Vikinglər İslam dininə meyl ediblər

14:54 07.10.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İsveçdə aparılan arxeoloji qazıntılar zamanı IX əsrə aid olan viking məzarları açılıb.

Hafta.az yazır ki, sözügedən məzarlarda "Allah" və "Əli" yazılmış paltar və parçalar əşkarlanıb. Böyük həyəcana səbəb olan kəşflə bağlı Uppsala Universitetinin Qədim dövr tarixi və arxeologiya fakültəsinin doktoru Annika Larsson bildirib ki, tapıntılar qədim vikinglərin İslam dininin təsiri altında olduğunu göstərir. “İslam dininə görə insan öləndən sonra yaxşı əməllərinin mükafatı olaraq sonsuzadək cənnətdə yaşamaq imkanı qazanır. Ola bilər vikinglər məhz bundan təsirlənərək İslama önəm veriblər” deyib A.Larsson. 

Birka şəhəri ətrafında tapılan məzarlar haqda danışan araştırmaçının sözlərinə görə, tapılan yazılar ərəb hərflərinin düz və geometrik olaraq istifadə edildiyi Kufi yazı formasında yazılıb. ''Ənənəyə əsasən vikinglər ölülərini paltar və daş-qaşla birlikdə basdırırdılar. Məzarlarda üstlərinə gümüş saplarla “Allah” və “Əli” ifadələri işlənmiş bəzi ipək geyim nümunələri və adi parçalar tapdıq. Kəşf ölkədə böyük həyəcan yaradıb. Özü də bu cür yazılar işlənmiş paltar və parçalar bir qayda olaraq ölünün baş tərəfinə qoyulurmuş. Hətta belə yazılarda yastıqlarda da rast gəldik” deyən A.Larsson əlavə edib ki, əslində Orta Asiya xanlıqlarının tacirləri Volqa çayı vasitəsilə Skandinaviya xalqları ilə hər zaman mədəniyyət və ticarət alış-verişində olublar. Onun sözlərinə görə qəbirlərdən çıxan həmin geyim və parçalar ya ticarət, ya da qəsb yolu ilə İsveçə gətirilib.

Vikinglərin ölümdən sonra yaşayacaqları inanclarına sahib olduqlarını göstərən bir çox faktla rastlaşdıqlarını söyləyən Larsson əlavə edib ki, viking tanrısı Odenin, Asiyadan köç edib İsveçin Malardalen bölgəsində məskunlaşan döyüşçü olduğu bildirilir. Vikinglər ölümdən sonra da həyatın davam etdiyini və cənnətdə sonsuzadək yaşayacaqlarını fikirləşiblər. Bu inam isə məhz İslama aiddir.

Məzarlardan tapılan sözügedən nümunələr Enköping muzeyində saxlanılır.

Qeyd edək ki, 2016-cı ildə Björkö adasında aparılan arxeoloji qazıntılarda da 1100 il tarixi olan viking qəbrindən tapılan üzüyün üstündə də eyni cür “Allah” yazısı olub.