Xalqımız AXC-Müsavat hakimiyyətinə çoxdan “yox!” deyib - Deputatlar danışdı

16:17 22.11.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Ölkə başçısı İlham Əliyev Sumqayıt şəhərinin 70 illik yubleyi ilə bağlı keçirilən görüşdə AXC-Müsavat cütlüyünü sərt tənqid edib. Prezident onların bir illik hakimiyyətləri dövründə hansı yaramazlıqlarla məşğul olduğunu faktlarla sadalayıb. Dövlət rəhbəri qeyd edib ki, gənclər bu tarixi bilməlidirlər.

Bugünkü reallıqları düzgün təhlil etmək, bu reallıqlara düzgün qiymət vermək üçün biz bu acı dövrü yaddan çıxarmamalıyıq: “Elə etməliyik ki, gənclər də bunu bilsinlər, hesab etməsinlər ki, bugünkü inkişaf, bugünkü tərəqqi göydən düşüb. Bilsinlər ki, biz buna qanımız, canımız bahasına nail olmuşuq. Biz tariximizin ən rüsvayçı səhifələrini də vərəqləməliyik. Ona görə ki, o rüsvayçı dövr təkrarlanmasın. Bunu deyəndə, əlbəttə ki, mən, ilk növbədə, AXC-Müsavat dövrünü qeyd edirəm. 1992-ci ildə hakimiyyəti qanunsuz yollarla zəbt etmiş o antimilli dəstə Azərbaycanı uçuruma aparırdı. Azərbaycan əldən gedirdi”.

Ölkə başçısı deyib ki, o vaqxt ermənilər orada torpaqlarımızı işğal edirdi, Xalq Cəbhəsi isə vətəndaş müharibəsinə start vermiş və Gəncə şəhərini bombalamağa başlamışdı.

Hafta.az-ın məlumatına görə, Prezidentin çıxışına münasibət bildirən Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib ki, AXC-Müsavat cütlüyü hakimiyyətdə olduğu dövrdə şiddət və güc ritorikasını cəmiyyətdə onlar kimi düşünməyən hər kəsə qarşı tətbiq edirdi: “Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə çıxışı zamanı AXC-Müsavat hakimiyyətinin çirkin əməlləri haqda danılmaz faktları açıqladı.AXC-Müsavat cütlütyü Ulu Öndər Heydər Əliyevin həm beynəlxalq, həm də ölkədaxili nüfuzundan o dərəcədə qorxurdular ki, onun rəhbərliyi altında yaradılacaq. Yeni Azərbaycan Partiyasının təsis konfransını keçirmək üçün Bakı şəhərində yer ayırmadılar. Məlum olduğu kimi, 500-dən çox nümayəndə olduqca çətin şərtlər altında, blokada şəraitnində olan Naxçıvana yollanaraq təsis konfransını orada keçirməyə nail oldular. Onlar hətta Heydər Əliyevin hüquqlarını müdafiə komitəsinin mətbuat konfransına o dövrün daxili işlər nazirinin himayəsində olan “Bozqurd”çuların basqınını təşkil edərək görkəmli akademiklərimiz Fərəməz Maqsudov və Ziya Bünyadova güc tətbiq etmiş, həbsə atmışdılar”.

Deputat vurğulayıb ki, ölkədə terror və qorxu mühiti yaratmaq üçün “xüsusi səlahiyyətlər” verilmiş o dövrün Daxili İşlər naziri İsgəndər Həmidovun müxalif partiyaların televiziya debatı zamanı studiyaya etdiyi basqın, müxalif partiya liderinin döyülərək avtomobilin yük yerinə salınması, baş redaktora qəzet yedizdirilməsi, cənub zonasında dinc sakinlərə qarşı həyata keçirilmiş “subtropik əməliyyatı” AXC-nin “demokratik idarəçiliyinin” yalnız bəzi nümunələridir:“Kriminogen durum o qədər gərginləşmişdi ki, başına 10 nəfər silahlı toplayan hər kəs Bakıda və əyalətlərdə hüququ və qanunu əvəz edirdi. İmkanlı şəxslərin evlərinə polis tərəfindən qanunsuz baxışlar həyata keçirilir, bəzən isə açıq şəkildə talanırdı.

Belə idarəçiliyin faciəli nəticələri özünü çox da gözlətmədi. Ermənistanla aparılan müharibədə ciddi məğlubiyyətlər və itkilər ard-arda gəlməyə başladı. 1993-cü ilin aprelində müharibənin sonrakı gedişatına birbaşa öldürücü təsir göstərəcək mühüm strateji əhəmiyyətli Kəlbəcər rayonu itirildi.

Bütün bu faciələrin birbaşa günahkarlarından olan Əli Kərimli indi “cəsarət”, “sədaqət” və s. bu kimi ali kateqoriyalardan dəm vurur.

Əvvəlcə “sədaqət” barədə. AXC hakimiyyətinin funksionerlərinin böyük əksəriyyəti Azərbaycan Milli Elmlər Akademiyasının elmi işçiləri və ya əməkdaşları idi. Lakin hakimiyyətə gəldikdən sonra ilk işlərindən biri AMEA-nı bağlamaq və ləğv etmək istiqamətində cəhdlər göstərmək oldu. Yalnız ölkənin elmi ictimaiyyətinin ciddi etirazlarından sonra bu üzdəniraq təşəbbüsün qarşısı alındı. Yəqin ki, bu cəhdin səbəbi uzun illər bu qurumda çalışaraq ortaya heç bir sanballı elmi əsər qoya bilməyən cəbhəçilərin bu idarədən almaq istədikləri qisas hissindən qaynaqlanırdı.

Bəzən AXC-Müsavat cütlüyünün hakimiyyətdə olduğu bir ilin bütün əsas problemlərin mənbəyi kimi göstərilməsinə qarşı çıxılır. Halbuki, bəzən nəinki bir il, hətta bir ay və bir həftə belə bir xalqın tarixində taleyüklü rol oynaya bilər.

Əli Kərimlinin isə fərdi sədaqət hissini yəqin ki, Azərbaycan cəmiyyətində bilməyən yoxdur. “Xəbərçilik” fəaliyyətinə BDU-da komsomol katibi olduğu zaman rektora göstərdiyi xüsusi xidmətlərlə başlayan bu şəxs dostlarını sataraq özünə karyera quranlardandır. Daha sonrakı mərhələdə mənsub olduğu siyasi təşkilatın qarşısında səcdə etdiyi liderinə xəyanət edərək onun haqqında mətbuata rüsvayedici məlumatlar ötürməyə başladı. Məqsəd onu devirib təşkilat rəhbəri olmaq idi. Sonradan zamanla bu pis vərdişini daha da “inkişaf” etdirərək, öz ölkəsindən qərb dövlətlərinə və beynəlxalq təşkilatlara çuğulçuluq etməyə başladı. Görünür, bu xarakter onda daimidir və atalar demişkən - qozbeli qəbir düzəldər".

Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Cavid Osmanov hafta.az-a açıqlamasında deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə çıxışında bir sıra önəmli məqamlara toxundu. Prezident xatırlatdı ki, 1990-cı illərin əvvəllərin Azərbaycanda hakimiyyət çəkişməsi gedirdi. Ölkədə xaos, anarxiya hökm sürürdü.

C.Osmanov bildirib ki, belə bir vaxtda AXC-Müsavat cütlüyü qanunsuz olaraq hakimiyyətə gəldi: “Həmin müddətdə də ölkənin başına gətirilən bəlaları hər kəs bilir. Azərbaycanın 20 faiz torpaqlarının işğal olunmasında onların rolu az deyil. Faktiki olaraq ölkədə vətəndaş müharibəsi baş alıb gedirdi. Ölkə müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə idi. Bu vəziyyətdən istifadə edən separatçılar ölkədə özlərinə müstəqil respublika yaratmağa cəhd edirdilər.

Dövlət başçısı haqlı olaraq xatırlatdı ki, AXC-Müsavat cütlüyünün rəhbərliyində təmsil olunanların əksəriyyəti kiçik elmi işçilər olub. Heç bir müəssisəni idarə etməyən bir şəxsi ölkə prezidenti qoymuşdular. Ali Sovetin sədri kiçik elmi işçi olub, 11 il dissertasiyanı müdafiə edə bilməyib. O vaxtkı hakimiyyətin baş naziri Pənah Hüseyn əvvəllər küçə alveri ilə məşğul olurdu. Ölkənin müdafiə naziri Rəhim Qazıyev də demoqoq, küçə adamı idi. O demişdi ki, Şuşa işğal olunsa, başıma güllə vurub, özümü öldürəcəyəm. Elə Şuşa da onların vasitəsilə ermənilərə verildi. Sonra da utanmaz-utanmaz dedi ki, özümü öldürsəm, Şuşanı kim alacaq? O, bu gün də ölkəyə qarşı olan təxribatlarda iştirak edir. Onlar ölkənin iqtisadiyyatını talan edərək özlərinə biznes qurmaqla məşğul idilər. Dövlət katibi vəzifəsində çalışmış Əli Kərimli də satqınlıq missiyasını həyata keçirirdi. O, sonralar öz prezidentini, partiyasını satdı. Dövlət katibi ölkənin müstəqilliyini də satmağa hazır idi.

Daxili işlər naziri İsgəndər Həmidov da vəzifəsindən sui-istifadə edərək yanındakı qoçular vasitəsilə ayrı-ayrı adamları döyməklə məşğul idi. Sonra da utanmayaraq bunu bəyan edirdi. Bunların hamısı təsadüfi, küçə adamları idi. Çətinə düşən kimi də qaçdılar".

Deputat vurğulayıb ki, həmin insanlar bu gün də çalışırlar ki, ölkədə anarxiya və xaos yaratsınlar: "Erməni lobbisindən dəstək alaraq təxribatlar törətməyə cəhd göstərirlər. Amma xalq onları bir dəfə görüb, yaddan çıxarmaz. Onlar Heydər Əliyevə yalvarırdılar ki, Bakıya gəlsin, hətta 3 dəfə helikopter də göndərmişdilər. Xalqın təkidli tələbi ilə Heydər Əliyev Bakıya gəldi və xalqı xilas etdi. O, xilaskarlıq missiyasını üzərinə götürərək xalqı bəlalardan qurtardı, atəşkəs elan olundu, “Əsrin Müqaviləsi” imzalandı”.

C.Osmanovun fikrincə, hər kəs bilməlidir ki, ölkənin inkişafı, nüfuzlu dövlətə çevrilməsi asan başa gəlməyib: “Bunu canımız, qanımız bahasına əldə etmişik. Azərbaycan, artıq dünyada söz sahibidir, beynəlxalq layihələrdə yaxından iştirak edir. Ölkəmiz logistika mərkəzinə çevrilib. Bu gün Azərbaycanda Heydər Əliyev siyasi kursu uğurla davam etdirilir. Prezident İlham Əliyev insanların sosial-rifah halının yaxşılaşdırılması istiqamətində çox ciddi addımlar atır. Azərbaycan dünyada ən islahatçı ölkələr sırasındadır. Prezident İlham Əliyevin şəxsi nüfuzu sayəsində ölkəmiz dünyada bir çox uğurlara imza atıb”.

YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov isə bildirib ki, əvvəla, AXC-Müsavat hakimiyyətinin Azərbaycana vurduğu ən böyük zərər torpaqlarımızın işğal olunmasıdır.

Millət vəkili bildirib ki, onların səriştəsizliyi, təcrübəsizliyi, vətənə xəyanəti, heç bir iş bacarmaması və bacarmadıqları halda böyük iddialarda olmaları təəccüb hissi doğurur: “Artıq Qarabağ münaqişəsi 30 ildir ki davam edir. Bizim inkişafımızı, bizim hər bir addımımızda kürəyimizdən vurulan böyük zərbəni, xəyanəti məhz onlar edib. Onların törətdiyi əməllər bunlardan ibarətdir. Bu səbəbdən biz Qarabağ münaqişəsini yaşayırıq”.

Deputat vurğulayıb ki, hazırda torpaqların işğaldan xilas olunması üçün Prezident İlham Əliyev çox böyük addımlar atır: “Düşünürəm ki, AXC-Müsavat cütlüyü iqtidarda çox yox, bir ay da artıq qalsaydı bugünkü müstəqil Azərbaycandan söhbət gedə bilməzdi. Əli Kərimli kimi satqınlar, Rəhim Qazıyev kimi xəyanətkarlar bu gün də ölkədə siyasi ab-havanın bulanmasını istəyirlər. Rəhim Qazıyev öz başına güllə çaxmaq əvəzinə, hələ də küçələrdə mitinq adı altında öz çirkin əməllərini həyata keçirməyə çalışır”.

Milli Məclisin deputatı, tarixçi Musa Qasımlı bildirib ki, Prezident İlham Əliyevin Sumqayıtda çıxışı gerçəklikləri əks etdirir. Həqiqətən də o dövrdə Azərbaycanda xalq ilə hakimiyyət arasında dərin uçurum yaranmışdı. Azərbaycanın müstəqilliyi təhlükə altına düşmüşdü: “Həmin dövrdə Azərbaycanın xaricdən dəstəklənən separatçılıqla və vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığını deyən deputat söyləyib ki, belə bir şəraitdə çarəsiz qalan hakimiyyət xalqın tələbi ilə Naxçıvandan Ulu Öndər Heydər Əliyevi Bakıya dəvət etdi: "Ulu Öndərin Heydər Əliyevin Bakıya dəvət edilməsi müstəqil Azərbaycan dövlətçiliyini dağılmaqdan xilas etdi, xalqı vətəndaş müharibəsi təhlükəsindən qorudu və gerçək dövlət quruculuğuna başlanılıb".

Tarixçi qeyd edib ki, mərasimdə Azərbaycan Prezidenti haqlı olaraq Sumqayıt hadisələrini erməni millətçilərinin təxribatı adlandırdı: "Dövlət başçısı "Artıq neçə ildir ki, erməni millətçiləri Sumqayıt şəhərinə qara yaxmaq, ləkə vurmaq istəyirlər. Tamamilə əsassızdır və cəfəngdir. Tam məsuliyyətlə deyirəm ki, Sumqayıt hadisələrini törədən erməni millətçiləridir və erməni dəstələridir" deməklə, bu hadisələri yenidən olduğu kimi ictimaiyyətə xatırlatdı".

Prezident İlham Əliyev Sumqayıt hadisələri ilə bağlı fikirlərinə toxunan M. Qasımlı qeyd edib ki, dövlət başçısı məhz bu çıxışı ilə həm Sumqayıt hadisələrinin, həm də erməni xislətinin əsl mahiyyətini açıqladı.

Siyasət rubrikasından digər xəbərlər