“Xocalı – XX əsrin soyqırımı” adlı kitab sərgisi açılıb

16:39 25.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş “Xocalı – XX əsrin soyqırımı” adlı kitab sərgisinin açılış mərasimi və Səriyyə Müslümqızının “Onlar heç vaxt böyüməyəcəklər” və Meyxoş Abdullahın rus dilində nəşr olunmuş “Пленница…” (“Əsir qadın”) kitablarının, ”Xocalı soyqırımı” adlı elektron məlumat bazasının və Xocalı ilə bağlı hazırlanmış sənədli filmin təqdimatı olub. 

Hafta.az-ın məlumaına görə, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə reallaşan sərginin açılışından əvvəl kitabxananın direktoru Kərim Tahirov çıxış edərək Xocalı faciəsi haqqında məlumat verib. Direktor bildirib ki, Xocalı faciəsinin qurbanları ölkəmizdə və onun hüdudlarından kənarda da hər bir azərbaycanlı tərəfindən dərin hüznlə yad edilir. Azərbaycan tarixinin qanlı səhifəsi olan Xocalı soyqırımından 28 il ötməsinə baxmayaraq, hər birimiz bu faciəni ağrısını yaşayırıq. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt edib, yüzlərlə dinc sakin öldürülüb, şikəst edilib, qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalıb.

Xocalı qırğının təkcə Azərbaycan xalqına qarşı deyil, insanlıq əleyhinə törədilmiş cinayət olduğunu deyən Kərim Tahirov bu faciənin daha geniş miqyasda tanıdılması, soyqırımı aktı kimi qəbul olunması istiqamətində mühüm addımların atıldığını vurğulayıb. Bu baxımdan Heydər Əliyev Fondunun dəstəyi ilə bir çox ölkələrdə və şəhərlərdə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası Xocalı faciəsinin dünyada soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır.

Milli Kitabxananın direktoru qeyd edib ki, Xocalı faciəsi və onun qurbanları haqqında yüzlərlə kitablar nəşr edilib, yerli və xarici mətbuat səhifələrində yazılar dərc olunub. Meyxoş Abdullahın müəllifi olduğu “Пленница…” adlı romanı da rusdilli oxucular və xaricdə yaşayan soydaşlarımız üçün nəzərdə tutulub. Qarabağ faciəsini özündə əks etdirən bu kitab bütün dövrlər üçün tariximizin mühüm dönəmlərini xatırlatmaq, bilməyənlərə anlatmaq baxımından mühüm əhəmiyyətli mədəniyyət, ədəbiyyat hadisəsidir.

Bildirib ki, hələ Xocalı haqqında çox kitablar yazılmalı, xalqımızın başına gətirilən bu müsibətlər ədəbiyyatımızda layiqincə təbliğ olunmalı, gənc nəsil bu faciənin ağrı–acılarını tarixi faktlarla yanaşı, belə əsərlərdən də oxuyub öyrənməlidirlər.

Kitabın müəllifi Meyxoş Abdullah çıxış edərək romanın real hadisələr əsasında yazıldığını bildirib. O, Xocalıda baş verən hadisənin hər bir azərbaycanlıya təsir etdiyini, buranın Qarabağın yaralı yeri olduğunu söyləyib.

Nəşr haqqında fikirlərini bölüşən kitabın tərcüməçisi Təranə Məmməd gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, tariximizin təbliği üçün bu əsərin əhəmiyyətli olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən digər natiqlər Xocalı soyqırımının XX əsrin insanlıq əleyhinə yönəlmiş ən amansız cinayətlərindən, ən qəddar terror aktlarından biri olduğunu söyləyiblər.

Sonra tədbir iştirakçıları Xocalı faciəsini özündə əks etdirən Azərbaycan və digər dillərdə nəşr olunmuş kitab və dövri mətbuat materiallarını, fotoşəkilləri əhatə edən sərgi ilə tanış olublar.

Mədəniyyət rubrikasından digər xəbərlər