“Eurovision-2012“nin milli seçim turu oktyabrın ortalarından başlayacaq

15:15 08.10.2011
Yazını böyüt
Yazını kiçilt
Oktyabrın ortalarından başlayaraq “Eurovision-2012“ mahnı müsabiqəsinin milli seçim turuna start veriləcək. İctimai televiziyanın mətbuat xidmətindən verilən məlumata istinadən, keçən il olduğu kimi bu il də tamaşaçılar televiziya vasitəsilə seçim turunu izləyə biləcəklər: “İndiyədək müsabiqəyə qatılmaq üçün çoxlu sayda müraciətlər gəlib. Lakin onların heç biri rəsmi qeydiyyatdan keçməyib. Rəsmi qeydiyyat rəsmi tarix açıqlandıqdan sonra olacaq“.
Yeri gəlmişkən, dünən Cenevrədə “Eurovision“ mahnı müsabiqəsinin məşvərət qrupunun növbəti iclası keçirilib. Toplantıda “Eurovision-2012“ mahnı müsabiqəsinin təşkilati məsələləri, o cümlədən şounun keçiriləcəyi məkanla bağlı müzakirələr aparılıb.
Qeyd edək ki, məşvərət qrupu buna qədər iki iclasını keçirib. Avqustun 31-i sentyabrın 1-də Bakıda keçirilən toplantıda 57-ci “Eurovision“ mahnı müsabiqəsinə hazırlıq prosesi barədə təqdimatlar olub, gələcəkdə görüləcək işlər bir daha nəzərdən keçirilib.
Xatırladaq ki, “Eurovision-2012“nin yarımfinal mərhələləri mayın 22-24-də, final mərhələsi isə mayın 26-da Bakıda olacaq. Müsabiqənin hazırda Bakıda, Dövlət Bayrağı Meydanı ərazisində tikintisi üçün hazırlıq işləri gedən “Bakı Kristal Zalı“nda keçiriləcəyi gözlənir.
Sevinc