Vasim Məmmədəliyevlə vida mərasimi - FOTO

15:29 14.10.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Akademik Vasim Məmmədəliyevlə vida mərasimi Bakı Dövlət Universitetində baş tutdu. Akademik II Fəxri Xiyabanda dəfn olunacaq.Tanınmış ilahiyyatçı, şərqşünas alim, əməkdar elm xadimi V.Məmmədəliyev uzun sürən xəstəlikdən sonra oktyabrın 13-də, 77 yaşında vəfat edib.

Vida mərasimində Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev akademik haqqında fikirlərini bölüşdü. O qeyd etdi ki, Vasim Məmmədəliyevin həyatının böyük hissəsi BDU ilə bağlı olub: “O, burada müxtəlif vəzifələrdə çalışıb. Mən onun həyatı və fəaliyyəti barədə çox danışa bilərəm. Lakin çıxışımı protokoldan uzaq tutaraq, ürək sözlərimizi demək istəyirəm. O özü ilə əvəzolunmaz, şux aurasını apardı. Vasim Məmmədəliyev heç vaxt özünü düşünməyib. Elmə, insanlara xidmət edib, heç kimin haqqını tapdalamayıb. O, yaşından asılı olmayaraq, hər kəslə öz dilində, məntiqlə əsaslandırılmış şəkildə danışırdı. Ən maraqlısı odur ki, onunla danışmaq ona qulaq asmaq qədər maraqlı idi. Bu, hər kəsə nəsib olmurdu. Öz ixtisasını dərindən mənimsəyib və yeniliklər tətbiq edirdi. O sahədə problemləri bilir və həmkərlarına məlumat verirdi. O, elə bir nadir insanlardan idi ki, paxıllıq nə olduğunu bilmirdi. Hamının rəğbətini çoxdan qazanmışdı. Son günlər isə gözümüzü yolda qoymuşdu. Biz müəllimimiz üçün çox darıxacağıq”.

Daha sonra çıxış edən Şərqşünaslıq fakültəsinin dekanı Elxan Əzizov akademik şərqsünaslıq elminə gətirdiyi yeniliklərdən bəhs etdi. Akademikin həyat yolundan danışdı. Ölkə elmində bir töhvə olduğunu dilə gətirdi.

Vida mərasiminə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Vergilər naziri Mikayıl Cabbarov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Təhsil naziri Ceyhun Bayramov, Bakı meri Eldar Əzizov və digər dövlət rəsmiləri qatılıb.

Tədbirin sonunda akademikin qardaşı Vamiq Məmmədəliyev vida mərasimində iştirak edənlərə təşəkkür edərək, onun ölüm anından danışıb:

"Vasim müəllim hər şeyə layiqli insandır. Onu hamı - bütün Azərbaycan, İran sevirdi. Bu gün onu yola salırıq. Bu gün vida mərasimində çıxış edənlərə təşəkkür edirəm. Vasim müəllim ədəbiyyatı, muğamı gözəl bilirdi. Hər adamla öz dilində danışardı. Vasim müəllim sağdı və çıxışlardan hiss elədik ki, ona necə hörmət var. O ziyalı idi”.