Üç dəfə Qarabağa gələn bolqar siyasətçinin türk düşmənçiliyi

10:10 09.08.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Avqustun 7-də daha bir ölkənin rəsmisi Azərbaycanın ərazi bütövlüyünü təhqir etdi, sərhədlərimizi pozub qanunsuz şəkildə torpaqlarımıza ayaq basdı. Bu şəxs Bolqarıstan parlamentinin üzvü, Bolqarıstanın Qurtuluşu Üçün Milli Cəbhənin (NFSB) lideri Valeri Simeonov və başqa bir bolqar parlament üzvü Yordan Apostolov Dağlıq Qarabağa gələrək qondarma rejimin başbilənləri ilə görüşlər keçiriblər.

O cümlədən, qondarma DQR-in parlament sədri Aşot Qulyanla keçiirlən görüşdə bolqar millət vəkillərini Ermənistan parlamentnin sədr müavini Lena Nazaryan müşayiət edib. Erməni saytları bolqar parlamentarilərin Qarabağa gəlişinin səbəbinin Xankəndidə keçirilən Pan-Erməni oyunlarının açılışında iştirak etmək olduğunu yazırlar.

Bir məsələ var ki, Qarabağ torpaqları Ermənistan ordusunun işğalı altındadır və uzun illərdir problemin sülh yolu ilə həllinə çalışan ATƏT-in Minsk Qrupu fəaliyyət göstərir. Hətta Bolqarıstanın daxil olduğu Avropa İttifaqının ən böyük subyektlərindən Fransa, eləcə də Bolqarıstanın da sıralarında olduğu NATO-nun flaqmanı sayılan ABŞ-ın həmsədrlik etdiyi Minsk Qrupu bu münaqişənin həllinə səy göstərdikləri halda, nəyə görə bolqar parlamentarilər və bu ölkənin ən tanınmış siyasi fiqurları Qarabağda separatçılarla bir araya gəlir?

Azərbaycan XİN bolqar parlmentarilərin Dağlıq Qarabağ bölgəsinə qeyri-qanuni səfəri və separatçı rejimin nümayəndələri ilə keçirdikləri görüşlərlə bağlı rəsmən etirazını bildirib. Ölkəmizin Bolqarıstandakı səfirliyi dövlətimizin mövqeyini bildirən etiraz notasını Bolqarıstanın Xarici İşlər Nazirliyinə təqdim edib.

Notada qeyd edilib ki, bu, ermənipərəst mövqeyi ilə tanınan deputat Valeri Simeonovun işğal edilmiş ərazilərə sayca 3-cü qanunsuz səfəridir və onun adı hələ 2016-cı ildə Qarabağa etdiyi icazəsiz səfər zamanı “işğal edilmiş ərazilərimizə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşları” siyahısına salınıb. O cümlədən digər deputat Yordan Apostolovun da adı həmin siyahıya salınacaq.

Təbii ki, bolqar millətçilərinin torpaqlarımıza qanunsuz gəlişinin, qanunlarımızın keç saymasının cavabsız qalması mümkün deyildi və gözlənilən cavab verildi. Amma maraqlısı odur ki, görəsən ölkəsində mənfi qiymətləndirilsə də, kifayət qədər siyasi təcrübəsi olan Simeonovun belə bir addım atması nə ilə bağlıdır? Axı məhz millətçi mövqeyi ilə istər Bolqarıstanda, istərsə də dünyanın çox böyük qismində xoş qarşılanmayan bu şəxs və ya şəxslər öz xalqlarının sosial-iqtisadi rifahını yüksəltməyə çalışmalıdır. Amma təəssüf ki, əksinə, Simeonov kimilərin yanlış siyasəti ucbatından bu gün Bolqarıstan əhalisi çox dərin böhrana sürünməkdədir. Bunlardan ən böyüyü, milli müstəvidə əhalinin sürətlə azalmasıdır. Rəsmi məlumatlara görə hər il Bolqarıstanı 25 min insan tərk edərək dolanışıq dalıyla xaricə gedir. 2011-ci ildə keçirilmiş siyahıyaalınmada ölkə əhalisi 7 milyon 364 min 570 nəfər olsa da, 2017-ci ildə əhalinin sayının 314,5 min nəfər azaldığı üzə çıxıb. Bu gün 1 milyon bolqarıstanlı xarici ölkələrdə yaşayır. Ən çoxu da Türkuyə, İspaniya, ABŞ, İngiltərə, Almaniya və sairdə. Ən pisi isə budur ki, Bolqarıstanın əhalisi sürətlə qocalır və hazırda əhalinin 21 faizinin yaşı 65-dən yuxarıdır.

Simeonov kimi millətçiləri qəzəbləndirən də bəlkə elə bu amildir. Onlar hesab edir ki, ölkədə yaşayan və Bolqarıstan qanunlarına görə sadəcə milli azlıq hesab edilən müsəlman türklər və romanlar xristian bolqarlarla müqayisədə daha sürətlə artır və belə gedərsə 30-40 il sonra Bolqarıstan bolqarların azlıqda qalacağı ölkəyə çevrilə bilər.

Bu yerdə xatırladım ki, Bolqarıstanda türklərin sayı 800 mindən, romanların sayı isə 600 mindən çoxdur. Rəsmi statistikada türklər Bolqarıstan əhalisinin 9 faizi qədər göstərilsə də, ötən il bu ölkənin XİN başçısı Yekatirina Zaxareva türklərin 12 faiz olduğunu demişdi.

Türklərin zaman-zaman Bolqarıstanda repressiyalara, təzyiq və təhqirlərə, assimilyasiyaya məruz qaldığını hər kəs bilir. Məhz Simeonovun ciddi dəstək verdiyi hökumət qərarları ilə bu gün də türklərin adi vətəndaşlıq haqları əllərindən alınmaqdadır. Bütün bunlara görədir ki, V.Simeonov xalq arasında siyasi etibarını demək olar ki, itirib. Məsələn, ötən ilin sentyabrında keçirilmiş rəy sorğusunda respondentlərin 88,9 faizi ondan və partiyasından heç nə gözləmədiyini deyib.

V.Simeonov türklərə, ümumilikdə müsəlmanlara qarşı nifrət və qəzəbini əmələ çevirmək üçün 2015-ci ildə qurulmuş və “Hücum” mənası verən “Ataka” Partiyası ilə sıx əməkdaşlıq  içindədir. Yeri gəlmişkən, “Ataka” Krımın Rusiya tərəfindən işğal və ilhaqını Avropa İttifaqı daxilində cidd-cəhdlə dəstəkləyən yeganə siyasi quruluşdur. Bu partiya həmçinin qondarma erməni soyqırımının Bolqarıstan parlamentində tanınmasına çalışır və hətta 24 aprel tarixinin parlamentdə anım günü kimi qeyd edilməsinə nail olub.

“Ataka” ilə vahid cəbhədə olan Bolqarıstanın Qurtuluşu Üçün Milli Cəbhənin (NFSB) lideri olan Simeonov həm də Bolqarıstanın ən zəngin iş adamlarındadır. Onun inhisarında telekanal (Skat TV), media orqanları (“Desant” qəzeti), ən nəhayət “Skat” kimi kabel şəbəkəsini əlində tutan şirkət var. Bəlkə də buna görədir ki, ictimaiyyət arasında onu “Skat TV Partiyası” adlandırırlar.

2016-da keçirilən parlament seçkilərində məhz “Ataka” ilə blok şəklində yarışa qatılan Simeonovun partiyası 9 mandat əldə edib. O, özü hətta Borisov hökumətinin koalision ortaqlarından olaraq hökumətdə baş nazirin müavini vəzifəsini də alıb, Bolqarıstan Etnik Azlıqların İnteqrasiya Şurasının sədri təyin olunub və təbii ki, bu azlıqları hiddətləndirib və millətçi mövqeyi üzündən həftələrlə davam edən etiraz aksiyaları nəticəsində istefa verməyə məcbur qalıb.

Bu o Valeri Simeonovdur ki, hətta Bolqarıstan hökuməti 2015-ci ildə Türk firması ilə sövdələşərək barmaq izini yoxlayan cihazlar almaq istəyəndə bütün ölkəsini ayağa qaldırıb, “türklər bolqarların barmaq izlərini oğurlayacaqlar” demişdi.

Simeonov nüfuzunu tam itirəndə Avropa İttifaqının digər ölkələrindəki millətçilərin və neo-faşistlərin dəstəyini almaq üçün özünəməxsus gedişlər edir. Ermənilər də unutmamalıdır ki, bir neçə il öncə Rusiya Patriarxl Kirill Bolqarıstana səfər edəndə, həmin vaxt baş nazirin müavini olan Simeonov onu "Sovet DTX-sının agenti və siqaret mitropolu" adlandırmışdı.

İşğal olunmuş Dağlıq Qarabağa gəlişinin səbəbi də onun türklərə tükənməyən nifrətindən qaynaqlanır. O, yaxşı bilir ki, “Bir millər, iki dövlət” birlikdə daha güclüdür və onlardan hər hansı birinin maraqlarına toxunmaqla bütöv türk millətindən "qisas ala biləcəyini" düşünür. Amma burnundan uzağı görməyən bu millətçi və qondarma siyasətçi unudur ki, hələ sovetlər dövründə də Bolqarıstanla Azərbaycan arasında sıx əməkdaşlıq mövcud olub. Ölkələrimiz Moskva üzərindən də olsa, ticarət ediblər, mədəniyyət və təhsil sahələrində iş birliyində olublar, azərbaycanlılar Bolqarıstana, bolqarlar Azərbaycana səfər edib və sair. Bu gün də iki ölkə arasında yüksək səviyyədə münasibətlər mövcuddur və hətta Azərbaycan Avropanın, o cümlədən Bolqarıstanın enerji təhlükəsizliyində vacib rol oynayır. Yəni o, yaxşı siyasətçidirsə, nifrət və millətçilik gözlərini bağlamamalı, Azərbaycanın vacib tərəfdaş olduğunu anlamalı və heç bir siyasi, iqtisadi və ticari önəm daşımayan Ermənistanın fitnəsinə uyub ölkələrimiz arasında mövcud etibara xələl gətirməməlidir.

Siyasət rubrikasından digər xəbərlər