Vətənə vətəndaş, oğul idi Əhliman həkim

19:24 10.01.2020 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Bir il nə tez gəlib keçdi, özü də bir göz qırpımında. Yanvar ayının 12-də tanınmış həkim, Qarabağ Müharibəsi Veteranı Əhliman Bayramovun ildönümüdür. Ölümündən bir il keçsə də, o bizdən uzaqlaşmadı, əksinə, qəlbimizdə yaşaya-yaşaya, dostlar,  doğmalar, tanışlar, onu tanıyanlar arasında  xatırlana-xatırlana mənən daha da yaxınlaşdı, daha da doğmalaşdı, şirinləşdi. Ona görə ki, Əhliman həkim həyatda çox şirin, çox doğma, olduqca səmimi adam idi. Doğulduğu Qarabağ, Ağdam, Kolanı elinin torpağı, suları və havası qədər də çox saf idi. Bu saflıq, bu  təmizlik bəlkə də onun genindən, nəsilindən, vətənpərvərliyindən, insanlara olan insan sevgisindən, məhəbbətindən irəli gəlirdi.

Əhliman həkim bütün çirkin əməllərdən çox-çox uzaq idi. Onun sağlam ürəyi, geniş qəlbi  vardı. Böyük amallarla yaşayırdı. İnsani dəyərlərə hörmətlə yanaşırdı, dostluqda çox möhkəm, saf idi. Elədiyi yaxşılığı təmənnasız edərdi və heç vaxt da onu dilə gətirməzdi. O cür insanlar indi çox azdır, hətta barmağa belə gəlmir.

Xatırladım ki, 23 iyul 1993-cü il  Ağdamın işğalınadək Əhliman Bayramov burun-boğaz və qulaq həkimi kimi Ağdam Rayon Mərkəzi Xəstəxanasında şöbə müdiri vəzifəsində çalışıb. Təcrübəsini artırmaq və biliyini genişləndirmək məqsədilə dəfələrlə Moskva şəhərinə kurslara gedib, eləcə də SSRİ dövründə ittifaqmiqyaslı tibbi elmi semiarlarında iştirak edərək, bir həkim kimi tibb elminin dərin sirlərinə yiyələnərdi. Bu gün onun bir kəlməsini xatırlatmaq istəyirəm. Cavan həkimlərə həmişə məsləhəti bu olardı ki, aldığınız bilik və təcrübənizlə kifayətlənməyin, daimi axtarışda olun: “Çünki həkimlik çətin peşədir, tibb elmi bir yerdə durmur, zaman əqrəbi kimi daimi hərəkət edir,  yeniləşir. Hər an, hər dəqiqə digər sahələrdə olduğu kimi, tibb elmində də, dünyada da dəyişikliklər, yeniliklər olur. Həkimlər gərək dünya mətbuatından xəbərdar olsun, tibb aləmi ilə bağlı baş verən yenilikləri, elmi məqalələri oxuyub öyrənsinlər. Bu bilgiləri öz sənətlərində tətbiq edib, eyni zamanda, özü də bir peşəkar həkim, elm adamı kimi yeniliklər axtarıb, biliklərini artırsınlar, bir həkim kimi daha da püxtələşsinlər. Ən azı, gündəlik çıxan dərmanların adlarını, onların tərkibini bilsinlər, yeniliyə can atsınlar”.

O, həmişə dünya mətbuatını, tibbə aid kitabları oxuyurdı. Eləcə də ölkədə və dünyada baş verən hadisələri izləyirdi. Məşhur burun-boğaz həkimi olmaqla yanaşı, həm də gözəl terapevt idi. Ağdamın işğalından sonra Bakıya pənah gətrən Əhliman həkim Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində yerləşən 24 saylı Birləşmiş Şəhər Xəstəxanasında burun-boğaz və qulaq həkimi kimi fəaliyyətini davam etdirdi.

Əhliman həkimin Vətənə məhəbbəti tükənməz idi. Məlum Qarabağ hadisələri zamanı könüllü şəkildə “N” saylı hərbi hissələrin tərkibində  qanlı döyüşlərdə olardı, öz həyatını ölümün pəncəsinə ataraq, bir həkim kimi yaralı döyüşçülərimizi odun-alovun içindən çıxarıb, ilk tibbi yardım göstərərək onlara ikinci həyat bəxş edərdi. Əhliman həkim elm adamlarına, yazarlara böyük qayğı göstərirdi. Mətbuatı çox sevir, peşəkar jurnalistlərə hörmətlə yanaşırdı. Onların sağlamlığı üçün təmənnasız əlindən gələni edirdi. Elə işlədiyim “Həftə içi” qəzetində bir neçə jurnalist həmkarımı  Əhliman həkim təmənnasız olaraq  müalicə etmiş, hətta dərmanına kimi özü almışdır. Bu gün onu mənimlə mənən birləşdirən, unudulmaz edən uşaqlıq dostluğum və o illərdən bu günə kimi yığılıb-qalan, şirin nağıllara dönən xatirələrimdir.

Allah sənə rəhmət eləsin, Əhlinan həkim!

Oxunma sayı 969
Sosial rubrikasından digər xəbərlər