Vətən üçün ölmək gərək

19:56 13.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

(20 Yanvar şəhidlərinin əziz xatirəsinə)

Bir mirasdır qeyrət bizə atalardan, babalardan,
Vətən üçün, eli üçün yaşamalı hər bir insan.
Tarixlərin yaddaşında neçə- neçə matəm günü.
Anaların ürəyində bitməyən dərin hüzünü.

Al lalələr çiçək açır şəhid qanı axan yerdə,
Qayalardan, dərələrdən nalə qalxır pərdə -pərdə.
Mübarizin, Bəxtiyarın, Emillərin, Turalların,
Başdan başa əfsanədir, qürurudur bu diyarın.

Hər şəhidin arxasınca aölar qalır neçə ana,
Gecə -gündüz hey qovrulur için -için, yana -yana.
Bu acının, bu dərdlərin vardır bircə təsəllisi
Vətən üçün ölmüş oğlu, budur yalnız önəmlisi.

Millətimin sarsılmayan inamı, həm gücü vardır,
Vətən üçün ölmək gərək dilimizdə bir şüardır.
Nə qədər ki, bu millət var, yoxdur düşmənlərin şansı,
Çünki haqqın yanındadır Ulu Tanrının duası.

Məğrur dayan ey millətim, qalx ayağa zəfər qazan,
Bu vətənin torpağından dəf olmalı mənfur düşman.
Qoy çalınsın hər bir yerdə o möhtəşəm Zəfər marşı,
Üç rəngli al bayraq altda birləşsin xalq vətəndaşı.

Müəllif Təranə Qəmli