Xəzərin ekosistemi təhlükə ilə üzləşə bilər

19:52 11.12.2019 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Son illər ərzində Xəzər dənizinin səth suyunun temperaturu yüksəlib. Temperaturun yüksəlməsinin davam etməsi dənizin ekosistemi üçün fəsadlar yarada bilər. Bu barədə Trend-ə AMEA-nın Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyası şöbəsindən məlumat veriblər.

Bildirilib ki, 2001-2015-ci illər ərzində Xəzər dənizinin səth suyunun temperaturu 0.35 dərəcə selsi, ildə isə orta hesabla 0,023 dərəcə selsi artıb.

Şöbənin apardığı tədqiqatların nəticələrinə görə, dənizdə temperaturun qalxıb-enməsi qeydə alınmalıdır. Amma Xəzərdə 15 il ərzində temperaturun enməsi deyil, ardıcıl olaraq, yalnız artımı müşahidə edilir: "Artım belə davam edərsə, dənizin ekosistemi üçün fəsadlar yarana bilər. Çünki səth sularının temperaturunun çox yüksəlməsi dənizin ekosisteminə çox mənfi təsir edir. Balıqlar, suitilər müəyyən temperatura alışırlar. Onların çoxalma dövrləri hansısa temperaturla müşayiət olunur. Əgər bu temperaturda 0,5, yaxud 1 dərəcə yüksəlmə olursa, onda fəlakət yaranır, onlar kütləvi şəkildə qırılırlar”.

Xəzərdə səth sularının temperaturunun yüksəlməsi əsasən, qlobal iqlim istiləşməsi ilə izah edilir: “Temperaturun yüksəlməsi hava ilə birbaşa təmasda olan suyun da temperaturunun yüksəlməsinə səbəb olur. Digər tərəfdən, Xəzər dənizinin suyunun səviyyəsinin enməsi də buna təsir edir”.

Məlumat üçün bildirək ki, Xəzər dənizi dünyanın ən böyük su hövzəsidir və dünya göl sularının 44 faizini təşkil edir. Səviyyə tərəddüdündən asılı olaraq 10-20 faiz dəyişməyə məruz qalır və orta hesabla 370 min km2 sahəni əhatə edir. Uzunluğu təqribən 1200 km, maksimal eni 466 km, minimum eni isə 204 km-dir. Xəzər dənizinin sahil xəttinin uzunluğu 7 min km-dir ki, onun da 955 km-i Azərbaycan Respublikasının payına düşür. Xəzər dənizinin su balansında əsas rolu dənizə tökülən 130-a qədər çay təşkil edir. Dənizin qidalanmasında 1380 min km2 hövzəsi olan Volqa çayının xüsusi əhəmiyyəti vardır . Bu çay vasitəsilə dənizə ümumi illik axar Volqa çayı 80 faiz, digər çaylar - Kür 6 faiz, Ural 5 faiz, Terek, Sulaq və Samur birlikdə 4,5 faiz, İran ərazisindən Səfidrud, Şirrud, Gürgan və s. 4,0-4,5 faiz təşkil edir. Xəzər dənizində axınlar mövcuddur ki, bunların da yaranmasına səbəb olan amillər əsasən küləklər, dəniz dibinin relyefi, sahil xəttinin konfiqurasiyası, dənizin müxtəlif sahələrinin suyunun temperatur fərqi, dənizə tökülən çaylardır.

Xəzər dənizinin sularının şəffaflığı ilin fəsli və coğrafi rayonundan aslı olaraq dəyişir. Dibin relyefi axınların istiqaməti və sürətinə əsaslı təsir göstərir. Dənizin dibinin relyefi üç əsas formada təzahür edir - şelf, materik yamacı və dəniz dibinin dərin çökəklik sahələri. Xəzər dənizində şelf zonası sahildən başlayaraq təxminən 100 metr dərinlikdə qurtarır. Şelf zonasından sonra materik yamacı başlayır.

Orta Xəzərdə bu zona 500-600 metr dərinliyində, Cənubi Xəzərdə isə 700-750 metrdə qurtarır. Xəzər dənizində iki dərin Dərbənd (788 m.) və Lənkəran (1025 m.) çökəklikləri qeydə alınıb. Coğrafi mövqeyinə görə Xəzər dənizi üzərində şimal-qərb, şimal və cənub-şərq küləkləri hökm sürür. Buna uyğun olaraq Xəzər dənizində şimal və şimal-qərbdən, cənub və cənub-şərqə və ya cənub-şərqdən şimal-qərbə və şimala doğru hərəkət edən dalğalar yaranır.

Xəzərin fauna və florasının özünəməxsus zənginliyi var. O başqa dəniz və göllərdən seçilir. Xəzərin faunası tipik dəniz faunasından ciddi fərqlənir və burada 920-yə yaxın heyvan növü, habelə 101 müxtəlif balıq növü və forması yaşayır. Bunlara nərəkimi balıqlardan olan 5 metrlik nəhəng bölgədən tutmuş 45 mm uzunluqda olan hirkanobus xul balığı da daxildir. Onlar başlıca olaraq çayların dənizlərə töküldüyü yerlərdən yuxarıda və nadir hallarda dənizdə rast gəlirlər.

Hazırda Xəzərin ekoloji vəziyyəti heç də qənaətbəxş sayılmır. Mütəxəssislərin fikrincə, dənizin şelf zonasında problem daha kəskindir, artıq bu ərazilərdə ölü zonalar yaranıb. Bəzi yerlərdə çirkləndiricilərin qiyməti normanı 10-20 dəfə artır. Xəzərin çirklənmə mənbələri olduqca müxtəlifdir. Bununla daha çox Xəzərə axan çaylar vasitəsi ilə gələn çirkləndiricilər, sahil zonasında yerləşən şəhərlərdən və sənaye obyektlərindən çirklənmə, dənizdə neft hasilatı və nəqli ilə əlaqədar çirklənmə, Xəzər dənizi səviyyəsinin qalxması nəticəsində sahil zonasında su altında qalmış mənbələrdən çirklənmə aiddir.

Bu çirklənmə mənbələri içərisində birinci yeri Xəzərə axan çaylar vasitəsi ilə gətirilən çirkləndirmə tutur. Məlumatlara görə, çaylar vasitəsi ilə Xəzər dənizinə ildə 75 milyon ton neft məhsulları gətirilir və bunun 95 faizi Volqa çayının payına düşür. Digər tərəfdən, dənizdə neft quyularının, eskadalarının tikintisi və boru kəmərlərinin çəkilməsi həyata keçirilib. Artıq bu qurğuların çox hissəsinin istifadə müddəti başa çatıb. Köhnəlmiş texniki qurğular korroziyaya uğruyaraq dənizi çirkləndirir. Dənizdə fəaliyyət göstərən müəssisələrin balansında olan özüllərin əksəriyyəti istismara yararsız vəziyyətdə dəniz akvatoriyasında atılaraq qalmaqdadır. Xəzər dənizinin çirklənməsində neft emalı müəssisələrində neftlə çirklənmiş suların tam təmizlənmədən dənizə axıdılması da rol oynayır.

Təbii ki, su mühitinin Xəzərsahili ölkələrin neft hasilatını artırması nəticəsində ifrat çirklənməsi balıq sənayesinə ciddi ziyan vurur. Xəzər dənizi üçün ən təhlükəli çirklənmə tərkibində zərərli kimyəvi maddələr olan tullantılarla çirklənmədir.

Bunlardan neft karbohidrogenlərini, karbonukleidləri, xlor üzvi birləşmələri və ağır metalları göstərmək olar. Kimyəvi maddələr suyun və qruntun tərkibini dəyişdirir. Bu da öz növbəsində Xəzər dənizinin flora və faunasına öldürücü təsir göstərir

Digər tərəfdən, səviyyəsinin dəyişməsi problemi - Xəzər dənizi səviyyəsinin dəyişməsi sahil zonasında həmişə sosial-iqtisadi və ekoloji problemlər yaradıb. Məsələn, səviyyənin endiyi hallarda bütün hidrotexniki qurğuların, o cümlədən limanların yenidən tikilməsinə ehtiyac yaranır. Xəzər faunasının məskunlaşdığı və inkişaf etdiyi şelf zonasının sahəsi azalır, balıqların kürü tökmək üçün çaylara keçməsinə əngəl yaranır. Bu zonanın hidrometeoroloji rejimində də mənfi dəyişikliklər baş verir. Səviyyənin qalxdığı hallarda da sahil zonasının sosial-iqtisadi həyatına külli miqdarda ziyan dəyir, ekoloji şərait pisləşir, bataqlıqlar yaranır, evlər və torpaqlar su altında qalır.

Bu gün Xəzər dənizinin çirklənmədən qorunması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Azərbaycanda bu məsələyə xüsusi önəm verilir. Ölkəmizdə bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri 2007-ci ildən etibarən hər il ənənəvi olaraq qeyd olunan "Xəzər günü"dür. Bu tədbirlərin məqsədi insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, əhalinin bu sahədə şüur və təfəkkürünü inkişaf etdirməklə təbiəti qorumağın mümkünlüyünü diqqətə çatdırmaq, eyni zamanda, bu işə digər qurumları və əhalini də cəlb etməkdir.

Məsələyə münasibət bildirən ekoloq Telman Zeynalov hesab edir ki, Xəzər dənizi ilə bağlı ekoloji vəziyyətin yaxşılaşdırılması üçün vahid monitorinq qrupunun yaradılması və ora qeyri-hökumət təşkilatlarının ekspertlərinin daxil edilməsi vacibdir. Onun fikrincə xəzəryanı ölkələrin bu dənizdə çox böyük donanma saxlaması və hərbi gəmilərin müntəzəm olaraq öz ballast sularını dənizə tökməsi Xəzərin ekologiyasına mənfi təsir göstərir.

Ekspert həmçinin vurğulayıb ki, Xəzərdə suyun səviyyəsinin azalmasının səbəblərindən biri də quraqlıqdır. Onun sözlərinə görə, Xəzərdə suyun çəkilməsi həm təbii, həm də iqtisadi proseslərlə bağlıdır: “Yağıntıların miqdarı azalır. Bununla yanaşı, Rusiyada Volqa çayında tikilən hidrotexniki qurğular da burada rol oynayır. Bu qurğular enerjinin çox əldə olunması üçün çaydakı suyu çəkir. Buna görə də kanallara su az buraxılır. Bilirik ki, Volqa çayı da Xəzərə tökülür. Mən daha çox iqtisadi faktor üzərində dayanıram. Digər tərəfdən, Xəzərə axan çayların istiqamətinin başqa yerə yönləndirilməsi də problemlər yaradır”.

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

Oxunma sayı 51