Xəlifə Haftar Liviyaya dair Berlin konfransında iştirak etməyə razılıq verib

17:24 16.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Liviya Milli Ordusunun komandanı Xəlifə Haftar Liviya böhranının nizamlanması üzrə yanvarın 19-da Berlində keçirilməsi nəzərdə tutulan konfransda iştirak etməyə razılaşıb.

Al Hadath telekanalının yaydığı məlumata görə, Haftar konfransa qatılmağa razı olduğunu Almaniya Xarici işlər nazirinə bildirib. Almaniya XİN-in başçısı Hayko Mass Haftarla danışıqlar aparmaq üçün bu gün Liviyanın şərqində yerləşən Benqazi şəhərinə gedib.

Bir qədər əvvəl Al Jazeera telekanalı məlumat vermişdi ki, Liviya Milli Həmrəylik Hökumətinin rəhbəri Faiz Sarrac da Berlin konfransında iştirak edəcəyini təsdiqləyib.

Almaniya 2011-ci ildə Müammar Qəddafinin öldürülməsindən sonra xaosun və faktiki olaraq ikihakimiyyətliliyin hökm sürdüyü Liviyada vəziyyətin nizamlanması üzrə Berlində konfrans keçirməyi planlaşdırır. Konfransda Rusiya, Türkiyə, Böyük Britaniya, Çin, ABŞ, Fransa, Əlcəzair, Birləşmiş Ərəb Əmirlikləri və Misirin dövlət başçıları səviyyəsində iştirak edəcəyi gözlənilir.

Xatırladaq ki, yanvarın 13-də Liviyada münaqişə tərəflərinin Rusiya və Türkiyənin Xarici İşlər və Müdafiə nazirlərinin iştirakı ilə Moskvada apardığı danışıqlar nəticəsiz başa çatmış, Xəlifə Haftar yekun sənədə imza atmamışdı.

Ötən həftə isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin Liviyadakı bütün tərəfləri döyüşləri dayandırmağa çağırmışdılar.

Oxunma sayı 210