“Türkiyənin üzərində uzun zamandır qara buludlar dolaşır” – Mehmet Tütünçü

12:28 07.02.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu günlərdə Suriyanın İdlib bölgəsində 8 türk əsgəri Bəşər Əsəd qüvvələrinin açdığı top atəşi nəticəsində şəhid oldu. Türkiyə qarşılıq verdi və deyilənə görə 76 Əsəd əsgəri öldürüldü. İş başa çatmadı, Türkiyə ən yüksək səviyyədə Rusiyanı öz üzərinə götürdüyü öhdəliklərə əməl etməməkdə günahlandırdı. Hətta bununla Ankara-Moskva münasibətlərində soyuqluq yarandığını deyənlər də oldu. İndi də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyir ki, Əsədə ayın sonunadək vaxt verilir: ya İdlibin əvvəl cızılmış sərhədlərinə qaytarmalıdır qoşunlarını, ya da türk ordusu bunu özü edəcək. Belə çıxır ki, onsuz da başı Liviyada, Şərqi Aralıq dənizində ciddi geipolitik məsələlərə qarışan Türkiyəni Suriyada müharibə gözləyir...

Mərkəzi ofisi Niderlandda yerləşən Türk və Ərəb Dünyası Araşdırmalar Mərkəzinin sədri, doktor Mehmet Tütünçü ilə söhbətdə bu suallara cavab tapmağa çalışdıq.

- Suriyada gedən proseslər Türkiyənin əleyhinə inkişaf edir. Ruslar icazə verərsə, Türkiyə Suriyada hərbi əmliyyat apara bilər. Fikir verirsinizsə, Bəşər Əsədə bağlı Suriya ordusu məhz Rusiyanın hərbi dəstəyi ilə müxaliflərin nəzarətindəki əraziləri geri qaytarmaqdadırlar. Əvvəl Hələb və ətrafı, daha sonra Dəməşq və Gouta, daha sonra  isə Dara və Colan bölgəsi geri qaytarıldı, indi də əvvəl alınan ərazilərdən qaçaraq İdlibə yerləşən müxalif döyüşçülərin sığındığı bölgəyə - İdlibə hücumlar başlayıb. Burada yerləşən qruplar arasında “Əl Qaidə” kimi terror təşkilatının olduğu da deyilir. Əgər Suriya ordusu İdlib bölgəsini alarsa, müharibə Bəşər Əsəd – Rusiya bloku üçün xoşbəxt sonluqla bitəcək. O zaman yalnız YPG/PYD birliyinin nəzarətindəki torpaqlar qalaacq ki, onlar onsuz da müəyyən muxtar hüquqlar müqabilində Əsədlə birləşməyə hazırdırlar. YPG/PYD ilə anlaşandan sonra da növbə çatacaq Türkiyənin nəzarətindəki “Zeytun budağı” və “Fərat qalxanı” əməliyyatları ilə terrorçulardan təmizlənmiş Afrin və Əl-Bab bölgələrinə. Onlar Suriya dövləti adından çıxış edərək həmin bölgələrdəki xarici hərbi qüvvələrin – Türk ordusunun da çıxarılması məsələsini BMT müstəvisində qaldıracaqlar. Yəni Bəşər Əsəd və Rusiya Suriyanı bütöv halda ələ keçirmək yolunda İdlibi maneə olaraq görməkdədirlər. Əsəd və Rusiya hesab edir ki, Türkiyə İdlibdə müxalif qrupları dəstəkləməklə Suriya ilə düşmənçilik edir.

- Son məlum hücumlar İdlibin harasında olub, Əsədə bağlı qoşunlar orada əvvəllər də aktiv döyüşürdü, yoxsa pusqu-filan qurublar? Bu hadisə Türkiyəni genişmiqyaslı müharibəyə sürükləmək üçün Rusiya və İran tərəfindən hazırlanmış tələ ola bilərmi?

- Əsədə bağlı əsgərlər türk ordusuna İdlibin Sərakib qəsəbəsində hücum edib. Sərakip Hələb-Lazkiyə-Hələb-Dəməşq, eləcə də Hələb-İdlib yollarının keçdiyi ərazidə yerləşən strateji mövqeli qəsəbədir. Sərakib qəsəbəsini tutarsa bütün strateji ana yollara nəzarət rejimin əlinə keçəcək. Buna imkan verməmək üçün Türkiyə ordusu yolları kəsərək 4 nəzarət məntəqəsi qurub. Türk nəzarət məntəqələrini düşmən hədəfi olaraq görən ruslar, onları vuraraq Türkiyənin irəliləməsini dayandırmağa çalışırlar. 

- Əsədə bağlı qüvvələr İdlibdəki türk əsgərlərə, Türkiyəni Liviyadan və Şərqi Aralıq dənizindən çıxarmaq məqsədilə, İsrail, Misir və Yunanıstanın təsiri altında hücum edə bilərmi? Yəni bu hücum planının altından sabah adıçəkilən ölkələrdən biri çıxa bilərmi?

- Təbii ki, arxa planda Türkiyəyə qarşı birləşmiş bir şər ittifaqı var. Çox qəribədir ki, bir-birinə normal şərtlər altında düşmən kəsilən İran və Səudiyyə Ərəbistanı eyni cəbhədə birləşərək Əsədə arxa dururlar. Birləşmiş Ərəb Əmirlikləri maliyyə dəstəyi və Misir mənəvi, hərbi-texniki yardımlarla Türkiyənin Liviya və Aralıq dənizində həmlələrini əngəlləməyə çalışırlar. İran şiə hilalı yaradaraq ərəb ölkələrini narahat etsə də, bu, ərəb ölkələrinin Türkiyəyə qarşı İranın yanında yer tutmasına mane olmur.

- Xatırlayırsınızsa, bir zamanlar rus qırıcısını vuran kimlərsə Türkiyə ilə Rusiya arasında mümkün qarşıdurma yaratmaq istədi. Ardıyla da Rusiyanın Ankaradakı səfirini güllələdilər. Düzdür, bir müddət istədiklərinə çatdılar - Rusiya-Türkiyə münasibətləri sıfıra endi. Amma tərəflər tezliklə isbatlaya bildilər ki, bütün bunlar təxribatdır və münasibətləri sürətlə yaxşılaşdırdılar. Bəlkə bu iki ölkənin arasını vurmaq üçün yenə də məkrli planlar qurulub?

- Doğrudur, Rusiya təyyarəsinin vurulması Türkiyə ilə Rusiyanı üz-üzə qoymaq üçün düşünülmüş tələ idi. Bunun arxasında FÖTO-nun ünsürləri vardı. Rusiya ilə pozulan əlaqələr Turkiyənin Moskvadan “S-400” hava hücumundan müdafiə sistemi alması, eləcə də Astana və Soçi danışıqlar prosesinə daxil edilməsi ilə başa çatdı. Amma bu proseslər Rusiyanın lehinə, Türkiyənin isə əleyhinə işlədi. “Sülh çeşməsi” hərəkatını xatırlayaq: Amerika və Rusiya birləşərək Türkiyənin qarşısını kəsdilər və türk ordusunun irəliləməsini dayandırdılar.

- Prezident Rəcəb Tayyib Ərdoğan fevral ayının axırını son tarix verdi Əsədə. Sizcə bu ayın sonunadək Ərdoğanın söylədikləri olmasa nə baş verəcək İdlibdə?

- Ərdoganın verdiyi ultimatum tamamən siyasi məqsəd daşıyır. Hesab edirəm ki, müdaxilə ediləcəksə, bu gün edilməlidir. Fevral ayının snunadək vaxt vermək, İdlibin tamamilə Suriya hökumətinin və Rusiyanın əlinə keçməsinə vaxt yaratmaqdır. Bu yerləri aldıqdan sonra kimsə onları oradan çıxara bilməz. Üstəlik, 10 nəzarət qülləmiz düşmən dənizinin içində qalacaq. Yəni, hətta bu qüllələrdəki əsgərlər Əsəd gücləri tərəfindən əsir də alına bilər ki, bu da Türkiyənin əl-qolunu bağlayacaq. 

- Sizcə İdlibdə Əsəd öz ordusu ilə Türkiyəyə müharibə elan edərsə, ABŞ və ümumiyyətlə NATO Türkiyə tərəfində müharibəyə qatıla bilərmi?

- Zənn etmirəm. Hər kəs Əsədin qalib gələcəyini yaxşı bilir və müharibənin başa çatacağı günü gözləyir. Türkiyə belə bir hücuma keçərsə, NATO-da müharibəni uzadan tərəf olaraq qalacaq.

- Türkiyə doğrudan da Əsədə yerini göstərmək istəsə, bu gün məsələ ilə bağlı çox tərəddüdlü və yumşaq davranan Rusiya və ya başı onsuz da bəlada olan İran nə edəcək, döyüş meydanlarında açıq-aşkar Türkiyəyə qarşı mövqe tutacaqmı?

- Zatən Rusiya və İran olmasa Əsəd heç kimdir. Türkiyə onsuz da İdlibdə Əsədlə deyil, Rusiya və İranla döyüşür. Türkiyənin Əsədə qarşı yeganə müttəfiqi İsrail ola bilər. Hesab edirəm ki, Türkiyə ilə İsrail arasında münasibətlər düzələrsə, Yaxın Şərqdə bütün proseslər Türkiyənin xeyrinə dəyişəcək. Əks halda Rusiya, İran, Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Əsəd və YPG/PYD birləşərək Türkiyəyə qarşı mübarizələrini davam etdirəcəklər. Eyni birlik təkcə Suriyada deyil, Liviyada da Türkiyənin qarşısındadır.

- Türkiyə İdlib məsələsində Avropa İttifaqından daha çox dəstək almaq üçün suriyalı qaçqınlardan istifadə edə bilərmi? Yəni İdlibdən gələn köçü Türkiyəyə buraxmayıb, Avropaya keçidlərinə də mane olmamaqla...

- Bunun baş verəcəyini düşünmürəm. Avropa ölkələri çox ciddi tədbirlər görüblər qaçqınların qarşısını almaq üçün. İstər Egey dənizi sahillərində, istərsə də Yunanıstan və Bolqarıstan sərhədlərində keçilməz sədlər yaradılıb. Məncə qaçqınlar üçün ən yaxşı yol Türkiyənin Əsədlə barışması ola bilər ki, bu halda insanlar öz torpaqlarına geri dönəcəklər.

- Çox düşündürücü bir vəziyyət var: Türkiyə öz qüdrəti ilə dünyaya sözünü dediyi bir vaxtda, ölkə ərazisində ard-arda yaşanan zəlzələlər, qar uçqununda insanların həlak olması, İdlibdə hərbçilərin şəhid edilməsi, təyyarənin eniş zamanı qəzaya uğraması və sair təsadüf ola bilərmi?

- Təsadüf olma ehtimalı yüksəkdir, amma onu da bilməliyik ki, Türkiyənin başı üzərində uzun zamandır qara buludlar dolaşır. Bunun üçün dua edək ki, vəziyyət yaxşıya doğru dəyişsin. Keçmişdə Əshabı Kəhfin adları qapının üstünə yazılırdı ki, ev fəlakətlərdən qorunsun. Yəni inanclar belə idi. Mən də Yeddi Uyurlar eşqinə dua edirəm ki, Türkiyəmizin üzərində dolaşan fəlakət buludları dağılsın. Hər gün bir fəlakət – zəlzələ, sel, yanğın,qar uçqunu, iş qəzası, təyyarə qəzası, nəqliyyatda qəzalar, ailədaxili qarşıdurmalar, qadına şiddət, heyvanlara şiddət, səfalət, epidemik xəstəliklər, şəhid xəbərləri... Allah bütün bu uğursuzluqları yox eləsin.

Oxunma sayı 846