Xəstəliyin yoluxma qabiliyyəti əvvəlkinə nisbətən daha çoxdur - infeksionist

10:53 01.12.2020 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Son günlər ölkə ərazisində koronavirusa yoluxma halları kəskin şəkildə artıb. Hazırda əksəri Bakıda olmaqla ölkənin dörd bir yanında, onlarla xəstəxanada koronavirusa yoluxmuş xəstələr müalicə olunur. Görəsən hazırda bu xəstəxanalarda vəziyyət necədir? Xəstələrdə sıx rast gəlinən əsas simptomlar hansılardır? Uşaqların və böyüklərin sağalma mərhələsi nə cürdür?

Bu və digər suallara aydınlıq gətirmək üçün hafta.az-ın əməkdaşı koronaviruslu xəstələrlə işləyən həkimlərimizə müraciət etdi. İlk olaraq suallarımızı həkim-infeksionist Nicat Əzimli cavablandırdı:

-Nicat bəy son zamanlar virusa yoluxmada müşahidə edilən artmaya səbəb nə ola bilər?

-Son vaxtlar vətəndaşlarımız arasında müşahidə edilən yoluxma sayındakı çoxalmanın bir neçə müxtəlif səbəbi var. İlk növbədə onu deyə bilərəm ki, xəstəliyin yoluxma qabiliyyəti yüksəkdir. Növbəti səbəb isə, mövsümlə əlaqədar bütün respirator xəstəliklərdə müşahidə edilən yoluxma artımıdır. Elə koronavirus da, respirator xəstəlik olduğu üçün, indi daha kəskin yayılır, bu gözlənilən idi. Üçüncü səbəb isə ondan ibarətdir ki, bu qədər yüksək yoluxma qabiliyyəti  olan xəstəlikdə riayət edilməsi mütləq olan tədbirlər var ki, insanlar buna əməl etməlidir. Bu həssaslığı əhali tam olaraq göstərmir. Maska, sosial məsafə və təmizlik -bu üç prinsip var ki, ona mütləq əməl edilməlidir. Əhalinin bir qismi təəssüflər olsun ki, buna riayət etmir. Hər bir fərdin nümayiş etdirdiyi məsuliyyətsiz davranış təbii ki, yoluxma sayına bir başa təsir göstərir.

-Mart ayında yayılan virusla, hazırki covid-19 arasında hansısa dəyişiklik var?

-Buna şəxsi təcrübəm əsasında rəy bildirməyim, mövzuya bir o qədər obyektiv yanaşma olmaz. Lakin, bütün dünyada aparılan araşdırmalar göstərir ki, xəstəliyin yoluxma qabiliyyəti və proqressiv gedişatı əvvəlkinə nisbətən daha çoxdur. İnsanlar virusa daha tez yoluxa bilirlər, və xəstəlik prosesi əvvəlkinə nisbətən daha ağır formada keçir. Öz şəxsi təcrübəmə əsasən bunu deyə bilərəm ki, xəstə sayındakı artış səbəb olur ki, tibb müəsisələrinə ən ağır xəstələr qəbul edilsin. Təbii ki bu da, biz həkimlərin də işini çətinləşdirir.

-Xəstələrdə ən sıx müşahidə edilən əsas simptomlar hansılardır? Daha əvvəl bu quru öskürək və qızdırma idi.

-Təbii ki, hər zaman xəstəliyin əsas əlaməti qızdırmadır. Bəzi xəstələrdə boğaz ağrısı da olur. Baş ağrısı, halsızıq, ən inkişaf etdiyi mərhələdə isə tənginəfəslik, nəfəs darlığı, boğulma virusa yoluxmuş şəxslərdə sıx müşahidə edilən başlıca əlamətlərdən hesab edilir.

-Xəstə hansı hallarda həkimə müraciət etməlidir? Virus testi nə zaman edilir?

-Yuxarıda sadaladığım simptomlar var ki, buraya başqalarını da, əlavə etmək olar, əlamətlər əsasən xəstədən-xəstəyə dəyişir. İnsanlar özlərində bunlardan hər hansısa birini hiss edildikdə mütləq mütəxəssisə müraciət etməlidir.

-Evdə müalicə alan xəstələr daha çox nələrə diqqət etsinlər, onların müalicəsi hansı formada həyata keçirlməlidir?

-Evdə müalicəsi davam edən xəstələrə sahə həkimləri nəzarət edir. Onlar da bəlli bir protokol üzərindən, müəyyən preparatlar vasitəsi ilə müalicəni aparırlar. Bu şəxsi fikrimiz əsasında deyəcəyimiz bir şey deyil, bu artıq qəbul edilmiş bir protokoldur. Ev şəraitində antiviral, antibakterial, vitaminaterapiya və digər üsullarla müalicə tətbiq edilir.

-Hazırda viruslu xəstələrə xidmət göstərən tibb müəssisələrində vəziyyət necədir?

-Virusa yoluxma hallarının artması biz həkimlərin də işində çətinlik yaradır, tibb müəsisələrində çoxlu sayda xəstələr müalicə alır. Bu da sıxlığın, yaranmasına gətirib çıxarır.

-Uşaqlarda yoluxma hansı səviyyədədir, tez-tez rastlaşdığınız bir vəziyyətdir?

- Onu deyə bilərəm ki, uşaqlarda, xüsusən də körpələrdə ilkin olaraq özünü göstərən simptom onların yeməkdən imtina etməsidir. Sonra təbii ki, uşaqda da qızdırma, boğaz ağrısı, müşahidə edilə bilər. Əgər xəstəliyi kəskin keçirirsə, növbəti mərhələlərdə, tənginəfəslik, boğulma halları da baş verə bilər.

- Son olaraq, insanlara nələri tövsiyə edərdiz?

-Daha əvvəl də qeyd etdiyim kimi, maska, məsafə və təmizlik. Bu üç əsas prinsip çox bəsit bir qaydadır, hansı ki, buna hər bir fərd riayət etsə, bu ən böyük məbləğlərin xərclənməsindən, dövlət səviyyəsində görülən tədbirlərdən daha kəsərlidir. Bu bizə, pandemiyanın gücünü azaltmaqda böyük köməklik edər. Təbii ki,  yoluxmanı sıfıra endirə bilmərik. Lakin, ən azından xəstəxanalardakı yüklənməni aradan qaldıra, insanların daha keyfiyyətli müalicə ala bilməyini təmin edə bilərik. Bunun üçün də hər bir fərd, sadalanan qaydalara, tətbiq edilən qanunlara əməl etməlidir.

Oxunma sayı 2533