Uşaqpuluna ehtiyac varmı? - Müzakirə

14:03 13.08.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda uşaqpulunun verilməsi məsələsi yenidən gündəmdədir. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev APA-ya açıqlamasında bildirib ki, parlamentin növbədənkənar sessiyasının son iclasında qaldırılan uşaqpulu məsələsi müzakirə edilə bilər: “Son iclasda da biz həmin məsələni komitədə müzakirə edə biləcəyimizi dedik. Payız sessiyası başlayanda komitədə bununla bağlı işçi qrup yaradıb, bunu araşdırmağı da iclasda təklif etmişdik”.

O bildirib ki, müzakirələrə qeyri-hökumət təşkilatları və başqa ekspertləri dəvət etməklə, uşaqpulu verilməsinin formatını seçə bilərik: “Bundan ötrü də mən işçi qrup yaratmağı təklif etdim, Milli Məclis rəhbərliyi səviyyəsində də dinləmələrin keçirilməsi tövsiyə olundu. Parlament sentyabrda fəaliyyət başlayanda heç şübhəsiz ki, biz bu məsələləri İş Planımıza daxil edəcəyik. Ola bilsin ki, dinləmə şəklində, ya da İşçi Qrup yaradıb araşdırma aparmaqla bu məsələlərə baxaq. Hələlik isə deyilən məsələlərin heç biri ilə bağlı heç bir iş görülmür”.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən iqtisadçı-ekspert Rəşad Həsənov hesab edir ki, bu məsələnin müzakirəsi və nəticədə müsbət qərar qəbul olunması zəruridir:

“Məlumdur ki, uşaqpulu məsələsi davamlı olaraq gündəmə gətirilir. Bizim tərəfimizdən də bu mexanizmin Azərbaycanda tətbiqinin zəruri olması əsaslandırılır. Amma hökumət ölkədə demoqrafik artım tempinin normal olması, ünvanlı sosial yardım proqramlarının həyata keçirilməsi ilə izah etməyə çalışır ki, Azərbaycanda uşaqpulunun verilməsinə ehtiyac yoxdur. Əslində bu tamamilə yanlış və əsassız izahetmədir. Çünki, biz demoqrafik vəziyyətə baxsaq görərik ki, əvvəlki illərlə müqayisədə çox ciddi geriləmə baş verir. Məsələn, 1991-ci ildə hər 1000 nəfərə 20 uşaq doğulurdu, indi isə hər 1000 nəfərə 8 uşaq doğulur. Yəni, demoqrafik artım tempinin nə qədər aşağı düşdüyü göz qabağındadır.Ünvanlı sosial yardım isə ailə üzvlərindən hər hansı birinin 160 manatdan aşağı gəlirinin kompensasiyasına verilir. Dövlət nə qədər kiçiltsə də, ölkədə yaşayış minimumu 190 manatdır. Hətta bunun belə yox, 160 manatın kompensasiya hissəsi verilmiş olur. Bu o deməkdir ki, ünvanlı sosial yardım proqramı həmin ailədəki uşaqların normal səhiyyə, normal təhsil xidmətlərinə çıxış imkanları demək deyil, onlar minimum aclıq həddində yaşayan insanlardır”.

Onun sözlərinə görə, uşaqpulu məsələsinə daha geniş aspektdən yanaşılmalıdır:

“Bir məqamı deyim ki, hazırda varlı dövlətlər savadlı əhalisi daha çox olan dövlətlər sayılır. Bu gün hansısa ölkə nefti, qazı, hər hansı resursu ilə zəngin ölkə sayılmır, bunu Hollandiya, İsrail, Yaponiya təcrübələri də sübut edir. İnsan kapitalının inkişafı, uşaqların sağlam böyüməsi, normal təhsilə çıxış imkanlarını təmin etmək üçün ailələrə kömək edilməlidir. Kimsə izah etməyə çalışır ki, nə üçün biznesmenin uşağına pul verilsin. Amma bu da sistemin nöqsanıdır. Əgər ailə təsərrüfatlarının gəlirlərinin düzgün statistikası aparıla bilsə idi, iqtisadiyyatın şəffaflaşdırılması təmin edilsəydi, o zaman sistemdə hansı ailənin gəlirlərinin nə qədər olduğu görünəcəkdi. Təbii ki, buna uyğun olaraq da,uşaqpulunun hansı ailəyə verilməsinin müəyyənləşdirilməsi mümkün idi”.

R.Həsənov vurğulayıb ki, sosial və demoqrafik siyasətin birləşdirilməsi yolu ilə deferensial sistem formalaşdırıla bilər: “Burda dövlətin maliyyə yükü və ənənələrini nəzərə alaraq, birinci uşağa ödəniş etməmək olar, ikinci uşağa 70, üçüncü uşağa 100 manat olmaqla sistem formalaşdırmaq olar. Və ya əgər dövlət seçmə üsul formalaşdırmaq istəyir və maddi rifahı aşağı olanlara vermək istəyirsə belə bir mexanizmdən istifadə edə bilər. Məsələn, neft sektorunda çalışanların gəlirləri ölkə üzrə ən yüksək gəlirlərdir - burda orta aylıq əmək haqqı 3600 manatdır.Validenylərindən biri neft sektorunda və ya xüsusi dövlət qulluğunda çalışanlara həmin müddətdə uşaq pulunun verilməsi dayandırıla bilər. Beləliklə proqramın maliyyə yükü azaldıla və ən azı ehtiyacı olanların qorunmasına şərait yaradıla bilər. Statistikaya görə, hazırda ölkədə 360 min təkuşaqlı, 530 min ikiuşaqlı, 260 min üçuşaqlı, 124 min dörduşaqlı ailələr var. Bu mexanizmi tətbiq etməklə illik maliyyə yükünü 1 - 1,5 milyard manat ətrafında məhdudlaşdırmaq, dövlət büdcəsini buna uyğunlaşdırmaq olar. Büdcənin sosial yükü 40 faizdir, inkişaf etmiş ölkəələrdə isə bu 70-80 faizdir. Bu o deməkdir ki, Azərbaycanda sosial proqramların əhatə dairəsini genişləndirmək inkanları var”.

Yeri gəlmişkən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqladığı məlumata görə, hazırda Azərbaycanda ünvanlı yardım alan ailələrdəki 340 min ailə üzvündən 170 mindən çoxu uşaqlardır. Həmin ailələrdəki 1 yaşadək bütün uşaqların hər birinə sosial yardımdan əlavə 50 manat aylıq müavinət ödənilir. Ümumilikdə isə 10-dan çox kateqoriyadan olan uşaqlara sosial müavinətlər ödənilir.

Oxunma sayı 1961
Sosial rubrikasından digər xəbərlər