Xəzərin çirklənmə səviyyəsində azalma müşahidə olunur

19:57 06.05.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Xəzər dənizinə antropogen təsirlərin müəyyən edilməsi və dəniz suyunun çirklilik səviyyəsinin öyrənilməsi məqsədilə növbəti monitorinq dənizin Binəqədi, Sabunçu, Xəzər rayonlarını və Sumqayıt şəhərini əhatə edən ərazilərində keçirilib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənovun bildirdiyinə görə, eyni zamanda, Kürdəxanı və Zığ qəsəbələrindən dənizə tullantı sularının axıdılması ilə bağlı nazirliyə daxil olan şikayətlər də araşdırılıb. Onun sözlərinə əsasən, Kürdəxanı və Zığ qəsəbəsindəki axarlardan götürülmüş su nümunələrinin təhlili həmin ərazilərdə çirklənmə səviyyəsinin normadan artıq olduğunu göstərib. Ümumilikdə aparılan monitorinqlərin nəticəsində bəzi ərazilərdə dəniz suyunun çirklənmə səviyyəsində cüzi azalma müşahidə edilib. Bu da karantin dövründə ictimai-iaşə obyektlərinin işləməməsi ilə əlaqədardır.

İdarə rəisi qeyd edib ki, hələ də bəzi yerlərdə dəniz suyunda çirklənmə göstəriciləri normadan artıqdır. Buna səbəb isə ərazilərdə mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsinin olmaması və yaşayış massivlərində formalaşan tullantı sularının təmizlənmədən Xəzər dənizinə axıdılmasıdır. Belə halların çimərlik mövsümünədək aradan qaldırılması üçün çirkləndiricilərə nazirlik tərəfindən müvafiq tapşırıqlar verilib, xəbərdarlıq-bildiriş məktubları göndərilib.

Yeri gəlmişkən qeyd edək ki, “Ətraf mühitin mühafizəsi” haqqında qanuna görə, müəssisələrin, qurğuların və istehsal obyektlərinin yerləşdirildiyi ərazilər ətraf mühitin mühafizəsi, təbii resursların səmərəli istifadə və bərpa şərtləri, qaydaları gözlənilməklə göstərilən obyektlərin fəaliyyətinin ekoloji aqibəti nəzərə alınaraq müəyyən edilir. Müəssisələr, qurğular və başqa istehsal obyektləri yerləşdirildikdə, sanitariya-mühafizə və digər mühafizə zonaları müəyyən edilir. Sənəddə qeyd olunub ki, müəssisələrin, qurğuların və başqa obyektlərin tikintisi və yenidən qurulması zamanı ətraf mühitin keyfiyyət normativlərinə riayət olunmalıdır. Təsdiq edilmiş layihənin və ya işlərin smeta sənədlərində göstərilmiş dəyərinin ətraf mühitin zərərinə olaraq dəyişdirilməsinə yol verilmir.Tikinti işləri aparıldıqda torpaqların rekultivasiyası, təbii resursların bərpası və səmərəli istifadəsi, ərazilərin abadlaşdırılması və ətraf mühitin sağlamlaşdırılması üzrə tədbirlər görülməlidir.

Bundan başqa, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər, o cümlədən vəzifəli şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

“Ətraf mühitin mühafizəsi” haqqında qanunvericiliyin pozulması nəticəsində vurulan zərərin ödənilməsi məsələsinə gəlincə, ətraf mühitə, insanların sağlamlığına, təşkilatların, vətəndaşların və dövlətin mülkiyyətinə (əmlakına) zərər vurmuş hüququ və fiziki şəxslər qüvvədə olan qanunvericiliyə uyğun vurulmuş zərər ödəməlidirlər. Ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulan zərərin ödənilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş məzənnələr və metodlarla hesablanma qaydalarına uyğun könüllü və ya məhkəmənin qərarı əsasında, bu hallar olmadıqda isə itkilər nəzərə alınmaqla, ətraf mühitin pozulmuş vəziyyətinin bərpasına lazım olan faktiki xərclər həcmində həyata keçirilir. Zərərin ödənilməsinə görə alınan məbləğlər ətraf mühitin mühafizəsi fondlarına, qanunvericiliklə müəyyən edilmiş hallarda isə zərər çəkmiş hüquqi və ya fiziki şəxsin hesabına köçürülür. Ətraf mühitə təhlükəli təsir edən fəaliyyətlə məşğul olan hüquqi və fiziki şəxslər, onların təqsiri müəyyən edildikdə ətraf mühitə vurulmuş zərəri ödəməlidirlər.

Digər tərəfdən, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vətəndaşların həyatına və əmlakına vurulmuş zərər, zərər çəkənin əmək qabiliyyətinin itirilməsi dərəcəsi, onun müalicəsi və sağlamlığının bərpası üçün tələb olunan xərclər və itkilər nəzərə alınmaqla tam həcmdə ödənilməlidir. Vətəndaşların sağlamlığına və əmlakına vurulmuş zərərin həcminin müəyyən edilməsi qüvvədə olan qanunvericiliyə uyğun, zərərin ödənilməsi isə məhkəmənin qərarı əsasında həyata keçirilir. Ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulmuş zərər Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada ödənilir.

Onu da bildirək ki, İnzibati Xətalar Məcəlləsinin doqquzuncu fəsilində ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalar təsbit olunub. Həmin məcəllənin 76-cı maddəsində qeyd edilib ki, ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək miqdarda, hüquqi şəxslər yeddi min beş yüz manatdan on iki min beş yüz manatadək miqdarda cərimə edilir. Ətraf mühitin mühafizəsi məqsədilə səs-küyün, vibrasiyanın, elektromaqnit sahələrinin səviyyəsinin, radioaktiv şüalanmanın və başqa zərərli fiziki təsirlərin yol verilə bilən son hədlərinin normativlərinin pozulmasına görə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda, hüquqi şəxslər on min manatdan on iki min beş yüz manatadək miqdarda cərimə edilir.

Yeri gəlmişkən, hazırda Xəzərin ekoloji vəziyyəti qənaətbəxş hesab edilmir. Mütəxəssislərin fikrincə, dənizin şelf zonasında problem daha kəskindir, artıq bu ərazilərdə ölü zonalar yaranıb. Bəzi yerlərdə çirkləndiricilərin qiyməti normanı 10-20 dəfə aşır. Xəzərin çirklənmə mənbələri isə olduqca müxtəlifdir. Bununla daha çox Xəzərə axan çaylar vasitəsi ilə gələn çirkləndiricilər, sahil zonasında yerləşən şəhərlərdən və sənaye obyektlərindən çirklənmə, dənizdə neft hasilatı və nəqli ilə əlaqədar çirklənmə, Xəzər dənizi səviyyəsinin qalxması nəticəsində sahil zonasında su altında qalmış mənbələrdən çirklənmə aiddir.

Bu çirklənmə mənbələri içərisində birinci yeri Xəzərə axan çaylar vasitəsi ilə gətirilən çirkləndirmə tutur. Məlumatlara görə, çaylar vasitəsi ilə Xəzər dənizinə ildə 75 milyon ton neft məhsulları gətirilir və bunun 95 faizi Volqa çayının payına düşür. Digər tərəfdən, dənizdə neft quyularının, eskadalarının tikintisi və boru kəmərlərinin çəkilməsi həyata keçirilib. Artıq bu qurğuların çox hissəsinin istifadə müddəti başa çatıb. Köhnəlmiş texniki qurğular korroziyaya uğruyaraq dənizi çirkləndirir. Dənizdə fəaliyyət göstərən müəssisələrin balansında olan özüllərin əksəriyyəti istismara yararsız vəziyyətdə dəniz akvatoriyasında atılaraq qalmaqdadır. Xəzər dənizinin çirklənməsində neft emalı müəssisələrində neftlə çirklənmiş suların tam təmizlənmədən dənizə axıdılması da rol oynayır.

Təbii ki, su mühitinin Xəzərsahili ölkələrin neft hasilatını artırması nəticəsində ifrat çirklənməsi balıq sənayesinə ciddi ziyan vurur. Xəzər dənizi üçün ən təhlükəli çirklənmə tərkibində zərərli kimyəvi maddələr olan tullantılarla çirklənmədir.

Bunlardan neft karbohidrogenlərini, karbonukleidləri, xlor üzvi birləşmələri və ağır metalları göstərmək olar. Kimyəvi maddələr suyun və qruntun tərkibini dəyişdirir. Bu da öz növbəsində Xəzər dənizinin flora və faunasına öldürücü təsir göstərir.

Digər tərəfdən, səviyyəsinin dəyişməsi problemi - Xəzər dənizi səviyyəsinin dəyişməsi sahil zonasında həmişə sosial-iqtisadi və ekoloji problemlər yaradıb. Məsələn, səviyyənin endiyi hallarda bütün hidrotexniki qurğuların, o cümlədən limanların yenidən tikilməsinə ehtiyac yaranır. Xəzər faunasının məskunlaşdığı və inkişaf etdiyi şelf zonasının sahəsi azalır, balıqların kürü tökmək üçün çaylara keçməsinə əngəl yaranır. Bu zonanın hidrometeoroloji rejimində də mənfi dəyişikliklər baş verir. Səviyyənin qalxdığı hallarda da sahil zonasının sosial-iqtisadi həyatına külli miqdarda ziyan dəyir, ekoloji şərait pisləşir, bataqlıqlar yaranır, evlər və torpaqlar su altında qalır.

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

Oxunma sayı 1154