Ulu Öndərin şüara çevrilən müdrik fikirləri Azərbaycan əsgərini daha böyük qələbələrə ruhlandırır - FOTO-VİDEO

16:09 14.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Müasir Azərbaycan Respublikasının və Azərbaycan Ordusunun qurucusu ulu öndər Heydər Əliyevin xatirəsi bu günlər bir daha ehtiramla yad edilir, məzarı və şərəfinə ucaldılan möhtəşəm abidələri minnətdarlıqla ziyarət olunur. Dahi rəhbərin zərb məsələ, atalar sözünə çevrilən müdrik fikirləri tez-tez xatırlanır və bu fikirlər hər bir kəsə Vətənə, xalqa, dövlətə necə sədaqətlə xidmət etməyin yollarını göstərir.

“Tarix həmişə hər şeyi öz yerinə qoyur”, “Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir”, “Ədalətsizliklə ədalət bərpa etmək olmaz”, “Öz ana dilini bilməyən adamlar şikəst adamlardır”, “Ağıl olan yerdə zora ehtiyac yoxdur”, “Xalq gərək daim öz kökünü xatırlasın”, “Tariximizin hər səhifəsi bizim üçün əzizdir”, “Tarix heç nəyi silmir”, “Vətən müharibəsi bütün xalqın, hər bir vətəndaşın öz şərəf və namusunu qorumaq üçün aparılan müharibədir”, “Gərək nəbzin Vətənin nəbzi ilə vursun”...

Bu fikirlərin hər biri hava, su kimi qiymətlidir, zamanın sınaqlarından çıxıb. Dünən də dəyərli idi, bu gün də dəyərlidir, sabah da öz dəyərini itirməyəcək, xalqımızı, millətimizi daha xoşbəxt gələcəyə aparacaqdır.

Ulu öndərin Vətən müdafiəçiləri qarşısında, Azərbaycan Ordusunun şəxsi heyəti qarşısında etdiyi hər bir çıxış, söylədiyi hər bir fikir də bu gün taleyini Vətənə xidmət peşəsinə həsr edənlərin, Azərbaycan əsgərinin fəaliyyətini istiqamətləndirir və onların yollarına mayak kimi işıq saçır. 

26 il öncə əbədiyaşar Ali Baş Komandanımız Bakı ətrafında yerləşən hərbi hissələrdən birində döyüşçüləri cəbhəyə yola salarkən, onlara xeyir-dua verərkən demişdir: “Vətənin, torpağın keşiyində daha cəsarətlə, daha mətinliklə durun. Vətəni qoruyun. Xalq, Vətən sizin şücaətinizi layiqincə qiymətləndirəcək və heç vaxt unutmayacaqdır”.

Dekabrın 13-də həmin hərbi hissənin ərazisində yeni salınmış müasir hərbi şəhərciyin klubunda Müdafiə Nazirliyi və Bakı Bələdiyyə Teatrının birgə təşkilatçılığı ilə keçirilən növbəti vətənpərvərlik tədbirində Ulu Öndərimizin şüara çevrilən bu fikirləri də bir daha xatırlanıb və Azərbaycan əsgərini daha böyük qələbələr qazanmağa ruhlandırıb.

Çıxış edənlər bildiriblər ki, Bakı Bələdiyyə Teatrının təqdim edəcəyi “Çingiz dastanı” ikihissəli mənzum tamaşasının (əsərin müəllifi və quruluşçu rejissoru Abdulla Qurbanidir) qəhrəmanı da Vətənin, torpağın keşiyində daha cəsarətlə, daha mətinliklə durub, Vətəni qoruyub, Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalıb.

O, xalqımızın, Vətənimizin şücaətini layiqincə qiymətləndirdiyi, heç vaxt unutmadığı, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüş, adı əbədiləşdirilmiş Azərbaycan Ordusunun əsgəri Çingiz Salman oğlu Qurbanovdur.

Tamaşaçılar Çingizin qəhrəmanlıqlarla dolu, Vətənə, xalqa, dövlətə həsr olunan qısa, lakin şərəfli ömür yolunu maraqla izləyib və hər kəs Vətənə Çingiz kimi qəhrəman, valideynlərinə layiqli oğul, Ordumuza isə mərd, qorxmaz, dəyanətli, cəsarətli əsgər olmağa söz veriblər.

Siyasət rubrikasından digər xəbərlər