Üzeyir Hacıbəyli haqqında ingilis dilində videoçarx hazırlanıb

15:29 21.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Milli Musiqi Günü ilə əlaqədar dahi bəstəkar Üzeyir Hacıbəylinin həyatı haqqında ingilis dilində videoçarx hazırlayıb.

Hafta.az xəbər verir ki, videoçarxda Üzeyir bəyin keşməkeşli həyatı, erməni terrorçuları tərəfindən həmişə təqib edilməsi ön planda təqdim olunur. Bildirilir ki, Üzeyir Hacıbəyli Qori Müəllimlər Seminariyasında təhsilini başa vurduqdan sonra Hadrut kəndinə göndərilir. Orada bir il müəllim işləyir. 1905-ci ildə azərbaycanlılara qarşı qırğınlar başlayan zaman Üzeyir bəyə xələl yetirilməsin deyə, gecə ilə onu Yevlaxa yola salırlar. Oradan da qatarla Bakıya gəlir. 1905-ci il avqustun 20-də Üzeyir Hacıbəyli Bakı vağzalına çatır. Ancaq gözlədiklərinin əksinə olaraq, burada da erməni millətçilərinin törətdiyi qırğınların canlı şahidi olur.

Beynəlxalq təşkilatların və onların təmsilçilərinin sosial şəbəkələrdə mövcud olan rəsmi hesablarına göndərilən videoçarx da həyata, insanlara, bəşəriyyətə sevgi və hörmətlə yanaşan Üzeyir bəyin evinin 1918-ci ilin mart qırğınlarında Bakını işğal etməyə can atan erməni terror dəstələri tərəfindən güllə-boran edildiyi qeyd olunur.

“Sovet dövründə də erməni millətçiləri Üzeyir bəyin həyatına təhlükə yaratmaqda davam edirlər. 1947-ci ildə Üzeyir bəyin səhhəti daha da ağırlaşır. Üzeyir bəyi Osipyan soyadlı bir erməni həkim müalicə etməyə başlayır. O, bilərəkdən bəstəkara əks müalicə tətbiq edir. Bu isə bəstəkarın ürəyinə təsir göstərir və onda ürək tutmaları başlayır. Moskva həkimləri də müalicənin düzgün aparılmadığını təsdiqləyirlər. 1948-ci ildə isə dahi musiqiçi həyatla vidalaşır”, - deyə videoçarxda bildirilir.