Türkmən xalqı daha bir mübariz oğlunu itirdi

11:24 08.12.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Danimarkada yaşayan, bütün ömrünü İraq türkmənlərinin haqları uğrunda mübarizəyə həsr etmiş, Türkməneli Partiyasının Danimarkadakı təmsilçisi Məhmət Səməd bu gün yaşadığı Kopenhagen şəhərində vəfat edib.

Hafta.az yazır ki, mərhum hər zaman dünyanın harasında yaşayırsa yaşasın, türkmən fərdlərin xalq olaraq birləşməsinin vacib olduğunu deyirdi. Hətta bumüstəvidə çıxışları, müraciətləri, türkmən mətbuatında məqalələri də olub.

Vaxtilə Danimarkada yaşayan türkmənlərin bir araya gələ bilməməsindən ürək ağrısı ilə bəhs edən Məhmət Səməd belə deyirdi: “Danimarkada neçə türkmənin yaşadığını heç bir rəsmi sənəd təsdiqləmir və ona görə də hər kəs öz təxminlərini ortaya qoyur. Bəlkədə minlərlədir, amma heç bir milli dərnək və ya digər quruluşumuz indiyədək onlardan 100 nəfərini bir araya gətirə bilməyib. Çünki Danimarkanın timsalında Avropa cəmiyyətinə inteqrasiya edən türkmənlərdə milli kimlik və milli təəssübkeşlik sürətlə yox olmaqdadır”.

O, narahat idi ki, sosial həyatını inkişaf etdirmək üçün xarici ölkələrə üz tutmuş türkmənlər gələcəklərini elə öz yaşam meyarlarını düzənləmək müstəvisində qururlar. Məsələn, Kopenhagendə adi bir toya 200 türkmən ailəsi qatıldığı halda, hansısa türkmən milli məsələsinə həsr olunmuş, olduqca vacib tədbirə çox böyük səylər bahasına maksimum 120 türkməni gətirmək mümkündür. Hətta Almaniya, İngiltərə və Belçikadan gələn İraq Türkmən Cəbhəsinin təmsilçiləri də daxil, Kopenhagendə fəaliyyət göstərən iki türkmən mədəniyyət dərnəyinin birlikdə keçirdiyi konfransa 60-dan az nümayəndə qatılıb. Bu da onların milli məsələlərinə nə qədər fikir verdiklərini göstərir. Buna görə də, mərhum Məhmət Səməd bildirirdi ki, hər bir türkmən valideyn övladlarını maksimum vətənpərvər böyütməli, onları vətəninə, millətinə, kimliyinə bağlı əsl türkmən olaraq tərbiyə etməlidir...

...Biz də Azərbaycan jurnalistləri olaraq mərhumun ailəsinə və bütün türkmən xalqına başsağlığı verir, Allah rəhmət eləsin deyirik.

Oxunma sayı 141
Siyasət rubrikasından digər xəbərlər