“Azərbaycanda müəllimlərin əməyi stimullaşdırılmalıdır“

15:15 14.10.2011
Yazını böyüt
Yazını kiçilt

Misir Mərdanov: “Bu sahədə əməkhaqqı aşağı olduğundan pedaqoji təhsil prestijli sayılmır“

“Azərbaycanda müəllimlərin əmək haqları qaneedici səviyyədə deyil, çox aşağıdır. Məhz bu səbəbdən son illər pedaqoji təhsil prestijli sayılmır“. Bu fikirləri jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov bildirib. O həmçinin deyib ki, ölkəmizdə müəllim adı yüksək statusa malik deyil: “Etiraf etmək lazımdır ki, müəllimin işi ağır olsa da, Azərbaycanda onların maaşları çox aşağıdır“. M. Mərdanov eyni zamanda qeyd edib ki, yeni məktəb yeni təfəkkürlü kadrlar tələb edir: “Amma biz təhsil islahatları apararkən hər hansı bir ölkənin təhsil siyasətini olduğu kimi tətbiq etmək fikrindən uzağıq. Biz dünyada olanları öyrənir, Azərbaycan mentalitetinə, milli-mənəvi dəyərlərinə, təhsilimizin tarixi ənənələrinə uyğun olanları nəzərə almağa çalışırıq“. Nazir hesab edir ki, ölkədə müəllimlərin əmək fəaliyyətini stimullaşdırmaq üçün yeni tədbirlər görmək lazımdır. Onun sözlərinə görə, hazırda müəllimlərin əməyini stimullaşdırmaq üçün Təhsil Nazirliyi yeni yollar axtarır: “Bu gün Azərbaycan təhsilinin gələcəyi orta məktəblərin işindən asılı olsa da, cəmiyyətdə onların statusu elə də yüksək deyil. Bunun səbəbləri çoxdur. Məncə, müəllimlərin işi çox çətindir və onların əməyini stimullaşdırmaq lazımdır. Müəllimlərin əməyinin stimullaşdırılması üçün 2008-ci ildən ölkə Prezidentinin sərəncamı ilə “Ən yaxşı müəllim“ və “Ən yaxşı məktəb“ müsabiqələri keçirilir“. Onun sözlərinə görə, müəllimlərin ixtisasının artırılmasını həyata keçirmək üçün ciddi işlər də görmək lazımdır: “Artıq müəllimlərin təkmilləşdirilməsi üçün beynəlxalq təcrübə əsasında yeni mexanizm hazırlanıb.Gələcəkdə bu istiqamətdə işlər həmin mexanizmə uyğun həyata keçiriləcək“. M.Mərdanov öz açıqlamasında həmçinin Təhsilin inkişafı üzrə Milli Strategiyanın yaxın günlərdə təsdiqlənəcəyini bildirib. O, deyib ki, sənəd artıq hazırdır və layihə müvafiq komissiyaya təqdim edilib. Strategiyanın yaxın günlərdə ictimaiyyətə də təqdim edilməsi nəzərdə tutulur. Xatırladaq ki, ölkə prezidenti bu ilin iyulunda “2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya“nın hazırlanması haqqında sərəncam imzalayıb.
Sevinc
Oxunma sayı 40