“Ümumdaxili məhsulun 80%-i özəl sektorun payına düşüb“

15:15 07.10.2011
Yazını böyüt
Yazını kiçilt

Kərəm Həsənov: “Daşınmaz əmlak sahəsində yeni struktur formalaşır“

Son illərdə iqtisadiyyatın həcmi üç dəfədən çox artıb. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə bağlı komitəsi tərəfindən ikigünlük “Müasir əmlak idarəçiliyində daşınmaz əmlakın vahid kadastrının və milli məkan infrastrukturunun rolu“ mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı bildirdi. Komitə sədri qeyd etdi ki, dünya maliyyə böhranı Azərbaycana təsir göstərməyib: “İqtisadi artım tempi 2009-cu ildə 9,3%, 2010-cu ildə isə 5% olub. Yeddi ildə yoxsulluq beş dəfə azalıb. Ümumdaxili məhsulun 80%-dən çoxu özəl sektora düşüb. Bu il “Biznes-2011“ hesabatında Azərbaycan daşınmaz əmlakın təkmil sisteminə görə dünya ölkələri arasında 10 yerdə qərarlaşıb“. K.Həsənovun sözlərinə görə, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə aparılan dövlət quruculuğu prosesinin tərkib hissəsi kimi ictimai münasibətlərin əsasını təşkil edən mülkiyyət münasibətləri bazar iqtisadiyyatı prinsipləri istiqamətində inkişaf etdirilib: “Azərbaycanda əmlak münasibətləri və bununla bağlı idarəçilik məsələləri yeni və səmərəli əsaslarla qurulub. Müstəqillik illərində həyata keçirilən sosial-iqtisadi islahatların nəticəsi olaraq Azərbaycanda əmlak münasibətlərində ciddi dəyişikliklər baş verib. Ölkədə əmlak üzərində xüsusi mülkiyyət ənənəsi bərpa olunub. Qəbul olunan dövlət proqramları əsasında aparılan genişmiqyaslı özəlləşdirmə Azərbaycanda əmlaka sahibliyin yeni strukturunun formalaşması ilə nəticələnib. Bu siyasi kursun uğurlu davamçısı möhtərəm prezidentimiz İlham Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi altında sosial-iqtisadi institusional və qanunvericilik islahatları aparılıb. Əsas hədəf kimi vətəndaşların, əmlak sahiblərinin hüquqlarının təmin edilməsi sahəsində köklü addımlar atılıb“. Komitə sədri vurğuladı ki, bütün bu ardıcıl tədbirlər ölkəmizdə sürətli iqtisadi inkişafın təmin edilməsində əmlak münasibətlərinin, əmlak bazarının aktivliyinin və bununla bağlı investisiya proseslərinin rolu daha da artırılıb. Konfransda Azərbaycan Respublikası Prezident Administrasiyasının şöbə müdiri Mayıl Rəhimov və Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziya Səmədzadə və Dünya Bankının Əmlak İdarəçiliyi üzrə baş mütəxəssisi Cohannes De Conq da çıxış ediblər.
Nahid Canbaxışlı
Oxunma sayı 83