“Ümid edirik, Məhkəmə tezliklə bu işlə bağlı öz mövqeyini açıqlayacaq”- XİN

17:19 16.01.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Ötən il də Azərbaycanın xarici siyasətinin əsas istiqaməti heç şübhəsiz ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi idi. Belə ki, tərəflər münaqişənin həlli istiqamətində həm prezidentlər, həm də xarici işlər nazirləri səviyyəsində görüşlər keçirdilər. Görüşlər zamanı münaqişənin müəyyən elementləri də müzakirə olundu. Buradakı müzakirə mövzularından biri də heç şübhəsiz ki, əsir və girov götürülmüş şəxslərin “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi idi.

Heç şübhəsiz ki, bu məqamda əsas müzakirə subyektləri 2014-cü ilin iyul ayında girov götürülmüş Rusiya vətəndaşı Dilqəm Əsgərovla, Azərbaycan vətəndaşı Şahbaz Quliyevin erməni əsirliyindən alınaraq Azərbaycan tərəfinə qaytarılmaları ilə bağlıdır. 5 illik danışıqların uğursuzluqla nəticələndiyini aydın şəkildə bildirməliyik.

Sözsüz ki, burada əsas uğursuzluğu ATƏT-in Minsk qrupunun ayağına yazmaq lazımdır. Tərəflər arasında barışıq əldə etmək üçün 26 ildir Ermənistana və Azərbaycana durmadan səfərlər təşkil edən həmsədrlər Dilqəm Əsgərov və Şahbaz Quliyevi girovluqdan xilas etməkdə aciz görünür.

Bəs Azərbaycan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı hansı irəliləyişə nail olub? 2020-ci ildə Dilqəm Əsgərov və Şahbaz Quliyev doğmalarının yanına geri dönə biləcəkmi? Bu barədə XİN-in mövqeyini öyrənməyə çalışdıq. Nazirliyin sözçüsü Leyla Abdullayeva hafta.az-a açıqlamasında bildirdi ki, xarici işlər naziri Elmar Məmmədyarov bu məsələ ilə bağlı ötən ilin dekabrın 30-da açıqlama verib. XİN sözçüsü həmin açıqlamadan yola çıxaraq deyib ki, Azərbaycan beynəlxalq humanitar hüququn normalarını rəhbər tutaraq əsir və girov götürülmüş mülki şəxslərin “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi təklifi ilə çıxış edib: “Ermənistan tərəfi isə mülki şəxslərin girov götürülməsini qadağan edən və hərbi münaqişələr zamanı mülki şəxslərə münasibətdə humanist davranış tələb edən 1949-cu il Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarının müddəalarına zidd olaraq, beynəlxalq səviyyədə götürdüyü bu öhdəliklərini kobud şəkildə pozmaqda davam edir. Artıq 5 ildir ki, soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev Ermənistan tərəfindən girovluqda saxlanılır, həm də işğal olunmuş ərazilərimizdəki qanunsuz rejimin qurama “məhkəmə qərarı” ilə. Ermənistan tərəfinin “cinayətkar” kimi qələmə verdiyi bu şəxslər, Azərbaycanın hazırda hərbi işğal altında olan Kəlbəcər rayonunda valideynlərinin məzarlarını ziyarət etmək üçün öz torpaqlarına gediblər; əgər öz doğma evlərinə getmək cinayətdirsə, o zaman bu insanları yaşadıqları torpaqlardan qovub onları fundamental hüquqlarından məhrum etmək nədir?!”

Leyla Abdullayevanın nazirin çıxışına əsaslanan fikirlərinə görə, Ermənistan tərəfi artıq anlamalıdır ki, etnik təmizləməyə məruz qalmış yüz minlərlə azərbaycanlının fundamental hüquqları bərpa olunmadan və bu insanlar öz evlərinə geri qayıtmadan münaqişənin həlli istiqamətində irəliləyiş mümkün deyil: “Avropa İnsan Hüquqları Məhkəməsi “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə Ermənistanın işğalçı tərəf kimi məsuliyyətini müəyyən etməklə bərabər, azərbaycanlı məcburi köçkünlərin öz evlərinə və ya daimi yaşayış yerlərinə qayıtmaq hüququnu bir daha təsdiq edib. Qeyd etmək istərdim ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevin vəkilləri Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətlə müraciət ediblər və Azərbaycan Hökuməti də bu işdə iştirak edir. Ümid edirik ki, Məhkəmə tezliklə bu işlə bağlı öz mövqeyini açıqlayacaq”.

Bu arada qeyd edək ki, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərlə görüşüb. Komitənin Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, qurum nümayəndələri dekabr ayında Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə bir daha baş çəkib: "Biz münaqişə nəticəsində saxlanılan şəxslərə mütəmadi baş çəkməkdə davam edirik. Komitə mandata uyğun olaraq, saxlanılan şəxslərə ona görə baş çəkir ki, saxlanma şəraiti və onlarla rəftarı monitorinq etsin, həmçinin saxlanılan şəxslərə ailələri ilə əlaqə saxlamalarına şərait yaratsın”.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.

 

Oxunma sayı 59
Siyasət rubrikasından digər xəbərlər