Xalça Muzeyində “Xocalı – unudulmayan faciəmiz” adlı anım tədbiri keçirilib

11:27 26.02.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Milli Xalça Muzeyində 25 fevral 2020-ci il tarixində Xocalı soyqırımının 28-ci ildönümünə həsr edilmiş “Xocalı – unudulmayan faciəmiz” adlı anım tədbiri keçirilib.

Hafta.az xəbər verir ki, tədbirdə Muzeyin Şuşa Filialının müdiri Əlisəfa Nuriyev çıxış edərək bildirib ki, Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı yönəldilmiş qanlı cinayətdir:

“BMT-nin Təhlükəsizlik Şurası tərəfindən Dağlıq Qarabağla bağlı qəbul edilmiş bütün qətnamələrdə Dağlıq Qarabağın və ona bitişik 7 rayonun Ermənistan tərəfindən işğalı tanınmışdır. Bu qətnamələrdə bütün hərbi əməliyyatların dayandırılması, eləcə də işğalçı qüvvələrin Azərbaycanın zəbt edilmiş rayonlarından dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilir. Azərbaycanın işğal olunmuş ərazilərində erməni işğalçılarının özbaşınalığı nəticəsində mədəni və arxeoloji irsin dağıdılması, tarix və mədəniyyət abidələrimizin qəsdən məhv edilməsi Haaqa Konvensiyasına, UNESCO-nun və Avropanın bir sıra Konvensiyalarına tamamilə ziddir. Bütün dünya ictimaiyyətinin şahidi olduğu erməni işğalçılıq siyasətinin cəzasız qalması və dünyada ikili standartların tətbiqi regionda müharibə vəziyyətinin və gərginliyin saxlanmasına, nəticədə insan tələfatına və zəngin tarixə malik böyük bir xalqın milli-mədəni irsinin məhvinə şərait yaradır. Bu yara sağalmaz, bu dərd heç bir zaman unudulmaz. Xocalı faciəsi barədə geniş məlumatları dünyaya yaymaq hər birimizin vətəndaşlıq borcumuzdur. İllər ötsə də Azərbaycanın “Qara tarixi”nin qanlı səhifəsi sayılan Xocalı soyqrımının vurduğu yaraların sağalması mümkün deyil. Bu tədbirlərin keçirilməsi faciənin acı xatirəsinin yaşadılması, talan edilmiş tarixi incilər, milli-mədəniyyət abidələri barədə geniş kütlənin məlumatlandırılması, yetişməkdə olan yeni nəslin vətənpərvərlik, düşmənə qarşı amansızlıq, intiqam ruhunda tərbiyəsi baxımından zəruridir. Xocalı mövzusunda icra olunmuş, respublikanın Əməkdar rəssamı Aydın Rəcəbovun müəllifi olduğu və Xocalı faciəsini əyani olaraq yaşamış toxucular tərəfindən toxunmuş “Ana fəryadı” adlı xovlu xalçanın muzeyimizdə nümayiş edilməsi isə gənc nəslə yaşlı nəsldən bir mesajdır. Bu xalça Azərbaycan Milli Xalça Muzeyinin fondunda saxlanılır və vaxtaşırı ekspozisiyada nümayiş edilir.

 

Sosial rubrikasından digər xəbərlər