. Putinin cavabı belə oldu ki, ermənilər tarixdən çıxış edərək türkiyəli hərçilərin Dağlıq Qarabağın daxilində yerləşməsindən qorxurlar. Putinin sözlərinə görə, Ərdoğan vəziyyəti anlayıb və israr etməyib. Putin daha sonra verdiyi müsahibədə sözlərinə onu da əlavə etdi ki, Türkiyə ilə Azərbaycan strateji müttəfiqdirlər, bu onların hüququdur və Türkiyə hərbçilərinin Azərbaycanda varlığına mane ola bilməzlər. Başqa sözlə, Türkiyə hərbçilərinin Şuşada, Laçında və ya Kəlbəcərdə yerləşməsinə heç kim və heç nə mane ola bilməz. Bu istiqamətdə çalışmalar sürətlənib.

Türkiyənin Müdafiə naziri Hulusi Hakar da hər dəfə vurğulayır ki, Rusiya hansı hüquqla hərbçilərini Azərbaycan ərazisində yerləşdiribsə, Türkiyə hərbçilər də eyni hüquqla Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağda və ətrafında mövcud olacaqlar, sayları da rusiyalı hərbçilərin sayından az olmayacaq. Bundan başqa, Türkiyə hərbçilərinin Suriyada olduğu kimi, Dağlıq Qarabağda da rusiyalı hərbçilərlə birgə patrul xidmətində iştirakı da təmin olunacaq. Türkiyə və Rusiya prezidentləri bu mövzunu noyabrın 24-də telefon danışığnda yenidən müzakirə ediblər.

Türkiyə və Rusiya Dağlıq Qarabağda birgə fəaliyyət üzərindən bölgədə yeni əməkdaşlıq formatı üzərində fikir mübadiləsi aparırlar. Türkiyə cümhurbaşqanının sözçüsü İbrahim Kalın “Twitter” hesabında son yazdığı “Türkiyə Qafqazın ən yeni tarixində aktiv rol oynamağa davam edəcək” cümləsi də bundan xəbər verir. Yaxın gələcəkdə Naxçıvan istiqamətində nəqliyyat və dəmiryolunun açılması Azərbaycanla Türkiyəni birləşdirməklə yanaşı, Türkiyə ilə Rusiya arasında da quru  və dəmir yolu ilə birləşməsinə və ticarət mübadiləsinin artmasına şərait yaradacaq.

Ermənistan Azərbaycan torpaqlarına iddiasından və bir sıra Qərb ölkəsində Dağlıq Qarabağın “müstəqilliyini” tanıtmaq kimi təxribatlarından əl çəkərsə, bu ölkənin də gələcəkdə regional layihələrdən faydalanması mümkündür. Bunun üçün ermənilər yüzillərdir türk əleyhdarlığı üzərindəki düşüncə tərzinə son qoymalıdırlar. Ermənistan bu ağır xəstəlikdən qurtulmayınca əvvəlki kimi regional layihələrdən kənar qalacaq”.

Politoloq Natiq Cəfərov bildirir ki, Türkiyə sülhməramlılarının Qarabağa gəlişi ilə bağlı ləngimədə səbəb Türkiyə-Rusiya arasında sülhməramlı mərkəzlə bağlı iş bölgüsündə müəyyən razılığın əldə olunmamasıdır.  

“Türkiyə tərəfindən açıqlanan rəsmi mövqe ilə, Rusiyanın rəsmi mövqeyi arasında ciddi fərqlər görünür.  Rusiya tərəfindən açıqlanan bəzi fikirlər Azərbaycan ictimai rəyində yaxşı qarşılanmır. Məsələn, Rusiya tərəfi israrla deyir ki, Türkiyə sülhməramıları Dağlıq Qarabağda yox, Azərbaycan ərazisində olacaq.  Yaxşı, Qarabağ Azərbaycanın ərazisi deyilmi?!  Azərbaycanın da mövqeyi belədir ki, Qarabağ Azərbaycan ərazisidir və istədiyimiz yerdə türk sülhməramlılarının yerləşdirilməsinə qərar verə bilərik.  Çox güman ki, ordakı fəaliyyətlə bağlı uzlaşmayan məqamlar var, amma türk ordusu ən geci dekabrın ilk günlərində burda olacaq”.

Politoloq bildirir ki, türk sülhməramlılarının gəlişinin uzanmasında  Rusiya-Ermənistan təxribatlarının önlənməsi də ola bilər.

“Kəlbəcər bu gün Azərbaycana təhvil verildi, ayın 1-də Laçın da geri alınmalıdır. Türkiyənin regiona gəlişi Ermənistan üçün həssas bir məsələdir.  Bu, Rusiya üçün də ciddi bir problemdir. Rus mediasını izləyəndə görürük ki, Türkiyəyə qarşı münasibət hansı səviyyədədir. İlkin razılaşdırılmış məqam odur ki, Qarabağda rus-türk sülhməramlılarının birgə nəzarət mərkəzi olacaq.  Amma yeni  yaranmış təmas xətti boyu Rusiya sülhməramlılarının olduğu bölgələrdə Türkiyə sülhməramlılarının olub-olmayacağı ilə bağlı hələ ki, ümumi bir razılaşma yoxdur. Düşünmürəm ki, bu ləngimə uzun çəkər.  Dekabrda Laçın azad olunandan sonra Türkiyə sülhməramlılarını Azərbaycanda görə biləcəyik”.

Politoloq bildirir ki, Rusiya Türkiyənin regionda güclənməsini qısqanır.  Azərbaycanla Türkiyənin qardaşlıq, dosluq, strateji müttəfiqlik münasibətlərinin daha da genişlənməsini istəmir.

“Azərbaycan öz diplomatiyasını doğru şəkildə yürüdür. Ermənilər dekabrın 1-ə qədər Laçından rədd olub çıxsınlar.  Sonra, Azərbaycan Ordusu sərhədboyu bütün perimetrlərdə yerləşəndən sonra, əli güclənəcək, Türkiyə Ordusu Azərbaycana gələcək, Türkiyənn  Azərbaycanda hərbi projeləri də gerçəkləşəcəkdir. Prezidentin Müdafiə Nazirliyində oktyabr ayında keçirdiyi müşavirə, Ordunun yenidən qurulması, yeni konsepsiya üzərində inşa  olunması ilə bağlı çıxışı olmuşdu. Çox güman ki, bu, Türkiyə Ordusu standartlarına uyğun olaraq  bəlli islahatların aparılmasına yönələcək”.

Politoloq Ərdoğanla Putin arasında baş tutan telefon danışıqlarına diqqət çəkib. Bildirib ki, Türkiyə ilə Rusiyanın bir neçə regional müstəvidə maraqları ya kəsişir, ya da toquşur. 

“Hər iki dövlət Qarabağ, ümumilikdə regionala bağlı məsələdə əllərində olan aktivlərdən istifadə edirlər. Türkiyənin regionda güclənməsi onun  kifayət qədər aktiv toplamasına səbəbə olub.  Rusiya ilə müzakirələrdə  Kipr,  Liviya, Suriya, Aralıq dənizi hövzəsi məsələləri var. Rusiyann “Qara dəniz hövzəsi” , “Türk axını” projesində fikir ayrılıqları var. Belə ki, Türkiyə qazı sərhəddə alaraq özü Avropada satışını təşkil etmək istəyir və bu məsələdə fikir ayrılığı qalır. Rusiya-Türkiyə danışıqlarında daha geniş məsələlər müzakirə olunur və  Qarabağ məsələsi bura əlavə edilir. Rusiya Türkiyənin Qarabağda daha çox iştirakına göz yummaq istəyirsə, yaxud buna mane olmamaq istəmirsə, əvəzində Türkiyədən də nəsə istəyir. Mənə elə gəlir ki, Türkiyə sülhməramlılarının ləngiməsi həm də buna görə uzanır”.

Oxunma sayı 1027
Siyasət rubrikasından digər xəbərlər