Uşaq hüquqlarını qoruyan yeni Strategiya – Nələr nəzərdə tutulur?

11:32 05.12.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən mexanizm daha da təkmilləşdiriləcək. Qeyd edək ki, Prezident İlham Əliyev bu yaxınlarda “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nın təsdiq edilməsi haqqında  sərəncam imzalayıb. Sərəncam Azərbaycan Respublikasında dövlət uşaq siyasətinin həyata keçirilməsi və uşaqların hüquqlarının müdafiəsinin kompleks şəkildə təmin edilməsi məqsədi daşıyır. Sərəncamla “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası” təsdiq edilib. Strategiyanın həyata keçirilməsində əlaqələndirici orqan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi müəyyən edilib. Nazirlər Kabineti isə bu Strategiyanın 2020-2025-ci illərdə icrası üzrə fəaliyyət planının layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Strategiyanın prioritet istiqamətləri arasında  uşaq hüquqlarının təmin edilməsinə dövlət nəzarətinin həyata keçirilməsi mexanizminin təkmilləşdirilməsi, uşaq hüquqlarının müdafiəsi, onların problemlərinin həlli sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və bu istiqamətdə mütəxəssislərin hazırlanması,  uşaqların təhsilə çıxışında bərabərliyin təmin edilməsi istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi, çətin şəraitdə yaşayan uşaqların aşkarlanması və onlar barəsində təxirəsalınmaz sosial müdafiə tədbirlərinin həyata keçirilməsi üçün işlək mexanizmin yaradılması, baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqların reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində qanunvericiliyin təkmilləşdirilməsi nəzərdə tutulur. Eyni zamanda, uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi istiqamətində işlərin gücləndirilməsi, onların mədəni-estetik tərbiyəsi, inkişaf hüququnun təmin edilməsi prioritet məsələlərdəndir. Bu baxımdan “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nın 2020-2025-ci illəri əhatə edən Fəaliyyət Planında ümumrespublika uşaq forumlarının keçirilməsi, uşaqların maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin edilməsi sahəsində tədbirlərin görülməsi və bu istiqamətdə yeni platformaların yaradılması nəzərdə tutulur.

Fəaliyyət Planında həmçinin, uşaqların asudə vaxtının səmərəli təşkili, uşaqlarda təhlükəsiz və sağlam həyat tərzi mədəniyyətinin formalaşdırılması, fiziki inkişafın təbliği, onların zərərli vərdişlərdən qorunması, uşaqların ekoloji sahədə maarifləndirilməsi istiqamətində tədbirlərin görülməsi də yer alıb.

Onu da bildirək ki, Strategiyanın həyata keçirilməsi 2020–2025-ci və 2026–2030-cu illəri əhatə edən iki fəaliyyət planının reallaşması ilə təmin edilir. Fəaliyyət Planı üzrə müəyyən olunmuş tədbirlər uşaqların maraqlarının qorunması, bütün uşaqlar üçün bərabər imkanlar yaradılması, uşaq məsələləir ilə bağlı problemilərin həllində onların nəzərə alınması və iştirakçılığının təmin edilməsi prinsipləri rəhbər tutulmaqla həyata keçirilməsini nəzərdə tutur.

Sözügedən fəaliyyət planındakı konkret istiqamətlərə gəlincə, həmin istiqamətlər bunlardan ibarətdir:

– uşaqların müdafiəsi sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi və beynəlxalq təcrübədən yararlanmaqla bu sahədə çevik institusional mexanizm formalaşdırılması;

– erkən yaş dövründə uşaqların fiziki və əqli inkişafının təmin edilməsi, sağlam qidalanması istiqamətində tədbirlər görülməsi, eləcə də uşaqların sağlam böyüməsi üçün göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması;

– valideyn himayəsindən məhrum olmuş, baxımsız, sosial təhlükəli vəziyyətdə olan uşaqların sosial xidmətlərə əlçatanlığının artırılması və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların daha keyfiyyətli təhsillə təmin edilməsi;

– uşaqların milli-mənəvi ruhda tərbiyə olunması, istedad və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində tədbirlər görülməsi;

– uşaq hüquqlarının təmin edilməsi vəziyyətinin araşdırılmasına dair mütəmadi monitorinqlərin keçirilməsi və qiymətləndirmə sisteminin təkmilləşdirilməsi.

Tədbirlər bu prinsiplər rəhbər tutulmaqla həyata keçirilir:

– uşaqların maraqlarının qorunması;

– təhsil, səhiyyə, sosial müdafiə, mədəniyyət və idman sahələrində bütün uşaqlar üçün bərabər imkanlar yaradılması;

– dövlət qayğısına ehtiyacı olan uşaqların hüquqlarını müdafiə etmək üçün müasir tələblərə uyğun dəstək xidmətlərinin təmin edilməsi;

– uşaq hüquqları sahəsində fəaliyyətə vətəndaş cəmiyyətinin, elm və təhsil müəssisələrinin cəlb edilməsi;

– uşaq hüquqları ilə bağlı problemlərin həllində uşaqların söz azadlığının və iştirakçılığının təmin edilməsi.

Planda göstərilən tədbirlərin icrasına tələb olunan xərclər müvafiq illər üzrə dövlət büdcəsində aidiyyəti icraçı dövlət orqanları  üçün nəzərdə tutulmuş vəsait, büdcədənkənar vəsait, qrantlar, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

Yeri gəlmişkən, Fəaliyyət Planında diqqətçəkən məqamlardan biri Ermənistanın təcavüzündən əziyyət çəkən ailələrin uşaqlarına sosial və psixoloji dəstək göstərilməsi istiqamətində tədbirlərin 2020-2025-ci illərdə daha da gücləndiriməsidir. Belə ki, Fəaliyyət Planına əsasən, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə bununla bağlı tapşırıq verilib.Həmçinin Dövlət Miqrasiya Xidməti, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2020-2025-ci illərdə qaçqın və sığınacaq axtaran, eləcə də digər həssas qrupa daxil olan 18 yaşınadək əcnəbi və vətəndaşlığı olmayan şəxslərin təhsil, sağlamlıq və sosial hüquqlarının təmin edilməsi istiqamətində tədbirlər görülməsi tapşırılıb.

2020–2025-ci illərdə uşaq qida məhsullarının minimum keyfiyyətinə, təhlükəsizliyinə də dövlət və ictimai nəzarət gücləndiriləcək. Fəaliyyət Planına əsasən, Qida Təhlükəsizliyi Agentliyi, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasını və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasını cəlb etmək tövsiyə edilir. Həmçinin 2020-2021-ci illərdə 3 yaşınadək uşaqlar üçün qidalara dair sanitariya norma və qaydaları hazırlanacaq. Fəaliyyət Planına əsasən, Qida Təhlükəsizliyi Agentliyi, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə tapşırıq verilib. Qeyd olunub ki, 2021-2023-cü illərdə uşaqlarla bağlı rasional fizioloji normalar hazırlanacaq. Fəaliyyət Planına əsasən, Səhiyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyinə tapşırıq verilib.

Sənəddə habelə, çətin həyat şəraitində, baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqların aşkarlanması və onların sosial müdafiəsi, reabilitasiyası, cəmiyyətə inteqrasiyası sahəsində tədbirlərin həyata keçirilməsi, eyni zamanda, ölkəmizdə alternativ qayğı xidmətlərinin inkişafı, həyatın bütün sahələrində uşaqlara qarşı zorakılığın qadağan olunması ilə bağlı qanunvericilik təkliflərinin işlənilməsi Fəaliyyət Planında xüsusi yer tutur.

Bundan başqa, uşaqlarda təhlükəsiz həyat fəaliyyəti, xüsusilə internet təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, eyni zamanda, informasiya-kommunikasiya texnologiyalarının tədrisinin təkmilləşdirilməsi və bu sahədə biliklərin artırılması, yeniyetmələrin intellektual inkişafını stimullaşdıran layihələrin həyata keçirilməsi, yay düşərgələrinin yaradılması, sağlam həyat tərzinin və asudə vaxtın təşkili istiqamətində tədbirlər də Fəaliyyət Planında nəzərdə tutulan əsas məsələlərdəndir.

 

Oxunma sayı 2055