“Türküstan türk xalqlarının hamısı üçün müqəddəsdir” – Nursultan Nazarbayev

13:10 08.11.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstanın qurucu prezident, Elbaşı Nursultan Nazarbayev, Türküstan bölgəsinə səfər edib. O, vilayət mərkəzindəki mədəniyyət və elm abidələri haqqında məlumatlar alıb, yerli sakinlərlə görüşüb, söhbət edib.

Hafta.az yazır ki, bu barədə qurucu prezidentin internet səhifəsində məlumat yerləşdirilib.

Nazarbayev görüşdüyü insanlarla söhbəti zamanı deyib ki, Türküstan vilayəti yalnız Qazaxıstanın inzibati ərazisi deyil, özünə türk deyən bütün insanların müqəddəs torpağıdır.

Bu yerdə xatırladaq ki, Elbaşı Nursultan Nazarbayev, bir müddət əvvəl Bakıda keçirilən VII Türk Şurası Zirvəsində Türk Dünyası Ali Nişanı ilə təltif edilib və Türk Şurasının fəxri sədri seçilib.

“Müstəqilliyimizi qazandıqdan sonra Türküstanı yeni paytaxt olaraq düşünürdüm. Ancaq yaşanan şərait buna imkan vermədi – Astananı paytaxt elədik. Buna baxmayaraq, bu gün qonağı olduğumuz şəhər artıq vilayət mərkəzinə çevrilib və çox sürətlə böyüməkdədir. Türküstan, Türk dünyasının beşiyidir. Qardaş türk dövlətlərinin də bizi dəstəkləyəcəyinə əminəm” deyən N.Nazarbayev əlavə edib ki, zəngin tarixlə və ibrətlə dolu Türküstan, qazax xalqı üçün böyük önəm daşıyır. Çünki Türküstan Mərkəzi Asiyanın ən qədim şəhərlərindən biri, qazax xalqının mənəvi evidir. Bir çox dahi qazax mütəfəkkirləri məhz bu torpaqda əbədi hüzur içində uyumaqdadır. N.Nazarbayev bildirib ki, hazırda əldə olunan məlumatlar Türküstanda 164 dahinin dəfn olunduğunu göstərir. Hansı ki, onlardan 21 nəfəri dövləti idarə edən siyasətçilər, 30-u isə ordu komandanları və xalq arasında qəhrəman kimi tanınan liderlər olub.

Türküstanın tarixinin qazax xalqının tarixi olduğunu deyən Nazarbayev əlavə edib ki, “Müqəddəs Türküstan”a qarşı duyulan qurur hər bir qazaxın ürəyinə, qanına işləyib: “Türküstan, sadəcə bizim deyil, türk xalqlarının hamısı üçün müqəddəsdir. Xalqımız arasında “Mədinədə Məhəmməd, Türküstanda Yasəvi” deyimi var. Bunun kimi fərqli ənənələr Türküstanı bütün Turan bozqırının, eyni kökdən gələn türk xalqlarının mənəvi mərkəzinə çevirdi. Şəhərin statusunun artırılması bütün türk xalqlarını - Özbəkistanı, Qırğızıstanı, Türkmənistanı sevindirib. Bildiyimiz kimi, Türküstanın 1500 il illiyi ilə bağlı çox işlər görmüşük. O zaman da bu əraziyə gəlib, insanlarla danışıb, məsləhətləşmişik. Mən o zaman Türküstanın gələcəkdə mənəvi paytaxt olacağını söyləmişdim. Artıq o hədəfə çatmışıq”.

Siyasət rubrikasından digər xəbərlər