“Ukrayna və Azərbaycanın üzləşdiyi ağrılı problemlər çox oxşardır” – Səfir Vladislav Kanevski

19:41 12.09.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 12-si Ukraynada müstəqilliyinin 28-ci ildönümü qeyd olunur. Bu məqsədlə Ukraynanın ölkəmizdəki səfirliyi dövlət və hökumət rəsmilərinin, millət vəkillərinin, diplomatic korpusun və geniş ictimaiyyət təmsilçilərinin iştirakı ilə rəsmi qəbul təşkil edib.

Əvvəlcə uşaqlardan ibarət xor qrupunun ifasında hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Çıxış edən Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski 28 il ərzində Ukraynanın keçdiyi inkişaf yolundan söz açıb. Deyib ki, bu nailiyyətlər heç də asan başa gəlməyib. “Müstəqillik ukraynalıların milli sərvətidir. Ölkəmizin müstəqilliyini qoruyub saxlamaq üçün çox əzablara qatlaşmışıq, fəqət kənar qüvvələrin təzyiqləri bizi əzə bilməyib və dövlətçiliyimizi əzmlə qorumuşuq. Biz bu yolda çoxlu insanlarımızı itirmişik və hazırda separatçı rejimin nəzarətindəki Donbas vilayətində hələ də Ukrayna vətəndaşları arasında həlak olanlar var” deyən səfir əlavə edib ki, bütün çətinliklərə rəğmən ölkəsi və xalqı demokratik ənənələrə sadiq qalaraq zorakılığa qarşı çıxır və dövlətlərin ərazi bütövlüyünə sayğılı olmağı tələb edir.

Səfir qeyd edib ki, Ukrayna dövləti ilə dost Azərbaycanın üzləşdiyi milli problemlər çox oxşardır. Ukraynanın Krım və Donbas-Luqansk torpaqları işğalda olduğu kimi, Azərbaycanın da Qarabağ münaqişəsi uzun müddətdir həllini gözləyir. Ona görə də Azərbaycan və Ukrayna xalqları bir-birini daha yaxşı başa düşür və bir-birinə dəstək verir. Diplomat ölkələrimiz arasında mövcud çoxsaylı iqtisadi və sosial layihələrdən də söz açıb. Bu gün ölkələrimizin çoxsaylı birgə layihələr həyata keçirdiyini dilə gətirən səfir əməkdaşlığın gələcəkdə daha uğurla davam edəcəyinə inandığını bildirib. O, həmçinin Ukrayna dövləti adından, suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiyinə görə Azərbaycana təşəkkür edib.

Xarici İşlər nazirinin müavini Xələf Xələfov çıxış edərək əvvəlcə Ukrayna xalqını bayram münasibətilə təbrik edib, sülh və əmin-amanlıq arzulayıb. Nazir müavini bildirib ki, iki ölkə arasında münasibətlər sürətlə inkişaf edir. “Azərbaycanla Ukrayna beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq etməkdədirlər. Ukrayna Azərbaycanın etibarlı iqtisadi tərəfdaşıdır. Bir çox sahələrdə olduğu kimi, enerji sahəsində də sıx əlaqələr var. Ölkələrimiz arasında strateji tərəfdaşlıq qarşılıqlı səylər nəticəsində daha da möhkəmlənir. SOCAR Ukraynanın enerji təhlükəsizliyinin möhkəmlənməsi işində iştirak edir. Sevindirici haldır ki, hazırda Ukrayna istehlak etdiyi neftin 80 faizdən artığını Azərbaycandan alır. Əminik ki, iqtisadi-ticarət əlaqələrimiz gələcəkdə daha da genişlənəcək” deyib X.Xələfov.

“Nikol Paşinyanın avantürist açıqlamaları, müharibəyə təhrik edən məsuliyyətsiz addımları regiondakı prosesləri təhlükəli məcraya yönəldir. Erməni xalqının onlara vaxtilə sığınacaq vermiş region xalqlarının torpaqlarına qarşı təcavüzün ağır məsuliyyətini dərk etməsi zərurəti vardır”, - deyən nazir müavini Azərbaycan xalqı və dövlətinin öz torpaqlarının işğalına heç vaxt yol verməyəcəyini vurğulayıb.

Azərbaycanın ərazi bütövlüyü məsələsində, habelə işğal altındakı ərazidə qondarma “yerli idarəetmə orqanlarına seçkilər”i tanımamaqla bağlı Ukraynaya təşəkkür edən nazir müavini daha sonra qeyd edib: “Güc vasitəsilə dövlət sərhədlərini dəyişdirməyin dünya birliyi tərəfindən qəbul edilmədiyini xüsusi vurğulamaq istərdim. Odur ki, belə yol seçənlər gec-tez iflasa uğrayacaq”.

Daha sonra iki ölkə arasında əlaqələrin genişlənməsində rolu olan şəxslərin mükafatlandırılması mərasimi keçirilib.

İndi də ölkələrimiz arasında əlaqələrin tarixinə qəsaca nəzər salaq:

Hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda Nikolayevskaya küçəsi 8 ünvanında yerləşən Mirzəbəyov qardaşlarının evində Ukraynanın nümayəndəliyi yerləşib və missiyaya vitse-konsul Qolovan rəhbərlik edib.

Sonrakı yetmiş illik sovetlər dövründə də bir bayraq altında yaşayan Azərbaycanla Ukrayna arasında sıx əlaqələr olub. Hətta demək olar ki, ölkələrimiz arasında qırılmaz iqtisadi-ticarət əlaqələrinin əsası da elə həmin dövrdə qoyulub. SSRİ dağıldıqdan sonra isə, Azərbaycanla Ukrayna arasında münasibətlər nəinki soyumayıb, əksinə, yeni mühütdə daha da genişlənib.

Ukraynanın bir parçası olan Krım tatar-türkləri ilə Azərbaycanı eyni soy-kök birləşdirir. Krım türklərindən olan İsmayıl Qaspiralı, Mustafa Krımoğlu və sair Azərbaycanda hörmətlə yad edilir. Ukraynalı ataman A.Qolovatı 1795-ci ildə cənub sərhədlərimizi qorumaq məqsədilə Azərbaycana gəlib və burada vəfat edib. 200 ildir Azərbaycan xalqı onun məzarını qoruyur və Lənkəranda Ukrayna kazaklarının xatirəsinə abidə mövcuddur.

1930-cu illərdə ukraynalılar da Azərbaycan xalqı kimi Stalin rejiminin repressiyalarına məruz qalıb. Hazırda Ukraynada təxminən yarım milyon azərbaycanlı yaşayır. Bu ölkədə güclü Azərbaycan diasporu fəaliyyət göstərir. Onlar ictimai-siyasi proseslərdə fəal iştirak edirlər və rəhbər vəzifələrdə təmsil olunurlar.

Ukrayna ilə Azərbaycan arasında diplomatik münasibətlər 31 yanvar 1992-ci ildə qurulub. Hər iki dövlət bir-birinin müstəqilliyini qısa müddətdə tanısa da, diplomatik nümayəndəliklər bir qədər gec açılıb. Ukraynanın Azərbaycandakı səfirliyi 1996-cı il mayın 5-də fəaliyyətə başlayıb. Azərbaycanın Ukraynadakı səfirliyi isə 1997-ci il martın 17-də açılıb. Hazırda Azərbaycanın Ukraynada səfiri Azər Xuduyev, Ukraynanın ölkəmizdə səfiri isə Vladislav Kanevskidir.

Azərbaycan və Ukrayna GUAM-la yanaşı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində də sıx iqtisadi münasibətlər yarada biliblər.

Ukraynadan Azərbaycana əsasən hava və qaz kompressorları, ventilyasiya qurğuları, vakuum nasosları, neft-qaz kəməri boruları, təyyarə və ucan aparatlar, onların hissələri, soyuducular, az qiymətli metallar və onlardan hazırlanan məmulatlar, ərzaq məhsulları, spirtli və spirtsiz ickilər, sirkə, tutun və sair idxal olunur. Azərbaycandan Ukraynaya isə yanacaq, benzin, neft məhsulları, fındıq, bitki mənsəli məhsullar, meyvə sirələri və sair satılır. Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, nəqliyyat, xidmət və sair sahələrdə 150-dən çox Ukrayna kapitallı şirkət fəaliyyət göstərir. 2018-ci ilin iyun ayında Kiyevdə Azərbaycan Ticarət Evi açılıb.

2018-ci ildə ikitərəfli ticarət əlaqələrinin həcmi 829 milyon dollar olub (Ən yüksək həcm 2010-cu ildə qeydə alınıb – 1 milyard 355 milyon dollar). Bunun da 359 milyon dollara yaxın hissəsi Azərbaycanın Ukraynaya məhsul ixracının (əksər hissəsi neft) payına düşür. Azərbaycandan Ukraynaya ən yüksək ixrac 2011-ci ildə qeydə alınıb – 910 milyon dollar. Amma nədənsə cəmi bir il sonra – 2012-ci ildə bu rəqəm 11 dəfə enərək 86 milyon dollar həddinə düşüb.

Azərbaycan - Ukrayna mədəni əlaqələrinin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin böyük rolu olub. 1997-ci il martın 24-də prezident Heydər Əliyevə Ukraynanın ali mükafatı - "Yaroslav Mudrı" ordeni təqdim edilib. Həmin tarixdə Kiyevdə Azərbaycannın Mədəniyyət Nazirliyi ilə Ukrayna Mədəniyyət və İncəsənət Nazirliyi arasında əməkdaşlığa dair saziş imzalanıb. 1998-ci ildən etibarən Bakı Slavyan Universitetində Ukrayna dili tədris olunur.17 oktyabr 2001-ci ildə BSU-da Ukrayna tədris-mədəniyyət mərkəzi açılıb. Açılışda Ukraynanın xarici işlər naziri A.Zlenkonun rəhbərliyi ilə Ukrayna nümayəndə heyəti iştirak edib. Azərbaycanın təhsil əlaqələrində Ukrayna üçüncü yeri tutur. Hazırda bu ölkənin ali məktəblərində çox sayda azərbaycanlı tələbə təhsil almaqdadır.

Ukraynada azərbaycanlıların çox sayda diaspor təşkilatı fəaliyyət göstərir.

Ölkələrimizin parlamentləri arasında da səx əməkdaşlıq mövcuddur. Milli Məclisdə Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. 2016-cı il martın 4-dən bu yana Rüfət Quliyev işçi qrupunun rəhbəridir.

Azərbaycanla Ukrayna arasında 125 sənəd imzalanıb.

 

P.S. “Həftə içi” qəzetinin kollekti olaraq Ukraynanın ölkəmizdəki səfiri Vladislav Kanevski və Səfirliyin bütün diplomatlarını təbrik edirik.

Oxunma sayı 122