Ukrayna xalqının qan yaddaşı – Holodomor soyqırımı

18:30 28.11.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu gün dost Ukrayna xalqı tarixin onlara yaşatdığı ən acılı-ağrılı faciənin ildönümünü – Holodomor soyqırımını kədər və göz yaşları içində xatırlayır. Ukrayna iqtidarını, müxalifətini – bütöv xalqını birləşdirən bu kədərli hadisəni anmaq üçün, noyabrın 28-də həm “Holodomor” qurbanlarının, həm də 1921-1923 və 1946-1947-ci illərdə Ukrayna xalqına qarşı törədilmiş kütləvi qırğınlar zamanı qətlə yetirilən insanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Holodomor soyqırımı 1932-1933-cü illərdə baş verib. Sovet diktatura rejiminin o zamankı rəhbəri, diktator İosif Stalinin əmri ilə Ukraynada süni şəkildə aclıq şəraiti yaradılıb. İnsanlar nəinki çörək, ümumiyyətlə, qida qismində hər şeyə həsrət qoyulublar.

Tarixin yaddaşlarında milyonlarla insanın məhv edildiyi qanlı faciə kimi qalan Holodomor soyqırımının məqsədi, Ukrayna xalqını ya kommunist diktaturasının köləsinə çevirmək, bu alınmadıqda isə onları bir xalq olaraq yox etmək olub.

Ukrayna Milli Təhlükəsizlik Xidmətinin hesablamalarına əsasən, Holodomor soyqırımı nəticəsində 3 milyon 941 min insan həlak olub. Onların da əksəriyyəti aclığa daha davamsız olan kütlə - uşaqlar, qocalar və qadınlardır. Təbii ki, məsələni hər dəfə gündəmə gətirəndə, rəsmi Moskva 1932-1933-cü il aclıq hadisələrinin bütün SSRİ-də yaşandığını deməklə keçmişdə baş verənlərin məsuliyyətindən yayınır.

1998-ci il noyabrın 26-da Ukrayna prezidenti Leonid Kuçmanın qərarı ilə noyabrın son şənbə günü Holodomor qurbanlarını Anma Günü olaraq elan edilib. 2006-cı ildə isə, prezident Viktor Yuşşenkonun təklifi ilə “Holodomor”un soyqırım olduğunu açıq şəkildə inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun qəbul edilib.

Şahidlərin dediklərindən: “1932-1933-cü illərdə Ukraynada insanların bütün ərzaqları və ümumiyyətlə, onları həyatda saxlaya biləcək hər şey əllərindən alınırdı. Xüsusilə də aclığın daha çox əziyyət verdiyi bölgələr ordu tərəfindən mühasirəyə alınmışdı - əraziyə daxil olmağa və oradan kiminsə kənara çıxmasına imkan verilmirdi. Bütün Ukraynanın sərhədlərni saran sovet ordusu heç bir yardımın ölkəyə daxil olmasına imkan vermirdi. Bu, terror təşkilatı olan kommunist hökumətinin Ukrayna xalqına qarşı başlatdığı əsl müharibə idi”.

Yuxarıda qeyd etdiyimiz kimi, Təhlükəsizlik Xidməti 3 milyon 941 min ukraynalının həlak olduğunu söyləsə də, tarixçilərin hesablamasına görə bu rəqəm əslində 7 milyon civarında olub. Məsələn, 1933-cü ilin yayında, hər gün 34 min və ya hər dəqiqə 24 məfər aclıqdan həyatını itirirdi. Demək olar ki, o illərdə hər bir ukraynalı ailə mütləq itki verib. Amma bütün bunlara baxmayaraq, mənfur Sovet rejimi sonrakı illərdə Holodomor soyqırımını yeni nəsillərdən gizlətməyə və paralel olaraq yaşlı insanların hafizəsindən silməyə çalışıb. Kimsə bu məsələni açıb-ağartsa, əlüstü vətənə xəyanət etdiyi iddia olunaraq həbsə atılıb.

Bu yerdə sual verilə bilər ki, Stalin rejiminin ukraynalılarla düşmənçiliyinin səbəbi nə idi? Cavab aydındır: Ukrayna kəndliləri kommunistlərin kolxoz siyasətini qəbul etmirdi və təbii ki, Moskva bunu kommunizmə qarşı hücum hesab edirdi. Üstəlik, Rusiyada Oktyabr inqlabı baş verən zaman Ukrayna öz müstəqilliyini elan edərək, kommunistlərlə mübarizəyə başlamışdı. Amma Rusiyada yaxşı bilirdilər ki, imperiyanın ikinci iri subyekti olan Ukraynanın ram edilməsi kommunizmi ancaq gücləndirə bilər.

Yeri gəlmişkən, 1991-ci ildə Ukrayna SSRİ-dən ayrıldığını elan etdikdə, xəbəri alan prezident Mixail Qorbaçov “Ukraynasız SSRİ ola bilməz” deyərək, artıq imperiyanın süquta uğradığına eyham vurmuşdu. 

“Holodomor”un ssenarisi əslində 1920-ci illərdə başlamışdı, sadəcə tətbiqinə 1928-ci ildə start verilib. Məhz 1928-ci ilin yanvar ayında kommunistlər bütün taxıl ehtiyyatlarını müsadirə etməyə başlamışdılar. Dövlət, kəndlilərin topladığı taxılı çox aşağı qiymətə alaraq öz anbarlarına yığıb. Üstəlik, bir az zəngin olan kəndliləri “kulak” adlandıraraq vətən xaini çıxarıb, nələri vardısa alıb, özlərini də gedər-gəlməzə sürgünə göndərib. Bundan sonra isə, hər şeyi əlindən alınmış kəndliləri kolxozlarda işləməyə məcbu ediblər.

Həmin dövrdə, kommunist hökuməti bir qərar verir. Deməli, kim azacıq taxıl ehtiyyatı yığmışdısa, onları birmənalı şəkildə həbsə atırdılar. Hökumət nümayəndələri bütün vilayətlərdə ev-ev gəzərək buğda, arpa, qarğıdalı, yulaf – hər cür ərzaq məhsullarını, qoyun, keçi, inək kimi bütün ev heyvanlarını alıb götürürdülər. Bu işə milis, təhlükəsizlik qüvvələri, kommunist partiyası yerli təşkilatlarının, xüsusilə də gənclik qollarının üzvləri və sair cəlb olunmuşdu. İş bununla bitməmiş, ölkədə Ukrayna dilində təhsil verən məktəblər bağlanır, uşaqları zorla rus dilini öyrənməyə məcbur edirdilər. Ən pisi o idi ki, Moskva Ukraynanın daha çox aclıq hökm sürən bölgələrində yaşayan əhalinin evlərini tərk edərək başqa yerlərə köç etməsini də yasaqlamışdı. Proseslərin nəticəsi o yerə çatmışdı ki, 1933-cü ildə yalnız iyun ayında 1 milyondan artıq ukraynalı aclıqdan həlak olmuşdu.

Nəhayət, bu gün daha SSRİ yoxdur, Ukrayna müstəqil dövlət, ukraynalılar isə azad insanlardır, ötənləri geri qaytarmaq olmasa da, keçmişdən dərs götürüb, gələcəyə baxmaq lazımdır. Bu gün Azərbaycanla dost və qardaş münasibəti quran Ukraynanın aclıq kimi problemləri olmasa da, təəssüf, Donbas, Krım kimi torpaq yaraları mövcuddur. Ən pisi isə odur ki, Krımı ilhaq edən, Donbas və Luqansk vilayətlərində qondarma və separatçı rejim yaradan da məhz vaxtilə Holodomor soyqırımı törədən Rusiyadır. Amma dünya artıq o dünya deyil, bu gün Holodomor qətliamını Kanada, ABŞ, Avstraliya, Portuqaliya, Vatikan, Estoniya, Litva, Latviya, Gürcüstan, Polşa, Macarıstan, Ekvador, Kolumbiya, Meksika, Paraqvay, Peru və sair ölkələr soyqırım kimi tanıyıb. İnşallah, Ukrayna əzəli torpaqları olan Krımı, Donbas və Luqanskı yenidən geri qaytarar, dövlətin suverinliyi bərpa olunar.

Oxunma sayı 2368