“Virusa yoluxanların sayı bildiyimizdən beş dəfə çoxdur...” – Professor Alpay Azap

11:32 06.05.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Az qala yarım ildir ki, dünya koronavirus pandemiyasının şokundadır. Son vaxtlar əksər ölkələrdə, o cümlədən, Azərbaycanda pandemiya təhlükəsinin sovuşmaqda olduğu hiss edilir – yoluxma sayı, ölüm halları azalır, karantin qaydaları yumşaldılır və sair. Amma bu vəziyyətdən istifadə edən bəziləri ya yeni dərman icadı, ya da cahilliyi üzündən çoxlarını güldürən, məsələn, yuxuda ona “qeybdən bildirilən dərman” tapıntıları ilə gündəmə gəlməkdədirlər. Bu yandan da, gündə bir ölkənin, elə Azərbaycan, Türkiyə, İranın  həkimləri tərəfindən vaksinin kəşf edilməsinə dair xəbər yayılır. Təbii ki, təlaş və qorxu içində olan sadə insanlar da bu vəziyyətdən olduqca təsirlənirlər…

Ankara Universitetinin İnfeksiyon Xəstəliklər və Kliniki Mikrobiologiya üzrə professoru, Türkiyənin Səhiyyə Nazirliyi yanında yaradılmış Elmi Şuranın üzvü Alpay Azap bu məsələlər ətrafında fikirlərini açıqlayır.

- Yox, bunları əksəriyyəti yeni kəşf edilən dərmanlar deyil. O cümlədən, Türkiyə alimlərinin tapıntısı da əvvəl mövcud olan dərmanların bu xəstəliyə tətbiqi ilə müsbət nəticə almağı nəzərdə tutur. “Kistik fibrozis” dediyimiz bir ağciyər xəstəliyi var. Genetik xəstəlikdir. Bu cür adamların ağciyərlərində anadangəlmə pozulma halı olur, nəticədə onlar bu hissəyə daxil olan mikro-orqanizmləri bəlğəm vasitəsilə kənarlaşdıra bilmirlər. Hazırda tapıntı dediyimiz həmin “Dornaz alfa” adlı, olduqca bahalı dərman məhz bu xəstəliyin müalicəsində istifadə edilir. Onun istifadəsi də çətindir. Nebulizator adlandırılan cihaz vasitəsilə orqanizmə yeridilir. Hesab eləmirəm bu dərman koronavirusa öldürücü təsir edir. Amma dərman ağciyərə təmas edən virusların daha sürətlə kənarlaşdırılmasına kömək edə bilər.

- Elə isə Türkiyədə bu dərmandan Covid-19-un müalicəsində istifadə edirsiniz?

- Yox, olunmur. Məndəki məlumata görə bu dərmandan dünyada heç bir ölkədə istifadə edilmir.

- Bir halda ki, dərman bədəndə kök salan virusları uzaqlaşdıra bilir, niyə test etmisiniz?

- Dediyim kimi, dərman bəlğəmi təmizləmək məqsədilə istifadə edilir. Çox yapışqanlı olduğu üçün bəlğəm xaric olunmur, “alveol” adlanan hava kisələrini hava daşıyan boruları bağlayır və nəticədə ciddi infeksiyalar törəyir. Amma yenə deyirəm, dərmanın həqiqətən də virusu məhv edib-etməyəcəyini bilmirik. Sadəcə, bu dərmandan istifadə etməklə, Covid-19 xəstələrində ağciyər çətin vəziyyətdə olduğu üçün, bəlğəmi daha rahat çıxarmaqla ciyərin yükünü azaldaraq rahatlaya bilərdik. Yəni “Dornaz alfa” xəstəliyi sağaldan yox, dəstək verən dərman kimi istifadə edilə bilər. Bunu da isbatlamaq üçün kliniki təcrübə keçməyə ehtiyac var.

- Bu cür kliniki təcrübə nə qədər vaxt alar?

- Tam nəzarətdə saxlamaqla 2-3 aya ehtiyac var.

- Hər gün sosial şəbəkələrdə, hətta telekanallarda və elektron mediada saysız-hesabsız fikirlər səsləndirilir xəstəliyin müalicəsi ilə bağlı. Necə deyərlər, hər ağızdan bir avaz gəlir. İnsanlar da hardan nə eşidir, onu özünə ümid bilir və özbaşına tətbiq eləmək istəyir. Nə olacaq bunun sonu?

- Bu cür müalicə üsullarına tibdə yer yoxdur. Heç kim özünü özbaşına müalicə edə bilməz və koronavirus o qədər asan cilovlana bilən xəstəlik də deyil. Sadəcə mikrobioloq-mütəxəssislərə inanmaq olar. Çünki onlar bu işin içindədirlər. İctimaiyyət bilmir, amma mən deyirəm ki, hər gün onlarla təcrübə həyata keçirilir bu müalicə prosesində. “Dornaz alfa” dərmanı ilə bağlı məlumatları da ancaq nəfəs yolu xəstəlikləri üzrə mütəxəssislər şərh edə bilər. Yadınızda qqalsın: bir uroloq hansısa ginekoloqun və ya kardeoloqun məlumatlarını oxuya bilər, amma onlar kimi dəqiq diaqnoz qoya bilməz. Çünki hərənin öz elmi sahəsi var. Bu səbəbdən də hamının dərman axtarmaq üçün baş yormasına ehtiyac yoxdur. Hansısa bir həkimin “bu dərmanları iç, yaxşı olacaqsan” deməsi xəstəlikləri daha da ağırlaşdıra bilər. Təmkinli olmalıdır insanlar, onsuz da vaksin tapılan kimi dünya biləcək bunu və dərman insanlara tətbiq ediləcək.

- Siz həm də, Türkiyə Səhiyyə Naziriliyi yanında yaradılmış Elmi Şuranın üzvüsünüz. Dünya ölkələrində virusa yoluxanların, sağalıb evə buraxılanların və ölüm hallarının sayına dair verilən açıqlamalara şübhə edilir. Hesab olunur ki, dünya üzrə bu xəstəliklə bağlı rəqəmlər ya şişirdilir, ya da gizlədilir…

- Bütün ölkələrdə bənzər məlumatyığma qaydası tətbiq edilir, faizlər qarşılaşdırıldığında real vəziyyəti görə bilirik. Bütün ölkələr yoluxma, sağalma və ölüm hallarına dair rəqəmləri Ümumdünya Səhiyyə Təşkilatına ötürür. Ən azından ölkələr arasında qarşılaşdırma aparıldıqda heç bir problemin olmadığı üzə çıxır.

- Elə götürək sizin ölkəni – Türkiyəni: yoluxma və ölüm sayı barədə verilən rəqəmlər dəqiqdir?

- Ən azından rəqəmlərlə bağlı şəffaflığın olduğunu deyə bilərəm. Çünki xəstələrlə bağlı məlumatlar bütün detalları ilə hər gün Xalq Səhiyyəsi İdarəetmə Şurasında araşdırılır. Biz həkimlər də bütün bunları izləyirik. Ölüm hallarına gəlincə, qan testi aparmadığımız xəstələr arasında da ölənlər ola bilər. Qeyd edim ki, Covid-19- aşkarlama prosesində qan analizi məsələsində müəyyən çətinliklərimiz var.

- Niyə, Türkiyə dünyaya yardım edir xəstəliklə müalicə prosesində…

- PCR testi yüz faiz dəqiq deyil. Buna görə də xəstələr əslində koronavirusa yoluxmuş olsalar da, testin nəticəsi sağlam göstərə bilər. Hesab edirəm ki, bu virusun daşıyıcılarını tapmaq üçün dünya civarında hələlik dəqiq test vasitəsi icad edilməyib. Başqa bir problem odur ki, koronavirus insanın orqanizmində bəzən bir andaca aşkarlana biləcək qədər bol olduğu halda, bəzən o qədər azalır ki, testlə onu aşkarlamaq çətinləşir. Nəticədə isə say baxımından əsl həqiqəti əldə edə bilmirik. Bu gün açıqlanan yoluxma və ölüm halları xəstəxanaya yatırılan xəstələr arasında hesablanır.

- Hər bir ölkədə bu xəstəliyi yüngül formada keçən və ya ümumiyyətlə orqanizmi hiss etdirməyənlər də var…

- O cür adamlar xəstəxanaya müraciət etmiş və virus tapılan xəstələrdən dörd-beş qat çox olduğunu zənn edirəm. Çinin və digər ölkələrin məlumatları ilə ÜST-ün təxminləri də bunu deyir. Bu xəstəliyə yoluxmuş bütün insanları toplayanda görürük ki, ölüm halları dünyada mində 2 faizdən çox deyil. Bu müstəvidən yanaşanda, bu o qədər qorxulu görünmür. Çünki adi qrip epidemiyasının ölüm faizi  10 mində 2 faizdir. Göründüyü kimi, qripdən bir az təhlükəli virusdan söz gedir. Problem koronavirus yox, təlaş və qorxudur. İnsanların bir çoxu düşünür ki, yoluxsalar öləcəklər. Elə bir şey yoxdur. Məsələn, Türkiyədə yoluxanlar arasında ölüm faizi 2, İtaliyada 8-di. Amma yenə deyirəm, bu rəqəmlər yoluxma diaqnozu qoyularaq adı rəsmi siyahıya düşən xəstələrə aiddir.

- Yeri gəlmişkən, daha çox inkişaf etmiş texnologiyası olan İtaliyada, Fransada, İngiltərədə ölüm faizi niyə belə yüksəkdir?

- Bu virus daha çox yaşlı insanları tapır. Qeyd etdiyiniz Avropa ölkələrində isə əhali qocalır, qacalar bütün əhalinin xeyli faizini təşkil edir. Türkiyədə, Azərbaycanda və digər region ölkələrində isə əksinə, əhali böyük sayda gənclərdən ibarətdir. Başqa bir səbəb də odur ki, İtaliya, İspaniya “Çin bizdən uzaqdır,virus bura gəlməz” deyərək önləyici tədbirlər almadı. İngiltərə, İsveç isə ümumiyyətlə, önləyici tədbirlərə ehtiyac görmədilər. Odur ki, bu ölkələrdə virus sürətlə yayıldı və qısa müddətdə elə böyük rəqəm alındı ki, hökumət antivirus əməliyyatlara start verəndə artıq səhiyyə infrastrukturu xəstə sayına qarşı dayana bilmirdi. Bütün bunlar ölüm sayının artmasına gətirib çıxarıb.

- Bəzən söz-söhbət yayılır ki, virus mutasiyaya uğrayır, yəni müalicə olunur, amma formasını dəyişərək başqa cür zühur edir. Ona görədə qarşısını almaq olmur…

- Xeyr. İndiyədək dünya tarixində elə bir virus olmayıb ki, xəstəliyin erkən dövründə mutasiyaya uğrayaraq insanları təkrar-təkrar yoluxdursun. Bu xəstəliyi keçirib sağalanlar eyni zamanda immunitetlərini də gücləndirirlər. Təcrübəyə əsasən, bəzən insanlar o qədər güclü immunitet əldə edirlər ki, ömürlərinin sonunadək xəstəliyə yoluxmurlar. Məsələn, bir dəfə “su çiçəyi” keçirən adam ikinci dəfə bu xəstəliyə yoluxmur. Amma Covid-19 və ya digər qrip növlərində immunitet sistemi bu qədər davamlı olmur. Buna baxmayaraq, hətta koronavirusa ikinci dəfə yoluxsalar da, onu adi, mövsümi qrip kimi yola verirlər. Yəni bütün hallarda əvvəlki yoluxma zamanı qazandığı immunitet öz rolunu oynayacaq.

- Çində bu xəstəliyi atladıb, ikinci dəfə yoluxanların olmasına dair məlumat verilir…

- Bu cür xəbərlərə qəti əhəmiyyət verməyin. Baxın, bu gün dünyada virusa yoluxanların sayı 3,7 milyon civarında. Amma sonradan ikinci dəfə virusa yoluxanların sayı bir-iki yüz nəfərdən artıq deyil. Onlar da ki, başqalarını yoluxdurmur və özlərinin də həyati təhlükələri yoxdur. Üstəlik, bu cür adamların orqanizmində virusların sağ olub-olmadığını da hələlik bilmirik. Çünki bu xəstələrin qanında təsbit edilən şey əslində ölmüş, parçalanmış virusun genetik materialı da ola bilər. Bu, xəstəlikdən sonra yenilənən ağciyərdən, nəfəsalma sistemindən atılan ölü hüceyrələrdən də qaynaqlana bilər. Ona görə də təlaşa ehtiyac yoxdur.

- Belə düşünə bilərikmi ki, insanlar yoluxsunlar, sağalanların orqanizmində immunitet də güclənsin və bu yolla cəmiyyət növbəti dalğalarda sağlam qalsınlar?

- Sərbəst buraxılan cəmiyyət sürətlə virusa yoluxa bilər, amma bunun nəticəsi də çox ağır olar. Məsələn, İngiltərədə bu üsulu təcrübədən keçirmək istədilər, amma bir həftə sonra hökumət mövqeyini dəyişdi. Çünki qısa vaxtda saysız-hesabsız adam xəstələndi, xəstəxanalara müraciət halları o qədər artdı ki, ölkənin səhiyyə  sistemi çökdü. Üstəlik ölüm halları da sürətləndi.

- Sizcə dünya üzrə Covid-19 haqqında nə qədər məlumat ala bilmişik, onun yaranma mənşəyi barədə nə öyrənə bilmişik?

- Çox şey öyrənə bilmişik, amma hələ bilmədiklərimiz də çoxdur. Dünya üzrə elmi araşdırmalar aparılır. Təəssüf ki, bu prosesdə insanlar eşidib-bildikləri hər şeyi analiz etmədən, dəqiqləşdirmədən yayırlar. Elmi dərgilər də, pandemiya sürətlə yayıldığı üçün elm müstəvisində məlumat olsun deyə, xəbərləri təcili yayımlayır. Bu da elm ictimiyyətində qarışıqlıq yaradır. Sonunda da bəzi məqalələr bir-iki həftə içində yayımdan yığışdırılır.

Oxunma sayı 1162