Vitse-spiker blogerə kəllə vurdu – Günün təzadları

18:16 30.04.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ermənistan parlamentinin vitse-spikeri Alen Simonyan aprelin 29-u müxalifət yönümlü bloqer, “Adekvat” təşkilatının üzvü Artur Danielyanla əlbəyaxa olmasını etiraf etdi.

Hafta.az-ın Musavat.com-a istinadla yazdığına görə, “RİA Novosti” xəbər verir ki, A.Simonyan küçədə gəzərkən Danielyana salam verib, lakin ünvanına ağır təhqirlər eşidib. Buna dözməyən vitse-spiker bloqerə “kəllə” vurub. Nəticədə hər ikisi həkimlərə müraciət etməli olub.

“Öz ünvanıma təhqir eşitdikdə mən Danielyanın yaxasından tutaraq başımla onun burnuna güclü zərbə vurdum. O, orada tək deyildi. Onun yanında daha iki nəfər var idi. Onlar da mənə bir neçə zərbə vurdular”, - deyə Simonyan əlavə edib.

Qeyd edək ki, baş nazir Nikol Paşinyanın siyasətinə qarşı çıxan “Adekvad” ölkənin Soros Fondu tərəfindən idarə olunduğunu bildirir.

 

17 milyon insanın susuz qaldığı bu ölkədə koronavirus olmadığı bilindi

Yəməndə 17 milyondan çox insanın içməli su və müasir kanalizasiya xidmətlərindən istifadə imkanları olmaması haqda informasiya yayıldı.

Hafta.az Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) “Tvitter” səhifəsində məlumat yayıb. 

Təşkilat yeni  növ koronavirus pandemiyasının (“Covid-19”) davam edən  təhlükəsi qarşısında əhalinin təmiz su ilə təmin olunmasının böyük əhəmiyyət daşıdığını vurğulayıb.

27 aprel bazar ertəsi günü Yəmən Səhiyyə Nazirliyi ölkədə koronavirusa yoluxmuş yeganə şəxsin sağalaraq evə buraxılması haqda məlumat verib. Maraqlıdır ki, qurumdan ölkədə bundan əlavə, yoluxma hallarının qeydə alınmadığı bildirilib. 

Bundan öncə BMT-nin Humanitar Yardım Koordinasiya İdarəsi Yəməndə yeni  növ koronavirusun yayıldığını, lakin hələ aşkarlanmadığını bildirmişdi.

 

Paşinyanın müavini ilə idarə direktoru sərxoş halda əlbəyaxa oldu

Ermənistan Baş nazir Nikol Paşinyanın gözü qarşısında sərxoşluq edən Baş nazirin müavini Tiqran Avinyan ilə Dərman və Tibbi Texnologiyalar Ekspertizası Mərkəzinin direktoru Vilen Qabrielyan arasında insident baş verdi.

Hafta.az xəbər verir ki, bu haqda işğalçı ölkənin Politik.am saytı  məlumat yayıb. 

Hökümətin yay evində Paşinyanla birgə alkoqollu içki  qəbul etdikdən sonra T.Avinyan və V. Qabrielyan  arasında mübahisə o qədər kəskinləşib ki,  yumruq davasına keçib. Baş nazirin müavini  onu sakitləşdirmək üçün V.Qabrielyana  tərəf bir stəkan atıb. İnsidentdə Ərazi İdarəetmə və İnkişaf naziri Suren Papikyan da iştirak edib. 

Bütün bunlar Nikolay Paşinyanın gözləri qarşısında baş verib. Komanda yoldaşlarını sakitləşdirmək  üçün Baş nazir mühafizəçilərdən kömək istəyib. 

Hadisədən dərhal sonra Tiqran Avinyan qəzəblə hökumət bağ evini tərk edərək artıq bu vəziyyətə dözmək niyyətində olmadığını bildirib. 

İnsidentin əsl səbəbi açıqlanmır.

 

Məhbuslar “vor-zakon”u döydü

Separatçı Abxaziya bölgəsində məhbuslar həbsxanada “Tenqulaş Suxumski" ləqəbli kriminal avtoritet Tengiz Lakerbayanı döydülər.

Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, “vor-zakon”u məhbusların keçirdiyi aclıq aksiyası zamanı xəlvəti yemək yediyinə görə döyüblər.

Belə ki, iki həftə əvvəl Abxazyanın kriminal aləminin lideri Raul Bartsba (“Pza”) həmin “Tenqulaş Suxumski”yə və digər “vor zakon” Nanikə, habelə Suxumi üzrə "smotryaşiy” Gennadi Adleybeyə ölüm hökmü çıxarıb. Onları qudautulu “vor”lar Alxas Avidzba və Astamur Şambanın güllələnməsində təqsirli bilirlər. Həmin qətl ötən ilin noyabrında baş verib.

 

Bayılda tikinti şirkəti ağacların dibini betonladı və...

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Bayıl qəsəbəsi, Ziya Yusifzadə ünvanında ağacların dibinin betonlanması ilə bağlı daxil olan məlumat əsasında sözügedən ünvana baxış keçirildi. Hafta.az-ın yazdığına görə, Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova "Report"a bildirib ki, araşdırma zamanı sözügedən ünvanda tikinti işləri aparan "Sabah Residens” MTK tərəfindən 16 ədəd müxtəlif cinsli ağacın gövdəsinin betonlandığı müəyyən edilib. O qeyd edib ki, faktla bağlı akt tərtib olunub və "Sabah Residens” MTK hüquqi şəxs qismində 4000 manat məbləğində cərimə edilib: "Ağacların dibinin təmizlənməsi ilə bağlı MTK-ya Nazirliyin əməkdaşları tərəfindən göstəriş verilib və ağacların dibi şirkətin işçiləri tərəfindən betondan təmizlənib”.

 

Sumqayıt sakini qonaq getdiyi evdə öldü  

Sumqayıt şəhərinin  Corat qəsəbəsində ölüm hadisəsi qeydə alındı.

Hafta.az yazır ki, APA-nın yerli bürosunun məlumatına görə,  dostunun evinə yeyib-içməyə gələn 1969-cu il təvəllüdlü Sumqayıt şəhər sakini Əliyev Namiq Məmməd oğlu məclisdən sonra qəflətən ölüb. 51 yaşlı kişinin ölüm səbəbləri araşdırılır. Onun spirtli içkidən öldüyü ehtimal olunur. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

 

Oxunma sayı 239